Əməkdar artist Əli Nur: "Orada ayaqqabı atmaq olmayıb, əsəbləşib, iradını bildirib"

24 Fevral 2015 00:20

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Əli Nurun Milli.Az-a müsahibəsi.
 

- Əli müəllim, teatrda hansı yenilikləriniz var?

- Bir vaxtlar Dövlət Kukla Teatrının bədii rəhbəri olmuş mərhum Rəhman Əlizadənin "Laləli düzən" əsərinin məşqləri gedir. Orada mən də şair rolunu oynayıram. Məndən başqa bu tamaşada Afaq Bəşirqızı da oynayırdı. Sonradan heyət dəyişdirildi. Quruluşçu rejissor Şərif Qurbanəliyevdir. "Laləli düzən" qara komediya janrındadır. Çox maraqsız olsa da, teatrın rəhbərliyi, rejissor istəyir ki, bu rolu mən oynayım. Əslində, bu rolu başqa aktyorlar da oynaya bilər, problem yoxdur. Məndən öncə başqa aktyorlara da verilmişdi.
 

- Kimlərə?

- Hikmət Rəhimova verilmişdi. Afaq Bəşirqızının yerinə də Tünzalə Əliyevanı gətiriblər. Amma deyim ki, akademik teatrın estetikasından uzaq əsərdir.
 

- Bəs nə əcəb bəyənmədiyiniz rolu oynamağa razılıq verdiniz?

- Direktor İsrafil İsrafilov da çağırdı, rejissor da dedi ki, sən olmasan, elə bil ki, bu tamaşa alınmayacaq. Ümumiyyətlə, mənə həmişə belə minnət qoyulub. Guya mən olmasam, o tamaşa alınmayacaq. Bu, nə ilə əlaqədardır, heç özüm də bilmirəm. Bundan əvvəl isə "Nadir şah"da birinci türk sultanı Sultan Mahmudu, Əmir Teymuru, Xarəzmşahı oynayırdım. Gümrah Ömər üç rolu birləşdirmişdi. Məşq prosesində çox danışırdım, rejissora rejissor sənətinin, quruluşun nə olduğunu, Nadir şahın kim olduğunu öyrətmək istəyirdim. Əslində, Nadir şah deyil, imperatordu. Tamaşada əksər aktyorlara üç-dörd rol verilmişdi. Mən ona dedim ki, ay bala, yetmiş aktyor "Azdrama"da var, otuzu da YUĞ-da. Niyə belə edirsən? Hər aktyora bir rol ver ki, əsər sanballı olsun.
 

- Həmin rolları da oynadınız?

- Yox, imtina etdim.
 

- Bəs sonra kim oynadı?

- Həmin tamaşada Ramiz Novruzdan başqa hamısı YUĞ-un artistləridir.
 

- Eşitdiyimə görə Ramiz Novruzla münasibətlərinizdə soyuqluq var...

- Teatrın pərdəarxası hadisələrini açıqlamaq istəmirəm. Ramiz Novruz intellektual, ağıllı aktyordu, həm də pyes yazır, dramaturgiyanı, rejissor sənətini mükəmməl bilir. Ümumiyyətlə, teatr sənətinin hərtərəfli bilicilərindən biridir. Amma onun rola münasibəti şəxsi işidir. Hər aktyora Nadir şahı oynamaq nəsib olmur. Akademik Milli Dram Teatrının ən böyük səhvi idi ki, Gümrah kimi təcrübəsiz, quruluş verməyi bilməyən rejissora "Nadir şah"ı həvalə etmişdi. Ağsu rayonunun Bizo kəndindən onuncu sinif şagirdini gətirsən, o da elə tamaşanı hazırlaya bilər. Gümrah "Maria Tüdor"u səhnələşdirmişdi. Bütün dünya Viktor Hüqonu yazıçı kimi tanıyır, amma fransızlar onu şair kimi qəbul edirlər. O, o qədər dahi yazıçı, böyük dramaturq, şair, ictimai xadim idi ki, Fransaya sığmırdı. Fransızlar onu şair kimi çox sevirlər. Çünki gözəl poemaları, şeirləri var. Bununla yanaşı o, Şekspir kimi dahilər dahisidir. Bu əsər sırf faciədir. Hadisələr dramatik deyil, tragikdi. Amma rejissor bunu melodrama - qadın məhəbbəti elədi. Melodrama və faciə ayrı-ayrı şeylərdi.
 

- Bəlkə yenilik gətirmək istəyib.

- Bu, səriştəsizlikdən, sənəti, janrı bilməməkdən irəli gəlir. Məsələn, Gümrah üçün fərqi yoxdur ki, Otellonu Ələsgər Ələkbərov oynadı, yoxsa yolla keçən çobanın biri. Belə adamlar üçün fərq etmir. Çünki rejissor estetikaları yoxdur. Həmin tamaşanın məşqində oturub iradlarımı deyirdim, aktyorlara tövsiyələrimi verirdim. YUĞ teatrında bu formada nəsə etmək olar. Çünki orada 10-15 tamaşaçı oturur.
 

- Amma bu gün bütün dünya yenilikləri qəbul edir.

- O, yenilik deyil.
 

- Bəs yenilik nədir?

- Yenilik hadisə olan gözəl tamaşadır. Tamaşaya yeniliyi rejissorun plastikası, fantaziyaları gətirir. İstəyirsən, antik əsəri qoy, istəyirsən, müasiri, ona yeni quruluş vermək rejissordan fantaziya istəyir. Rejissorun ideya və fantaziyası tamaşaçı tərəfindən uğurla qarşılanmalıdır. Yenilik o demək deyil ki, beşinci sinfin uşaqlarının bildiyi şeyi səhnədə qoyasan. Bu, sənət deyil, sənət hadisədir. Əsrlər boyu Azərbaycanda muğam, el məclisləri, pəhləvanlarımız olub. Amma Azərbaycan xalqına mədəniyyəti məhz teatr gətirib.
 

- Bu yaxınlarda xalq artisti Bəsti Cəfərova ilə gənc aktrisa Rada Nəsibova arasında qalmaqal yaşanmışdı, hətta yazılanlara görə o, gənc həmkarına ayaqqabı atıbmış. Siz də gənc rejissorun işini bəyənmirsiniz. Sanki, "Azdrama"nın yaşlı aktyor-aktrisaları gəncləri qəbul etmirlər, onları belə desək, burunlayırlar...

- Elə şey yoxdur. Bəsti Cəfərova Akademik Milli Dram Teatrına Əkrəm Əylislinin "Quşu uçan budaqlar" əsərində baş rolu oynamaqla gəlib. Bəsti həmin rolu elə oynadı ki, teatrın bədii rəhbəri və kollektiv, teatr ictimaiyyəti onu qəbul etdi. Yəni bu hadisəydi. Vaxtilə "Azdrama"ya gələn aktyorlar hamısı belə olublar. Orada ayaqqabı atmaq olmayıb, əsəbləşib, iradını bildirib. Bəstinin yerinə mən də olsaydım, əsəbləşərdim, bəlkə də tamaşadan çıxıb gedərdim.
 

- Niyə?

- "Azdrama" indi dönüb olub bazar. Kim istəyir girir, kim istəyir çıxır, kefi istəyən tamaşa qoyur, rol oynayır, ştata götürülür. Vaxtilə Rada kimi aktyorlar və aktrisalar fikirləşirdilər ki, biz, görəsən, o səhnəyə düşə bilərikmi?

- Rada Nəsibova zəif aktrisadır?

- Əlbəttə, zəif aktrisadır. Onun oynadığı rolu Şəhla Əliqızı iki saata əzbərlədi, çıxdı ondan da gözəl, baxımlı oynadı. Teatr sənətində aktyor, aktrisa o vaxt sənətkar kimi qəbul olunur ki, səhnəyə ilk dəfə çıxsa da, düşünəsən ki, bu rolu ondan savayı heç kim oynaya bilməz. Vaxtilə bunu bizim korifeylər ediblər. Biz səhnəyə çıxanda məsuliyət hiss etmişik və "Azdrama"ya özümüz gəlməmişik, seçib gətiriblər.
 

- Əksər aktyorlar seriallara çəkilir, amma sizi seriallarda görmürük...

- Azərbaycan teatrının evini yıxan o seriallardır da. Orada iti də çəkirlər, pişiyi də. Sənətdən xəbərsiz insanlar var ki, Mədəniyyət və İncəsənət Universitetinə pulla giriblər, pulla da oxuyublar, bitiriblər.
 

- Sizi seriala dəvət etmirlər?

- Bu dəqiqə əlimdə 100 səhifəlik ssenari var. Mən rejissorun kimliyinə, hansı aktyorların çəkildiyinə baxıb, sonra razılıq verirəm. Hər seriala razılıq vermək olmaz. Bu gün Azərbaycan dövləti beynəxlaq yarışlara idmançılar göndədir. Ən güclü boksçuları, güləşçiləri seçib ölkəmizi təmsil etmək üçün xaricə göndərirlər. Teatrda da belə olmalıdır. Amma indi "Azdrama"da belə deyil. YUĞ-un kollektivi gəlib "Azdrama"nın adıyla tamaşaya oxşayan nəsə oynayır. Təsəvvür edin ki, "Nadir şah" kimi tamaşa dərnək səviyyəsində səhnələşdirilib, baxıb xəcalət çəkirəm. Məşqlərdə otura bilmirdim. Gümrah kimiləri qayıqdan düşüb "Titanik"də oturublar. Amma başa düşmürlər ki, "Titanik"i qəzaya uğratmaq olmaz.
 

Elçin Tağıyev

Milli.Az