Kimin işığı yanmır? - YENİLƏNİB
22 Fevral 2015 16:15
16:15
"Elektrik enerjisinin verilməsilə bağlı yaranan problem yavaş-yavaş aradan qaldırılır. Hal-hazırda, demək olar ki, bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub. Yalnız Əhmədli və Günəşlidə işlər gedir. Bir saat ərzində həmin ərazilərdə də elektrik enerjisinin verilməsi təmin ediləcək".
Bunu Anspress-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, şəhərdə elektrik enerjisinin verilməsində çətinliklərin yaranmasına səbəb kəskin hava şəraiti olub. Bəzi yerlərdə güclü külək elektrik enerjisi dirəklərini əyib. Bəzi yerlərdə isə səbəb həddən artıq yüklənmə olub.
Qeyd edək ki, dünən gecə saatlarından etibarən Bakının bir çox yerlərində, həmçinin Sabunçu, Mehdiabad, Məhəmmədi, Balaxanı, Günəşli, Masazır, Saray, Digah qəsəbələrində, Xətai rayonu ərazisində elektrik enerjisi verilməsi kəsilib. Bundan başqa, Goranboy, Şirvan, Lerik rayonlarında da dünəndən elektrik enerjisi yoxdur.
---------
13:52
Qar yağar-yağmaz "Azərişıq" ASC-ni çətin vəziyyətə salıb.
Anspress-in məlumatına görə, kəskin hava şəraiti Bakının bir çox yerlərini işıqsız qoyub.
"Azərişıq" ASC-nin 199 qaynar xəttinə düşə bilməyən sakinlər anspress-ə müraciət edirlər. Daxil olan şikayətlərə əsasən demək olar ki, Bakıətrafı kənd və qəsəbələrin 90 faizinə dünəndən elektrik enerjisi verilmir.
Belə ki, Bakının Sabunçu, Mehdiabad, Məhəmmədi, Balaxanı, Günəşli, Saray, Digah qəsəbələrində, Xətai rayonu ərazisində yaşayan sakinlər dünən gecədən elektrik enerjisinin kəsildiyini bildirirlər. Sakinlər həmçinin qaz və su təchizatında da ciddi problemlərin olduğunu deyirlər.
Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinlərinin sözlərinə görə, dünən gün ərzində elektrik enerjisinin verilməsində fasilələr yaranmışdı. Lakin bu gün səhər 4-dən etibarən elektrik enerjisinin verilməsi dayandırılıb və hələ də bərpa edilməyib.
"Bir gün qarın yağması ilə bütün həyat iflic oldu, işıqlar sönüb. Yollar bərbad vəziyyətdədir. Evdə körpə uşaq, yaşlı anam var. Şikayət etməyə yer yoxdur. Heç bir qurum, qaynar xətt cavab vermir. Maraqlanmırlar", - deyə şikayətçilərdən biri bildirib.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev vəziyyəti inkar etməsə də açıqlama verə bilmədi...
-----------
10:24
"Hazırda Bakıda və ətraf qəsəbələrin əksəriyyətində enerji verilişi ilə bağlı ciddi problem yoxdur. Problem yaranmış ərazilərdə isə əməkdaşlarımız xətləri bərpa edirlər".
Bunu APA-ya açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T. Mustafayev qeyd edib ki, güclü külək, çovğunla əlaqədar hava veriliş xətlərində problemlər olub.
Mətbuat xidməti rəhbəri qeyd edib ki, artıq Bilgəh, Maştağa, Zabrat, Nardaran kəndlərində enerji verilişi tam bərpa edilib: "Sulutəpə, Xocahəsən, Binəqədi, Hovsan kəndlərinin də bəzilərində enerji verilişi bərpa olunub, bəzi yerlərdə isə əməkdaşlarımız xətləri bərpa etməklə məşğuldurlar".
Qeyd edək ki, dünən gecədən Bakıda hava şəraiti kəskin dəyişib. Günün ikinci yarısı güclü küləklə müşayiət olunan qar yağışı başlayıb.
Hava şəraitinin dəyişməsindən sonra Bakıda və ətraf kəndlərdə enerji verilişində müəyyən fasilələr yaranıb.
Milli.Az