Bakı qubernatorunun qətli

19 Fevral 2015 23:51

Milli.Az kultura.az-a istinadən Məmməd Süleymanovun yazısını təqdim edir 

Partlayan bombanın tüstüsü hələ çəkilməmiş, atlı kazaklar "Metropol" mehmanxanasının həndəvərindəki hadisə yerini əhatəyə alır. Qubernator başından ölümcül yaralanır.

1905-ci il mayın 11-də Bakıda gurultulu terror hadisəsi baş verir - Bakı qubernatoru Mixail Nakaşidze "Daşnaksütyun" partiyasının üzvü 22 yaşlı üzvü Dro (Drastamat) Kanayan tərəfindən qətlə yetirilir. Nakaşidze cəmisi 11 ay əvvəl bu vəzifəyə təyin edilmişdi və onun idarəçiliyi Bakı tarixinin ən qarışıq dövrlərindən birinə - erməni-müsəlman qırğınına - təsadüf etmişdi.

Kutaisi quberniyasının knyazlarının nəslindən olan Nakaşidze daha əvvəllər Şamaxı və Lənkəranda hakim işləmiş, 1873-cü ildən 1880-cı ilə qədər isə Bakı məhkəməsinin üzvü olmuşdu. Onun 59 yaşı vardı.

Hadisə baş verən gün Sankt-Peterburqda nəşr olunan "Russkoe Slovo" qəzeti Bakıdan xəbər verir:

"Ekipaja atılan bomba ilə Bakı qubernatoru knyaz Nakaşidze öldürülüb. Qətl şəhərin mərkəzində, Parapetdə baş verib. Ölüm ani olub. Hadisə yeri ordu tərəfindən dövrəyə alınıb. Mağazaların çoxu qapadılıb. Vəziyyət həyəcanlıdır. Yollarda atlı patrullar hərəkət edir. Hələlik sakitlikdir".

Knyaz Mixail Aleksandroviç Nakaşidze cəmisi Bakıya gəlməzdən əvvəl İrəvan quberniyasının vitse-qubernatoru kimi çalışmışdı. 1903-cü ildə imperatorun II Nikolayın əmri ilə erməni-qriqorian kilsələrində təftiş aparılanda və kilsələrin bütün əmlakı (kilsə məktəbləri də daxil olmaqla) mülki hakimiyyətin idarəçiliyinə veriləndə bu əmrin icrasına rəbərlik edənlərdən biri də Nakaşidze idi. Elə həmin il də daşnaklar onun barəsində ölüm hökmü çıxarırlar.

Nakaşidze 11 may günü günorta saat 3-də faytonla erməni kilsəsinin yaxınlığından keçərkən atılan bomba onun, cangüdəni Xaxari Takayşvilinin, habelə yoldan keçən 2 azərbaycanlının (Məşədi Qasım Əli oğlu və Həsən Qulam Mirzə oğlu) həyatına nöqtə qoyur. Faytonçu Məşədi Əziz isə yaralı halda xəstəxanaya çatdırılır və 7 gün sonra vəfat edir. Terror aktına görə məsuliyyəti "Daşnaksütyun" partiyasının Mərkəzi Komitəsi öz üzərinə götürür.

Məmməd Səid Ordubadi "Gizli Bakı" romanında hadisəni bu cür təsvir edir:

"Mehmanxanaya zəngin fayton yaxınlaşır. Satıcı onu görüb daha uca səslə qışqırır:

- Budur mənim alıcım! Gəl, utanma, madam, müftədir badam! Qovrulmuş noxud var!..

Qəfildən satıcı bərq vuran faytondakı şəxsi tanıyır - bu, qubernator Nakaşidze idi.

Əcdadlarının adətinə uyğun olaraq ovuclarını dizlərinə qoyur və baş əyir.

Ancaq ona başını bir də qaldırmaq qismət deyildi. Dəhşətli gücü olan partlayış təkcə Olqa küçəsində olanların yox, uzaqdakıların da qulaqlarını batırır. Partlayış yerində səkiyə pəncərə şüşələrinin çilikləri səpələnir. Yoldan keçənlər dəhşət içində yaxınlıqdakı küçələrə qaçışır.

Partlayan bombanın tüstüsü hələ çəkilməmiş, atlı kazaklar "Metropol" mehmanxanasının həndəvərindəki hadisə yerini əhatəyə alır. Qubernator başından ölümcül yaralanır. O, çevrilib böyrü üstə dayanan faytonun arxa oturacağında uzanaraq acgözlüklə havanı ağzına doldururdu - bu, canvermə idi..."

***

Nakaşidzenin qubernatorluğu Bakını sarsıtmış erməni-müsəlman qırğını dövrünə təsadüf edir. Bu qırğın isə Bakıda 1903-cü ildən başlayaraq yüksələn xətlə gedən fəhlə hərəkatını yatırmaq, fəhlələri bir-birinə qarşı qoymaq üçün çar Rusiyasının hakim dairələrinin hazırladığı çirkin taktikanın nəticəsi idi. Beləliklə, çarizm "İnqilab hidrası"nı milli qırğının köməyi ilə məhv edirdi. Cəfər Cabbarlının məşhur "1905-ci ildə" dramındakı "Atan kazaklardır" kəlməsi ümumi vəziyyəti çox dəqiq əks etdirir. İlk günlərdən görünürdü ki, hakimiyyət dairələri millətlər arasındakı qırğından çəkinmir, qurbanların sayı onları riqqətə gətirmirdi. Əsas məqsəd - İnqilab dalğasını yatırmaqdır. Bu məqsədlə də hakimiyyət daşnaklardan yararlanırdı, daşnaklar isə öz məqsədlərinə nail olmaq istəyirdi. Yəni, hər 2 tərəfin öz oyunu vardı, kimin daha çox fayda götürməsinə gəlincə isə, çarizm fəhlə hərəkatını bölməyə və səngitməyə nail oldu, ancaq "şüşədən çıxardığı cin"i - daşnakları yenidən "şüşəyə qaytarmağa" nail ola bilmədi.

Əlbəttə, ermənilərlə azərbaycanlılar arasındakı münasibətləri idillik saymaq olmazdı. Bu ziddiyyətlər barədə Kutaisi qubernatoru Staroselski ("Qafqaz dramı". 1906-cı il), Bakının polismeysteri Şubinski ("Knyaz Nakaşidzenin qətli". 1914-cü il) və başqalarının memuar və xatirələrində rast gəlmək olur. Ancaq xalqlar bir-birinə hər halda dözümlü münasibət sərgiləyirdilər. Və onların arasında qırğına aparıb çıxaran nifaqı salmaq, sonra isə təbliğat apararaq qırağa çəkilib durmaq hakimiyyət üçün çox da çətin olmadı. Məişət və milli zəmində lokal münaqişələrin olması yeni deyil. Ancaq bu cür məişət toqquşmalarından biri çarizmin məqsədli siyasəti sayəsində böyük milli qırğına çevrildildi.

Gennadi Qolovkov özünün "İnqilab və milli məsələ" kitabında arxiv materiallarına əsaslanaraq hadisələrin başlanğıcının mənzərəsini yaradıb. Yanvarın əvvəlində bir azərbaycanlı ilə erməni Çaxmazovun oğlu arasında münaqişə düşür. Çaxmazov erməni milyonçusu Lalayevə şikayətlənir. Lalayev muzdlu qatil M.Yenqayevə həmin azərbaycanlını öldürmək əmrini verir. Yenqayev də səhvən başqa bir azərbaycanlını öldürür. Öldürülən isə peşəkar qatil Bala Ağa Məmmədrza oğlunun qohumu çıxır. Bala Ağa qisas alaraq Yenqayevi qətlə yetirir və həbsə alınır.

Hər şey elə burda da bitə bilərdi. Ancaq Bala Ağa yanvarın 12-də istintaqdan türməyə iki erməni əsgərinin müşayiəti ilə qayıdarkən onlardan biri tərəfindən süngülənərək öldürülür. Hadisə onun qardaşı Kərbəlayi Fərruxun gözləri qabağında baş verir və o, Bala Ağanın qətlinin istintaqı üçün Bakı jandarm idarəsinin rəisinin adına ərizə yazır.

Yenə də hər şey ötüşə bilərdi, ancaq istintaq hələ davam edirkən varlı azərbaycanlı Ağarza Babayev yolda Bala Ağanın qatillərindən biri ilə rastlaşır və revolverini çıxararaq onun dalınca düşür. O, atəş açmağa imkan tapmamış oradakı başqa ermənilər onu güllələyir, cəsədinə bir neçə xəncər yarası da vururlar.

Ağarza Babayev Bakıda tanınmış şəxs idi. Onun cəsədini Suraxanı küçəsindəki evinə gətirən kütlə Vorontsov küçəsində yerli Texniki məktəbdə oxuyan erməni tələbə ilə qarşılaşır. Tələbəni öldürürlər və... cəmisi 1 saat sonra şəhərin müxtəlif küçələrində (xüsusən də Bazarnı və Vorontsov küçələrində) silahlar işə düşür...

Elə bu xronologiya da baş verənlərin hazır ssenari olduğuna eyham vurur. Hakimiyyət baş verənlərə göz yumur. Ona ciddi sosial mübarizənin, inqilabi fəhlə çıxışlarının alovunu söndürmək lazım idi. Qırğın günlərində Bakı küçələrindən əsgərlər də, kazaklar da qeyb olur. Hakimiyyət öz məqsədlərinə çatmaq üçün daşnakları istifadəyə buraxır - əsas olanı fəhlə tətillərini dayandırmaq, maaş tələblərini gündəmdən çıxarmaqdı. Topçubaşovun. "Kaspi" qəzeti həqiqəti yazmağa çalışanda, dərhal panislamizmdə ittiham olur, sosial-demokratlar fəhlələrə baş verənlərin motivini izah etməyə çalışanda isə emosiya səddini aşa bilmirlər.

***

Bu hadisələrdə knyaz Nakaşidzenin mövqeyi barədə ikili fikir var. Bir çoxları onun qırğınların qabağını almağa çalışdığını söyləyir, digərləri isə knyazın azərbaycanlılar arasında təbliğat apararaq iğtişaşları daha da alovlandırmaq niyyəti güddüyünü deyir. Ancaq bu faktdır ki, Nakaşidze müsəlmanlara daha yaxın münasibətdə idi, Hacı Zeynalabdin Tağıyev isə onu özünün və xalqının dostu sayırdı.

Yazılanlara inansaq, Nakaşidzenin müsəlmanlara simpatiyası Bakıda heç kimə sirr deyildi, hətta bir müddət o, varlı müsəlman Hacı Nemət Sidiyevin evində yaşamışdı. Onun ünvanına ermənilərin hədələri də ümumməlumdu. Bu səbəbdən bəzi məmurlar onun evinə gediş-gəlişi də kəsmişdilər.

Knyaz özü də təhlükəni real sayırdı və əvvəlcədən vəsiyyətini yazıb Nikolayevski kilsəsinin ərazisində, həm də cangüdəni Takayşvili ilə yan-yana basdırılmasını, xanımından isə qatilləri bağışlamasını xahiş etmişdi.

Məmməd Səid Ordubadinin "Gizli Bakı"sında belə bir epizod var:

"Qubernator Nakaşidzeninin səmimi, dostluq hisslərinə möhkəm inanan Hacı Zeynalabdin Tağıyev mərhuma son borcunu verirdi. Bakının bir çox varlılarının qolunda da matəm lentləri vardı. Elə axmaqlar da tapılırdı ki, deyirdilər: "Yazıq qubernator müsəlmanların hüquqları və maraqları uğrunda mübarizədə qurban olub!"

Sadə, siyasətdə bişməmiş vətəndaşları Nakaşidzenin ermənilər tərəfindən məhz müsəlmanlardan qisas almaq üçün öldürüldüyünə inandırmaq çətin iş deyildi. Bakılıların çoxu qanlı fevral hadisələrinin əsl mahiyyətini anlamırdı. Burada erməni və müsəlman ruhanilərinin dindarlara ziyanlı təsirinin də rolu vardı...

Qubernatorun öldürülməsindən 2 gün sonra "Kaspi" qəzetində matəm çərçivəsinə alınmış elan dərc olundu: "Bütün dostlara və yaxınlara dərin kədər hissi və ağrı ilə bizim əziz, unudulmaz dostumuz Bakının general-qubernatoru cənab Nakaşidzenin faciəli ölümü haqda məlumat veririk. Onun xatirəsini yad etmək istəyənlər mənim Qorçakov küçəsindəki evimə buyura bilərlər. Hacı Zeynalabdin Tağıyev".

Qəzetdə elanın çıxmasından bir gün əvvəl isə Hacı "bütün təmiz, əsl müsəlmanların öz mərhum himayədarlarına son hörmətini ifadə etməyə borclu olduğunu" bildirmişdi...

Mayın 14-də qubernator dəfn olunur. Onun tabutunun arxasınca müsəlmanlardan və məmurlardan ibarət 100 minlik kütlə gedir. Hacı Zeynalabdin öz zavodlarındakı müsəlman fəhlələrin və Qızlar gimnaziyasının tələbələrinin dəfndə məcburi iştirakını təşkil etmək üçün xeyli səy göstərmişdi. Dəfndə ermənilər yoxdu və dəfn mərasiminin keçdiyi yolun üzərindəki bütün erməni evlərinin pəncərələri qapadılmışdı.

Terrorçuları 1905-ci ilin dekabrında mühakimə edirlər. Onların arasında əsas qatil - Dro Kanayan olmur. Bir neçə ay sonra çarın elan etdiyi amnistiyaya görə onların ölüm hökmləri 15 illik katorqa ilə əvəzlənir...

***

Qubernatorun qatili Dro Kanayanın sonrakı taleyi də çox maraqlıdır və cəzasızlıq nümunəsidir. O, Bəyazidə qaçır və tacir sifəti ilə Qafqaza silah göndərməklə məşğul olur. 1914-cü ildə çar daşnaklar üçün amnistiya elan edəndən sonra isə Dro rus ordusunun tərkibində ikinci erməni könüllü dəstəsinin komandiri təyin olunur və Dünya savaşına qatılır, türklərə qarşı döyüşlərdə iştirak edir. 1920-ci ildə ona Ermənistan Respublikasının hərbi naziri vəzifəsi tapşırılır. Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra da bir müddət Sovet Ermənistanının ordusunun komandanı səlahiyyətlərini yerinə yetirir, ancaq tezliklə bolşeviklərə düşmən olur, qaçaraq Rumıniyaya, daha sonra Livana sığınır.

II Dünya müharibəsində nasistlərə qulluq edir. 1945-ci ildə amerikanlar tərəfindən tutulsa da, tezliklə sərbəst buraxılır. Ömrünün son illərini Livanda keçirir, 1956-ci ilin martında ölür və Bostonda (ABŞ) dəfn olunur. Qubernator Nakaşidzenin cəzasız qalan qatilinin qalıqları 2000-ci ildə Ermənistana gətirilərək təntənə ilə torpağa verilir...

Milli.Az