"Ferma artıq mənim evimə çevrilib" - FOTO

18 Fevral 2015 16:35

Həftəiçi hər gün, saat 21:00-da "Region" TV-də yayımlanan "Ferma" Realiti şousunda son günlər gündəmdə olan, hər kəsin qınaq hədəfinə çevrilmiş, məhəbbət üçbucağı quran Təhniyyə İzaulova sevgilisi Nurlan və rəfiqəsi Nərminlə bağlı fikirlərini açıqladı.
 

Təhniyyə İzaulova: "Mən Naranın üstündən xətt çəkmişəm".
 

- Təhniyyə, heç vaxt kənddə yaşamamısan. Şəhər mühitindən Fermaya gəlmək və bura uyğunlaşmaq heç də sənin üçün asan olmadı.
 

- Düzünü desəm, birinci dəfə gələndə çox çətin idi. Yaxşı ki, uşaqlıqda rayonlarda olmuşam. Maraqlı olduğu üçün asan oldu. İndi uyğunlaşmışam, tənbəlliyim də gedib, uşaqlarla da əvvəlki davalar olmur. Hər şey yaxşı keçir.
 

- Tənbəllik demiş, Fermada işlə aran heç yoxdur...
 

- Artıq son həftələrdir ki, işləməyə başlamışam. Məsələn, inək sağıram, işlərin hamısını görürəm, yemək bişirirəm. İştirakçılarla da mehribanam.
 

- Bəs niyə Nərmin Məmmədovayla dil tapa bilmirsən?
 

- Nərminlə həmişəki kimi yola gedə bilmirik. Mən çox səbrsiz insanam. Məni qıcıqlandırır. Çalışıram onu eşitməyim. Bir ara uşaqlarla anlaşılmazlıq oldu. Səbəb də Nurlanla bizim mübahisəmiz idi. Ona görə çoxu mənimlə danışmadı. İndi artıq hər şey düzəlib. Nərmin tərəfindən çox haqsızlıqlar görürəm. Məsələn, çox deyinir. Dözülməz həddədir. Daima öz bildiyini yeridir. Desələr ki, qatıq ağdır, deyəcək yox qaradır. Qışqırır, səsi də adamın beyninə düşür.
 

- Nədirsə, sənin Nərminlərlə heç bəxtin gətirmir. Təhniyyə, dostluq sənin üçün nədir?
 

- Dostluq deyəndə ki, burada heç kimə dost deyə bilmərəm. Adam var ki, illərlə onunla dostluq edirsən, sonda zayı çıxır.
 

- Sözü, Naraya aid etmək istəyirsən?
 

- Narayla biz həyatda elə də yaxın deyildik. Aradabir görüşürdük.
 

- Amma siz bura gələndə rəfiqə olduğunuzu deyirdiz. Bir-birinizdən heç ayrılmırdınız.
 

- Hə. Ola bilər. Bir söz demirəm. Amma həyatda mən bir adama rəfiqə dedim, ondan da özümə qarşı haqsızlıq gördüm deyə daha heç kimə rəfiqə demirəm. Naranın mənə qarşı haqsızlığı təkcə fermada deyil, həyatda da çox olub.
 

- Məsələn, Nərmin burada sizə qarşı nə haqsızlıq edib?
 

- Nurlanla olanda məni unudurdu. Mən bu barədə ona deyəndə, deyirdi ki, yox sən səhv edirsən, belə deyil filan. Amma o, eqoist idi. Yalnız özünü fikirləşirdi. Fermaya ilk dəfə gəldiyim gündən Nurlana qarşı simpatiyam yarandı. Amma Nara mənə Nurlandan xoşu gəldiyini dedi. Həmin an mən susdum. Hətta onların münasibət qurması üçün şərait də yaratdım. Amma ki, hisslərimi ürəyimdə boğmuşdum. Biz üçümüz dost idik, Nurlan, mən, Nara. Həmişə bir yerdə gəzirdik. Amma sonra Nurlan özü bunu etiraf etdi. Biz "Baxışma" oyunu oynayırdıq. Həmin oyunda o, mənə dedi ki, "mənim səndən xoşum gəlir". Mən təəccübləndim. Sonra ikimiz tək qalanda soruşdum ki, bu, nə idi dedin mənə. Dedi ki, heç nə, yaddan çıxart. Amma bilirsiz necədir, çöldə olanda adam hisslərini cilovlaya bilir, amma burada elədir ki, 24 saat sən həmin adamı görürsən. Bu mümkünsüzdür. Mən çox çalışdım bu 3 ay ərzində hisslərimi bildirməyim. Amma çox çətindir, istər-istəməz qısqanırsan, nəsə demək istəyirsən. Nə bilim e, başa düşənlər məni anlayacaq.
 

- Münasibətləriniz "Ferma"dan sonra da davam edəcəkmi?
 

- Biz Nurlanla danışmışıq bu haqda. Çətindir, amma davam edəcəyik.
 

- Bəs Nurlan Nara haqqında nə düşünür?
 

- Narayla onun arasında hansısa problem olub. Deyir ki, Bakıya gedəndə onu həll edəcək. Mənə demir bu barədə. Ümumiyyətlə, bu haqqda mənə heç nə danışmır.
 

- Nara sizi başa düşəcək?
 

- Bilmirəm. Mən Narayla söhbət edəcəm. Mən də ona qarşı küskünəm, soyuqqanlıyam. Mən Naranın üstündən xətt çəkmişəm. Mən yenə də deyirəm, bura gələndə birinci mənim Nurlandan xoşum gəlib. Sadəcə, susdum, gərək susmayardım. Heç kəsə də bu haqda danışmadım. Təkcə Ayselə bu barədə danışmışdım. O da məsləhət verdi ki, hərəkətə keç. Mən də dedim ki, yox, Naraya görə bunu edə bilmərəm.
 

- Siz dost deyilsiniz, səmimi etiraf edin ki, sevgilisiniz.
 

- Bəli, sevgiliyik.
 

- Bəs Nara sizi bağışlayacaq?
 

- Belə deyim də, Naranı mən çöldən yaxşı tanıyıram. O bir adamı sevib və demişdi ki, mən ondan başqa heç vaxt heç kəsi sevməyəcəyəm. Yəni, inanmıram ki, o, Nurlanı çox sevir. Nə bilim, Bakıya gələndə istəyər danışarıq, istəməz yox.
 

- Nurlanı qısqandığınızı deyirsiniz? Kimə?
 

- Nurlanı Həmidəyə çox qısqanıram. Çox vaxt mənə qıcıq verir. Deyir ki, Həmidə mənim qeydimə qalır.
 

- Bəs siz niyə buna imkan verirsiz?
 

- Mən onun qeydinə kifayət qədər qalıram.

- Bəs fikirləşmirsiz ki, Naranın başına gələnlər sizdə də baş verə bilər?
 

- Yooox, Həmidə ailəlidir. Sadəcə, Həmidənin xasiyyəti elədir. O, oğlanlarla çox yaxın olur. Mən də əsəbləşirəm ki, niyə belə edir. Hətta Ramilə də onu Eminə qısqanır, sadəcə dillənmir. Mən Həmidəyə demişəm ki, "sənin xoşuna gələr, sevdiyin oğlanı kimsə masaj etsin?" Deyib ki, "yox". Deyirəm bəs onda niyə edirsən? Deyir, Nurlan məndən xahiş edib.
 

- Deməli, Nurlanın da ona qarşı rəğbət hissi var?
 

- Mənə oğlanlar deyir ki, Nurlan səni əsəbləşdirmək üçün belə edir. Biz Nurlanla 24 saatın 23 saatını küsülü oluruq. Məni görən kimi, başlayır Həmidəylə yaxın olmağa.
 

- Sevginizi bir-birinizə etiraf etmisiniz?
 

- Bəli. Birinci o, bunu etirafı edib. Sonra da mən qarşılıq verdim. Amma əvvəlcə oturub söhbət etdik. Dedim ki, bizi çoxu qınayacaq. O da mənim vəziyyətimdə idi, deyirdi mən də bilmirəm nə edək... Deyirdi dost qalaq. Amma alınmırdı. İkimiz də bir-birimizi qısqanırdıq.
 

- Amma Nara haqqında söhbət gedəndə Nurlanın reaksiyası çox müsbət olur. Sanki, hələ də onu sevir, unutmayıb?..
 

- Neynim ki, cilovlaya bilmirəm hisslərimi. Amma Naranı seçsə, sevinərəm buna.
 

- Məncə, heç sevinmərsən. Çünki sən Nurlanı sevirsən və bunu ona etiraf etmisən.
 

- Sevmirəm. Daha doğrusu, desəm ki, sevirəm, deyəcəklər ki, 3 ayın içində sevgimi yaranar?
 

- Alimlər sübut edib ki, sevgi 3 saniyənin içində də baş verə bilər.
 

- Nə bilim, yaxşı, etiraf edirəm ki, Nurlanı sevirəm. Bilirəm, bu etirafıma görə bizi qınayacaqlar. Başa düşməyəcəklər. Bilirəm ki, çoxu inanmayacaq mənə. Amma bu hiss bizdə Naradan da öncə yaranmışdı.
 

- Amma siz özünüzə haqq qazandırmaq üçün bunu uydura bilərsiz.
 

- Yox, düz deyirəm, həqiqətən.
 

- Bəs niyə həmin vaxt bunu Nərminə danışmadız?
 

- Yox, mən fikirləşdim ki, ani yaranmış hisslərdir. Keçib gedəcək. Çəkildim qırağa.
 

- Mənə elə gəlir ki, Nurlan sizi də sevmir. Sabah siz "Ferma"nı tərk etsəniz, o, yenidən başqa bir qızı seçəcək.
 

- İnanırsız, mən çox vecsiz insanam. Alınmasa, uff da demərəm. Məndə qürur var. Amma onun tərəfindən qarşılıq görürəm.
 

- Sizi sosial şəbəkələrdən, ekran arxasından qınayan insanlara nə demək istərdiniz?
 

- Bilmirəm. Bizdə nə baş verirsə, hər şey kamera qarşısında baş verir. Bilirəm ki, haqqımda yaxşı sözlər yazmırlar, danışmırlar. Biz kamera qarşısında çoxları kimi oynamırıq, olduğumuz kimiyik.

Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.