Aktrisa Məsumə Babayeva: "Rəhmətə gedən nəvəm deyirdi ki, nənəm kimi aktrisa olacağam" - FOTOSESSİYA
2 Mart 2015 00:35
Aktrisa Məsumə Babayevanın Milli.Az-a müsahibəsi
- Məsumə xanım, hal-hazırda film və yaxud seriala çəkilirsinizmi?
- Hələ ki, heç bir film və serialda çəkilmirəm, aktyorlar da gözlərini çəkilişlərə dikib dayanırlar. Çünki əlavə gəlir mənbəyi yalnız filmlərdən gəlir. Teatrda yeni tamaşalar götürülüb, amma onlarda da mən yoxam. Deyəsən, yavaş-yavaş məni unudurlar. Bilmirəm aktyorun çoxluğundandır, yoxsa nədəndir, bizlər diqqətdən kənarda qalmışıq. Bəlkə də, kənarda deyiləm, amma mən artıq özümü kənarda qalmış kimi hiss edirəm. Elə aktrisalardan da deyiləm ki, gedib rejissordan rol tələb edim. Adama deyərlər ki, səni bu rolda görmürəm və sənə rol vermirəm. Aktyor incə ruhlu insandır. Teatrda sonuncu dəfə "Qırmızıpapaq" tamaşasında rol almışam.
- Diqqətdən kənarda qalmağınız, yəqin ki, qeyri-peşəkar, aktyor olmayan insanların seriallarımızda çəkilməsi ilə əlaqəlidir. Çünki onlar çəkilirlərsə, artıq sizin kimi sənətkarlara növbə çatmır.
- Əlbəttə ki, bu, düzgün seçim deyil. Bu cür hadisələr biz aktyorlara çox pis təsir edir. Çox şeyi də danışmaq olmur, tək əldən səs çıxmaz. Amma mən elə aktrisa olmuşam ki, teatra gələndən həmişə öndə olmuşam. İstedadıma görə işlərim çox olub. Hər zaman da mənə gözəl rollar veriblər. İstər teatrda, istərsə də seriallarda. Əvvəl oğlan, sonra isə ana və nənə rolları. Yəni, deməyim odur ki, mən tələb olunan aktrisa olmuşam.
- Məsumə xanım, dərdli insansınız. Amma üzünüzdə hələ də qırış əmələ gəlməyib.
- Üzün qırışlanmaması daxili aləm ilə bağlıdır. Kim hansı dünyanın adamıdırsa, elə də qalır. Rəhmətlik həyat yoldaşımın bir sözü var idi. O, həmişə deyərdi ki, özünü formadan salma. Mən evin işini də görürəm, həyətdə də təmizlik aparıram, amma hara gedirəmsə, güzgüdə özümə baxıb evdən çıxıram. Mən yalnız səhnəni xoşlayıram, tamaşaçı zalında da oturmağı sevmirəm. Özümü formadan sala bilmərəm, yoldaşım mənə vəsiyyət edib..
- Məsumə xanım, qızınızı 2-ci dəfə ərə verdiniz. Həyat hər addımında sizlə qıyımsız davrandı. Amma qızınızın 2-ci dəfə ailə həyatı qurmağına razılıq verməyə çəkinirdiniz...
- İnsan həyatda bilmir ki, başına nə gələcək. Qızımın ilk evliliyindən sonra gözüm qorxmuşdu. O cavandır, əlbəttə ki, ailə qurmalı idi. Hər kəsin öz həyatı var. Mən elə analardan deyiləm ki, qızımın evlənməsinə qarşı çıxım. Elçi gəlib istədilər, mən də qızımı verdim. O, övladını itirdiyi üçün çox fikir edirdi. Bu çətinlik içərisində həyat yoldaşı onu tək buraxıb getdi. Heç kəs həyatından sığortalanmayıb. Mənim də heç ağlıma gəlmirdi ki, həyat yoldaşımı 49 yaşımda itirəcəyəm. Əlbəttə ki, yoldaşımı itirəndən sonra ailə yükünü tək çəkmək mənim üçün çox çətin oldu. 25 yaşımdan 49 yaşıma kimi bu yükü mən onunla birlikdə çəkmişəm...(kövrəlir). Şükürlər olsun ki, insan ayağa qalxır və özünü ələ alır. Mən bu qədər çətinliyin içərisində özümü itirmədim, kişi kimi fikirləşməyi bacardım...
- Bildiyimə görə, çətinliklərə sinə gəlmək üçün hətta ən çox sevdiyiniz maşınınızı belə satmısınız...
- Bəli, satılmalı nə var idisə, satmışdım. Ən çox sevdiyim maşınımı da. O vaxtı Flora Kərimova, Əminə Yusifqızı və mən Azərbaycanda maşın sürən yeganə sənətçi qadınlar idik. Həyat yoldaşım maşın sürməyi özü mənə öyrətmişdi. Hər bir insanın həyatında qara xətt olur. Amma sevinirdim ki, bu çətinlikdən övladlarımı çıxardım. Çətinliyə dözmək lazımdır. Mən o günləri yaşamışam. Həyat enişli-yoxuşludur. Həyatın kədəri də, gülüşü də gözəldir. Mənim alın yazım əzəldən belə yazılıb. Allaha üsyan etmirəm. Yaşayırıq, pis-yaxşı. Allah o acıları mənə bir də yaşatmasın.
- İnsan itkisi heç vaxt unudulmur. İllər keçsə belə. Siz isə üç itki yaşadınız. Həyat yoldaşınız, oğlunuz və yeganə nəvənizi itirdiniz.
- Bəli, insan itkisi unudulmur. Düzdüz, gülüb danışıram... Özümə təsəlli verirəm. Amma o an ki olur, inanın qəhər məni boğur. İki dəfə mən xəstələnib yorğan-döşəyə düşəndə oğlum mənə baxıb. Yadımdadır, ayaqlarım tutulmuşdu. 15 gün yorğan-döşəkdə yatmışdım. Oğlum o zaman mənim yanımda idi. O, mənim çətin günlərimdə həmişə yanımda olurdu. İnanıram ki, yanımda olsaydı, yenə də mənə baxardı (ağlayır). İndi fikirləşirəm ki, şikəst olardı, yanımda olardı. Axı biz bir də doğulmayacağıq...
- İnşallah, Allah sizə yenidən nənə olmağınızı qismət etsin. Nəvə itkisindən sonra buna hazırsınızmı?
- Əlbəttə ki, nənə olmaq istəyirəm. Bir uşaq görən kimi ürəyim darıxır. Rəhmətə gedən nəvəm həmişə deyirdi ki, mən nənəm kimi aktrisa olacağam. Baxdığı tamaşaları gəlib mənimlə birlikdə evdə oynayırdı. İndi yaşasaydı, 10 yaşı olacaqdı. Bir Allah bilir ki, onun şəkillərinə baxanda hər dəfə mən nələr çəkirəm. Sözü, gülüşü, hərəkəti həmişə yaddaşımdadır. Qorxduğum şey başıma gəldi. Camaatın neçə nəvəsi var, məndə bir dənə idi, onu da Allah öz yanına apardı. Allaha qurban olum, özü bilən məsləhətdir. Bundan sonra bilmirəm mənə nəvə qismət olacaq, ya yox? Buna, hələ ki, inanmıram (kədərlə).
- Təklik faciə də olsa, siz artıq buna alışmısınız...
- Təklik yalnız Allaha məxsusdur. Bu dəqiqə oturmuşam evimdə, evdə bir kənar insan olanda yata bilmirəm. Artıq bu həyata alışmışam. Qızım tez-tez gəlib mənə başa çəkir. Tək oldum, yaxud cüt oldum, bunun artıq heç bir əhəmiyyəti yoxdur... O vaxtkı illər yadıma düşür, sənətim... ailəm... nəvəm... və bunların müqabilində həyatda tək qalmaq...
- Qonşularla münasibətiniz necədir?
- İndi hamının başı öz işinə-gücünə qarışıb. Yaşayış çox çətindir. Hamı öz hayındadır. Əvvəllər bir-birimizin evlərinə gedib-gəlirdik, həyətdə samovar qoyurduq. Hamı bir-birinin nəzərindədir, amma çox gediş-gəliş yoxdur.
- Teatra əvvəlki həvəslə gedirsinizmi?
- Evdə arxayın oturduğum halda zəng edirlər ki, sabah tamaşa var və gəlməlisən. İnanın mənə bir həvəs gəlir ki. Səhər tezdən yuxudan oyanıb, saçımı səliqəyə salıram. Teatrın qapısından həvəslə içəri girirəm. İş olanda mənim yaşama stimulum daha da artır. İş olmayanda isə tamam həvəsdən düşürəm. Biz əvvəldən belə görmüşük.
Əli Rəhimoğlu
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.