Mətbəx sirləri: Şüyüd-plov üstəgəl qəzetlə qızardılmış balıq

17 Fevral 2015 07:00
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən Lənkəran mətbəxinə aid şüyüd-plovun hazırlanma qaydasını təqdim edir.

Tərkibi
(6 pay):

1 k uzun düyü
4 ədəd kartof
1 dəstə şüyüd
6 ədəd duzlu balıq
1 st. bitki yağı
duz, istiot

Düyünü bişirməzdən 1 saat əvvəl ilıq suda isladın. Sonra qaynayan duzlu suya əlavə edib bişənə kimi gözləyin. Süzənə yaxın xırda kub formasında doğranmış kartofu düyünün üzərinə əlavə edib təxminən 5 dəqiqə müddətində qaynadın. Ən sonda doğranmış şüyüdü düyünün üzərinə töküb dərhal süzün.

Bu plov üçün qazmaq hazırlanmır. Düyünü dəmə qoyacağınız qazana əlavə edib üzərinə yağ gəzdirin. Sonra vam odun üzərinə qoyub, 40 dəqiqə dəmdə saxlayın.

Üzəri üçün: Aş dəm aldığı müddətdə üzəri üçün olan balıqları bişirin. Bunun üçün əvvəlcədən duzlanmış xırda balıqları qəzetə büküb zəif yanan ocağın üstünə qoyun. Bir neçə dəqiqə ərzində qəzet tam yanacaq və balıqlar odun üzərində bişərək qızaracaq. Sonra balıqları digər üzünə çevirib bir neçə dəqiqə tam bişməsini gözləyib ocaqdan götürün.

Sonda dəmlənmiş aşı boşqaba çəkib üzərinə ocaqda bişirdiyiniz duzlu balıqları da düzüb süfrəyə təqdim edin.

Nuş olsun!

Milli.Az