Azərbaycanda oğlan və qızlar daha çox hansı ixtisasları seçirlər?

13 Fevral 2015 12:02

Azərbaycanda oğlan və qız abituriyentlərin daha çox hansı ixtisaslara meyl etdikləri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir.

Əvvəlki illərdə olduğu kimi, ötən il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox "Riyaziyyat, fizika və mühəndislik" (I qrup) və "İqtisadiyyat və idarəetmə" (II qrup) ixtisaslarınadır. Azərbaycan bölməsində oğlanların 71,46, rus bölməsində isə 78,52 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib: "Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir. Qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir".

Komissiyadan bildirilib ki, oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir: "Sual oluna bilər: nə üçün abituriyentlər texniki (I qrup) ixtisaslara, iqtisad və idarəetmə (II qrup) ixtisaslarına nisbətən daha çox maraq göstərdikləri halda, hər iki qrupda, demək olar ki, bir-birinə yaxın keçid balları formalaşır? Bunun səbəblərindən biri texniki ixtisaslar qrupunda plan yerlərinin nisbətən çox olmasıdır. Ümumi qəbul planının 31,75 faizi I, 28,89 faizi isə II ixtisas qrupunun payına düşür. Digər səbəb isə I qrupun abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır".

TQDK-dan bildirilib ki, statistik təhlillərə əsasən, I ixtisas qrupunun abituriyentləri əsasən bir və ya iki fənn üzrə yaxşı hazırlıq keçir, digər fənlərə isə səthi yanaşırlar. Nəticənin aşağı olmasının başqa bir səbəbi bu qrupun 5 imtahan fənnindən 3-nün çətin hesab olunan və abituriyentlərdən xüsusi təfəkkür, məntiqi düşüncə, fəza təsəvvürü bacarığı tələb edən dəqiq və təbiət fənləri ilə bağlı olmasıdır. Bu da abituriyentlərdən hazırlıq dövründə, eləcə də imtahan zamanı sualların cavablandırılmasına digər qrupların fənləri ilə müqayisədə daha çox vaxt sərf etməyi tələb edir.

Orta statistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir. Azərbaycan bölməsində qız abituriyentlər həmişə olduğu kimi, "İqtisadiyyat və idarəetmə" ixtisaslarına (II qrup) az maraq göstəriblər. Ancaq rus bölməsinin qız abituriyentlərinin həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. Bu, bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın əsasən şəhərlərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən, respublikanın regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır. Belə ki, II qrupda riyaziyyat fənni yüksək çəki əmsalına malikdir, xarici dil fənni üzrə isə respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin hazırlıq səviyyəsi digər regionlardan fərqli olaraq yüksəkdir: "IV ixtisas qrupunda oğlan və qızların istəkləri bir-birinə yaxın olsa da, qeyd etmək lazımdır ki, bu istəklər ixtisaslar üzrə fərqlidir. Belə ki, burada qızlar tibb ixtisaslarına üstünlük verdikləri halda, oğlanlar daha çox idman ixtisaslarına meyl edirlər".

Milli.Az