Qonşusu tərəfindən zorlanan körpənin faciəsi

16 Fevral 2015 00:40
Milli.Az-ın "Ağır cəza" lahiyəsi növbəti insan vəhşiliyinin qurbanı kiçik Nəzrinin həyat hekayətini təqdim edir.
Cəmi bir neçə gün əvvəl iki mehriban qonşu qadının ağlına belə gəlməzdi ki, qısa müddət sonra əbədi düşmənə çevriləcəklər.

Səma otuz iki illik ömründə ilk dəfə idi ki, aşiq olmuşdu. Gözü Vüsaldan başqa heç kimi görmürdü. Onu Vüsala cəzb edən oğlanın yaraşığından çox, xarakteri, mərdliyi idi. Vüsal yeni köçdüyü kiçik qaçqın məhəlləsində qısa müddətdə hörmət, ad-san qazanmışdı. Yaxşı usta idi. Köməyə ehtiyacı olan hamının yanında idi.

Vüsalın zəmanə oğlanlarına oxşamaması, onunla tanış olandan bəri bircə dəfə də onu öpməyə cəhd etməməyi Səmanı Vüsala daha çox bağlayırdı.

Münasibət qısa müddət sonra evliliyə çevrildi. Gənclərin ailəsi kiçik toy məclisi ilə onları evləndirdi. Onlar yaxınlıqda ev kirayələyib ailə həyatına başladılar. Toydan bir ay keçməsinə baxmayaraq Vüsalın Səma ilə cinsi əlaqəyə can atmaması nədənsə qızı təəccübləndirmirdi. Oğlana dəli kimi aşiq olan qıza yanında olmağı kifayət edirdi.

Günlər ötüb keçirdi. İzdivacdan dörd ay keçmişdi. Səma işdən evə qayıdırdı. İlk dəfə idi ki, Vüsal evdə olduğu halda evin qapısının bağlandığını görürdü. Qapını yarım saata yaxın döyməyinə baxmayaraq qapını açan olmadı. Yarım saatın sonunda isə Vüsal ona zəng edib evdə olduğunu, lakin evə ehtiyatla, səssiz və panikasız girdiyi təqdirdə buraxılacağını dedi. Səma heç nə başa düşməsə də telefonda razılaşdı. Nəhayət, Vüsal ona qapını açdı. Qapı açılan kimi isə onu qolundan tutub içəri çəkdi. Əli ilə Səmanın ağzını yumub qulağına sakit olmağı pıçıldadı. Səma yenə də heç nə başa düşmürdü. Şoka düşmüş qız ağzıyumulu vəziyyətdə gözlərini ərinə dikmişdi. Vüsal onu dartıb mətbəxə çəkdi. Sakitləşdirməyə çalışdı.

- Elə alındı ki, bir hadisə baş verdi. Sən sakit olmağa məcbursan. Başqa çıxış yolun yoxdur. Mən bilərəkdən eləmədim. Belə alındı.

Səma keyləşmiş ayaqlarını otağa sürüdü. İçəri girər-girməz gördükləri dünyanı onun başına yıxdı. Otağın bir küncündə qonşunun altı yaşlı qızı Nəzrin huşsuz vəziyyətdə uzanmışdı. Uşağın açıq ayaqları qanın içində idi. Əvvəlcə ağlına qəzadan başqa heç nə gəlmədi. Elə qışqırmaq istədiyi andaca Vüsal onun baş nahiyəsindən güclü zərbə endirdi.

O ayılanda artıq gecə idi. Yarıqapalı gözləri otaqda Nəzrini axtarırdı. Qızcığaz yerindən tərpənməmişdi. Səma düşünürdü ki, Nəzrin ölüb. Təxminən bir neçə dəqiqə gözlərini zilləyib baxdıqdan sonra əmin oldu ki, qızın sinəsi enib-qalxır. Səma Vüsalın zərbəsinin ağırlığını başını qaldırmaq istədikdə daha möhkəm hiss etdi. Zərbənin ağırlığından başını qaldıra bilmirdi. Boyun nahiyəsini hiss etmirdi. Gözləri isə torlu görürdü.

Vüsal əlində siqaret otağa girdi: "Qorxma, o, sağdır. Yuxu iynəsi vurmuşam. Bir azdan oyanar. Mənə elə nifrətlə baxma. İstəmirdim belə olsun. Onu evə çağırdım. Oynamaq istəyirdim. Birdən şeytan məni aldatdı... Sən bilirsən ki, qız uşaqlarını çox sevirəm. Sən də zamanı gələndə mənə qız doğacaqsan".

Səma sanki yuxu görürdü. Qarşısında sevdiyi kişi yox, şeytan var idi. Vüsal söhbətini bitirmədən Səma huşunu itirdi...

Səhərə yaxın Səma qızcığazın iniltilərinə oyandı. Uşaq ağrıdan yerində qıvrılırdı. Səma qalxmağa cəhd etsə də əlləri, ayaqları bağlı idi. Səsə Vüsal da oyandı. Uşağa yenidən yuxu iynəsi vurdu: "Qarnı ağrıyır. Ona başqa cür kömək edə bilmərəm. Yaxında ağrıları keçər. Əsas məsələ odur ki, o, yuxudan oyanana qədər çarə fikirləşməlisən. Düşünürəm ki, onu boğub evin zirzəmisinə atsaq, bir müddət sonra iylənəcək. Xırdalan tərəfdə ağaclığa basdırsaq, kimsə gəlib tapacaq. Çarə düşün. Gerisi sənlikdir. Belə alındı. Sən mənim yanımdasansa, arvadımsansa, sona qədər kömək etməlisən".

Səma düşdüyü vəziyyəti qəbul edə bilmirdi. Ona elə gəlirdi ki, yuxudadır. Hər dəfə gördüklərini yuxu kimi təsəvvür edəndə Vüsalın bağırtısına ayılırdı.

Səma bütün gücünü topladı: "Əllərimi, ayaqlarımı aç. Uşağa nə isə olsa, ikimizi də tutacaqlar. Mən tutulsam belə, həbsdə sağ qalacağam. Ancaq həbsdə səni sağ buraxmazlar. Ən yaxşısı, qızı ailəsinə verməkdir. Deyərik ki, bu vəziyyətdə tapmışıq. Uşaq da qorxusundan adını çəkməz".

Səma sözünü bitirməmiş Vüsal onu bütün gücü ilə vurdu. Ancaq arvadının haqlı olduğunu o da bilirdi. Uşağı silkələyib ayıltdı. Yarıyuxulu vəziyyətdə evdən çıxartdı. Yaxınlıqdakı çörək dükanının qabağında oturtdu. Alaqaranlıq olduğu üçün onu kiminsə görmədiyinə əmin idi. O, Nəzrini çörək mağazasının qarşısında qoyub sürətlə uzaqlaşdı.

Səma özünə gəlmişdi. Vüsal onun əl-qolunu açdı: "Boşuna dava eləyib özünü döydürmə. Hər şey keçib getdi. Uşaq heç nə xatırlamayacaq. Həyat davam edir. Get yuyun".

Səhər dükan sahibi ayaqlarında qanı qurumuş, üz-gözü göyərmiş, şiş içində olan uşağı görüb dəhşətə gəldi. Nəzrini ayıltmağa çalışdı. Ona isti su, çörək verdi. Qonşuları harayladı. Onun səsinə yığışanlar Nəzrinin 1 həftədən çox axtarışda olan uşaq olduğunu anladılar. İki məhlə kənarda olan evi tapdılar. Nəzrinin valideynləri keçirdikləri şokdan heç bir reaksiya verə bilmirdilər. Qonşular polis və təcili yardım çağırmışdılar. Qız güclə danışırdı. Qarnında bərk ağrılar olduğunu deyirdi. Onu xəstəxanaya çatdırdılar. Ginekoloq və uşaq cərrahının iştirakı ilə keçən əməliyyatda məlum oldu ki, altı yaşlı Nəzrin zorlanıb. Onun uşaqlıq yolu zədələnib. Körpənin əməliyyatdan sağ çıxmaq ehtimalı isə çox azdır. Dörd saatlıq əməliyyatdan sonra Nəzrin xəstəxananın reanimasiya şöbəsinə köçürülür. İki həftə sonra özünə gələn qızcığaz polislərə başına gətirilən vəhşiliklərdən yadında qalanları danışır. Məlum olur ki, Vüsal qızı ilk dəfə görən kimi evə çağırmayıb. Uşaqla uzun müddət həyətdə oynayan, ona şirni verən Vüsal Nəzrinin etibarını qazanıb. Məhlədə kifayət qədər hörmət qazanmış gənc oğlanın qonşu qızcığazı əzizləməsi heç kimdə şübhə oyatmayıb. Daha sonra onu evinə dəvət edib. Nəticədə insanlığa sığmayan dəhşətli hadisə baş verib.

Nəzrin qırıq-qırıq da olsa polislərə Vüsalın qaldığı evi, üzünü təsvir edir. Bütün bunlar isə dərmanın təsiri altında olan həddi-buluğa çatmamış körpənin dilindən tutarlı əsas hesab edilmirdi. Hadisədən 31 gün keçməsinə baxmayaraq Vüsal əlini-qolunu sallayaraq yaşadığı məhləyə girirdi. Arvadı Səma isə gündə mehriban qonşusu olan Nəzrinin anası Mələklə qarşılaşır, hadisə haqda maraqlanır, onunla bərabər üzülür, təəssüfləndiyini bildirirdi.

Nəhayət, hadisənin 32-ci günü Nəzrin bütün sirri çözdü. O, hadisənin baş verdiyi evdə gördüyü xala haqda danışdı: "O evdə zavodda tort bişirən xala yaşayır".

Körpənin bu cümləsi artıq hər şeyi nöqtələmişdi. Məhəllədə Səma yeganə qadın idi ki, şirniyyat sexində işləyirdi. Məhəllə uşaqlarının ad günündə o, ya evdə tort bişirir, ya da sexdən hazır tort gətirirdi. Balaca Nəzrin bunu unuda bilməzdi...

Polislər Səmagilin qapısına dayananda o əvvəlcə özünü təəccüblənmiş göstərməyə çalışdı: "Nə? Məni nədə günahlandırırsınız? Heç nədən xəbərim yoxdur. Sizin böhtanlarınızı dinləməyəcəyəm".

O, and-aman edirdi ki, heç nədən xəbəri yoxdur. Əri Vüsal isə işdədir. Polislər Vüsalın işdən gəlməyini gözləmədilər. Təmir etdiyi evə yollandılar.

Qonşuların yarısı Səmaya lənət yağdırır, yarısı isə qapı-bacanı daşlayırdı. Hamıya məlum idi ki, hadisənin ilk günündən Səma hər şeydən xəbərdar olub. Bu müddətdə nə valideynlərin uşaqdan xəbər tutmasına, nə də hadisəyə mane olmağa cəhd edib. Uzun müddət isə digər qonşular və Nəzrinin valideynləri ilə heç bir şey olmamış kimi davranıb. Hətta mütəmadi uşağın səhhəti haqda hal-əhval tutub.

Nəzrinin anası özündən getmişdi. Səmaya hücum çəkən qonşuları polis güclə uzaqlaşdırırdı. Onu polis maşınına qoyub apardılar...

Vüsal ilkin ifadəsindəcə hər şeyi etiraf etmişdi. Bircə detal isə müəmmalı qalırdı. Vüsal utanmadan uşağın sağ qalmağında yeganə səbəbkar özünü göstərirdi: "Peşmanam. İlk dəqiqələrdə peşman oldum. Qıza işgəncə vermədim. İnanın ki, o ağlamırdı. Səma xəbər tutan kimi uşağı öldürməyi təklif etdi. Mən isə buna qarşı çıxdım. Ona dərman verib evlərinə apara biləcək adamın yanına göndərdim. Qadınlara nifrət edirəm. Uşaqlıqda sevdiyim qız məhləmizdən köçdü. Bütün balaca qızlar gedən sevgilimdir".

Səma isə ifadəsində köməksiz vəziyyətdə olduğunu, günlərlə əl-qolu bağlı qaldığını deyirdi. Cinayətin üstünün açılmamasında heç bir addım atmamağını isə Vüsaldan qorxması və ona olan güclü sevgisi ilə izah edirdi: "Məni tutun. Vüsalı həbsdə düşünəndə ölürəm. Onsuz yaşaya bilmərəm. Qonşular məni öldürəcəklər".

Vüsal həbs olundu. Səma isə icbari iş alsa da qonşular tərəfindən döyülüb xəstəxanaya yerləşdirildi.

Körpə Nəzrin isə başına gələn faciədən sonra dörd dəfə ağır əməliyyat keçirdi. Atası İlham stresdən, yaşadıqları faciədən sonra infarkt keçirdi. Ailə hazırda Azərbaycandan uzaqlarda yaşadıqları faciəni unutmağa çalışır.

Zaman cəzalandırırmı? Yox. Yaşanan faciəni, cinayətin yarasını nə zamanın cəzası, nə qanunvericilik sağaldır.

Günay Arda
Milli.Az