İntel-ə qadağa qoyuldu

14 Aprel 2015 21:55
ABŞ-ın hökumət strukturları məhsuldar hesablama sistemlərində tətbiq edilən Intel prosessorlarının Çinə tədarükünə qadağa ilə bağlı qərar qəbul edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, bundan sonra Intel korporasiyası Tianhe-1A və Tianhe-2 superkompüterlərinin hazırlanması ilə əlaqəsi olan Çinin dörd qurumuna Xeon və Xeon Phi çiplərini tədarük edə bilməz. Buna səbəb adıçəkilən güclü hesablama komplekslərinin nüvə maddələri ilə əlaqədar tədqiqat layihələri çərçivəsində istifadə olunması ilə bağlı şübhələrdir.

Qeyd edək ki, Tianhe-2 hazırda dünyanın ən sürətli superkompüteridir: 33,86 petaflops sürətə malikdir. Pik məhsuldarlıq 54,9 petaflops təşkil edir.

Milli.Az