Natiq Fərzəliyev: "Boyumun qısa olmağı mənə problem yaratmayıb"
Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev Azərbaycanın tanınmış aktyorlarındandır. Olduqca sadə, təvazökar, öz peşəsini ürəkdən sevən Natiq müəllim hələ orta məktəbdə oxuyarkən Bəşir Səfəroğlu adına Xalq Teatrında S.Dağlının "Bekarçılıq kontoru", G.Xuqayevin "Arvadımın əri", S.Qədirzadənin "Şirinbala bal yığır" və s. əsərləri əsasında hazırlanmış eyniadlı tamaşalarda oynayıb. Həqiqətən də "bapbalaca boyu, dam dolusu toyu" olan aktyor bu günlərdə Şekspirin əsəri əsasında Cənnət Səlimovanın tamaşaya qoyduğu "III Riçard" tamaşasında oynadığı epizodik paj rolu ilə tamaşaçıları heyran edib. Özü də Şekspirin əsəri əsasında hazırlanmış tamaşada oynamağı ilə fəxr edir.