Xaricdə oxuyan və ya işləyən azərbaycanlı gənclər də ondan yararlana biləcəklər

29 Yanvar 2015 13:41

Prezidentin təsdiq etdiyi bu sənəd gənclərin inkişafına yönəlib

Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edilib. 2015-2025-ci illəri əhatə edəcək bu Strategiya gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi daşıyır. Sözügedən sənəddən irəli gələn vəzifələrin yerinə yetirilməsi Gənclər və İdman Nazirliyinə həvalə edilib. Strategiyanın əvvəlində qeyd olunub ki, son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb, insan potensialının inkişafına görə "orta insan inkişafı ölkələri" qrupundan "yüksək insan inkişafı ölkələri" kateqoriyasına daxil olub. Bildirilib ki, bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsi deməkdir.

Strategiyada Azərbaycan gəncliyinin öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirdiyi, ölkədə gedən proseslərin önündə olduğu, gənc nəslin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiyi vurğulanıb. Bununla yanaşı, sənəddə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları diqqətə çatdırılaraq, Azərbaycanda da gənclər siyasətinin yeni strategiyasının hazırlanmasının və qəbulunun zəruriliyi vurğulanıb.

Sözügedən sənədlə bağlı fikirlərini "Kaspi"yə bölüşən "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov cəmiyyətin aktiv və inkişafda olan hissəsi sayılan gənclərə daim diqqət və qayğı göstərilməsini mühüm amil kimi qiymətləndirib. O, cəmiyyətin gələcək inkişafının məhz bu gənclərdən asılı olduğunu diqqətə çatdıraraq, sağlam cəmiyyətin formalaşdırılması və qorunub saxlanması üçün gənclərin öz şəxsi inkişafını, o cümlədən potensialını ortaya qoyması imkanlarının olmasını zəruri sayıb:

"Ölkəmizdə kifayət qədər uğurlu gənclər siyasəti həyata keçirilir. Lakin bununla belə bir sıra problemlər də mövcuddur. Odur ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulmuş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın tətbiqi mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayacaqdır. Bundan əvvəl gənclər üçün həyata keçirilmiş proqramların davamı olaraq burada da gəncliyin gələcək inkişafının müxtəlif aspektləri nəzərdə tutulub. Azərbaycan gənclərinin inkişaf strategiyası ötən illərdəki proqramlardan fərqli olaraq, daha geniş şəkildə birbaşa gənclərin inkişafına yönəlib. Strategiyanın hədəf qruplarına baxdıqda aydın olur ki, burada bütün sahələr əhatə olunub. Nəinki ölkə daxilində, hətta ölkədən xaricdə oxuyan və ya işləyən gənclər də bu strategiyadan yararlana biləcəklər. Strategiyanın məqsədlərinə nəzər salsaq, burada da gənclərin maarifləndirilməsindən tutmuş onların fərdi inkişafını əhatə edən bütün məsələlər öz əksini tapıb. Bu gün cəmiyyətdə müxtəlif səbəblərdən müxtəlif təbəqələrdə narazı gənclərin olduğu danılmazdır. Məhz bu gənclər həyatda bir qədər çətinliklə üzləşdikdə bunun günahını dövlətdə görür və müxtəlif qrupların hədəfinə çevrilir. Lakin inanırıq ki, bu cür proqramlara məhz həmin gənclərin də cəlb edilməsi onların həyat istəklərini tapmasına, risklərin daha öncədən görülməsinə səbəb olacaq. Həmçinin onlar cəmiyyət üçün daha faydalı olan işlərlə məşğul olacaqlar. Strategiya gənclərin həqiqətən dövlətin onlara yaratdığı imkanlardan istifadəsinə imkan yaradır. Gənclər bu kimi imkanlardan istifadə edərək, Azərbaycanın maraqlarını istər yerli istər beynəlxalq səviyyədə, milli mənəvi dəyərlərimizi qorunması istiqamətində inkişafa aparacaqlar".

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov sözügedən sənədlə bağlı mətbuata açıqlamasında bildirib ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. O, gənclərə verilən dəstəyi həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırım kimi qələmə verib. Bildirib ki, Azərbaycanda bu gün həyata keçirilən dövlət siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. S.Orucov Prezident İ.Əliyev tərəfindən "Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanmasını dövlətin gənclərə olan xüsusi diqqətinin ifadəsi kimi dəyərləndirib:

"Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artıb. Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Hazırda da gəncliyin inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Hesab edirəm ki, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" da böyük əhəmiyyət kəsb etməklə, bu inkişaf proseslərinə xüsusi təkan verəcək".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov da ölkəmizdə gənclər siyasətinin daim davamlı xarakter aldığını, planlı şəkildə həyata keçirildiyini xatırladıb. Deyib ki, Azərbaycan gəncliyi hər zaman dövlətin diqqətin mərkəzindədir. O, buna daha bir misal kimi, ölkə başçısının "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamı göstərib: "Ümumiyyətlə, gənclərə göstərilən bu diqqət bu günün özündə də davam etməkdədir. Fərdi və yaxud təşkilatlanmış gənclər bunu hər zaman öz üzərlərində hiss edirlər. Xüsusilə ötən il Azərbaycan gənclərinin aktivliyi ilə yadda qaldı. Belə ki, gənclər və yaxud gənclər təşkilatları yeni-yeni layihələrlə çıxış etdilər. Düşünürəm ki, gənclər sektorunda həyata keçirilən sistemli siyasət gələcəkdə gənclərdə bu məsuliyyəti bir qədər də artırır. Gənclər ölkənin gələcəyi sayılırlar. Hər bir şəxs əlindən gələni etməlidir ki, bu missiya layiqincə həyata keçirilsin".

Kaspi.az