Rusiyanın inkişaf dövrü dönməz şəkildə arxada qalıb

15 Yanvar 2015 19:39
"Rusiya iqtisadiyyatı üçün rahat inkişaf dövrü dönməz şəkildə arxada qalıb".

Bu sözləri Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Moskvada keçirilən Qaydar Forumundan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, inkişaf dövrü daha kəskin, daha statik və münaqişəli dövrlə əvəzlənib: "Ona görə də neftin istər 130 dollar olduğu, istərsə də 30 dollar olduğu situasiyada bizim tədbirlərimiz buna adekvat olmalıdır". Nazir Rusiyanın suveren reytinqinin böyük ehtimalla "S&P" (Standard & Poor's) agentliyi tərəfindən aşağı salınacağını qeyd edib. O, Rusiya əhalisinə böhranlı dövrdə sakit qalmağı məsləhət görüb: "Ən başlıcası, mənəvi rahatlığı qorumaq, ailədə möhkəm arxa-dayağa sahib olmaq və hər şeydən daha çox özünün və yaxınlarının sağlamlığını düşünməkdir. Barellər, sanksiyalar, bunlar keçicidir". Xatırladaq ki, "Fitch" reytinq agentliyi yanvarın 9-da Rusiyanın uzunmüddətli reytinqini "BBB-" səviyyəsinə salıb. Bu səviyyədən aşağı səviyyə "zibil" səviyyəsi hesab edilir. Adətən reytinqi "zibil" olan ölkənin iqtisadiyyatına kənardan hər hansı sərmayə yatırılmır və həmin ölkənin maliyyə bazarı alt-üst olur. 

"Rusiya neftin qiymətinin artacağını gözləməyəcək"

Rusiya Federasiyasının Baş Naziri Dmitri Medvedev Qaydar forumunda çıxışı zamanı bildirib ki, hakimiyyət dairələri neftin qiymətinin nə vaxtsa artacağını gözləməyəcəklər. Buna görə də, enerji resurslarının aşağı qiymətləri ilə yaşamağı öyrənməliyik: "İqtisadiyyatımızın tələb və şərtləri prinsipcə dəyişir, buna görə də, gözləmək mümkün deyil". Onun sözlərinə görə, mövcud şərtlər daxilində xərcləri aşağı salmaq, layihələrin keyfiyyətini isə yüksəltmək lazımdır: "Aydın məsələdir ki, rublun zəifləməsi və idxalın bahalaşması fonunda bunu etmək çətindir". D. Medvedev onu da qeyd edib ki, hökumətin büdcə siyasəti iki əsas məsələni həll etməyə kömək edəcək: müxtəlif sosial proqramların həyata keçirilməsi və milli iqtisadiyyatın dəstəklənməsini. Rubl azad konvertasiya olan valyuta olaraq qalır deyən D. Medvedov əlavə edib ki, Rusiya Mərkəzi Bankı doğru siyasət aparır: "Hakimiyyət rublun azad konvertasiyasından imtina etmək niyyətində deyil. Əlbəttə kursu dondurmaq və bununla da "qara bazarı"nı canlandırmaq, idxalçılara təslim etmək olar. Yəni arayış üzrə məmurun iradəsindən və onunla dost münasibətdən asılı olaraq. Amma bütün bunlar bazarın ardıcıl məhv olması deməkdir". D. Medvedev etiraf edib ki, "indi bir çox şey rubla qarşıdır: neftin qiyməti də, sanksiyalar da". Onun sözlərinə görə, rublun məzənnəsinin tərəddüdündən "şirkətlər də, banklar da və sözsüz ki, sıravi vətəndaşlar da" əziyyət çəkirlər: "Buna baxmayaraq, hesab edirəm ki, Mərkəzi Bankın hal-hazırda yürütdüyü siyasət doğrudur. Biz valyuta ehtiyatlarını israf etmək istəmərik. Bizim rublun sabitliyini təmin etmək üçün kifayət qədər iqtisadi mexanizmlərimiz var. Üstəlik, hətta ən pis şəraitdə belə, bizim milli valyuta kursunun balanslaşdırılması üçün əsas və fundamental faktor sayılan müsbət ödəniş balansımız qalacaq". 

"Rusiya büdcəsinin itkiləri 3 trilyon rubl ola bilər"

Rusiyanın maliyyə naziri Anton Siluanov isə Qaydar forumunda çıxışında söyləyib ki, Neftin 1 barelinin qiyməti 50 dollardan aşağı düşdüyü halda Rusiya büdcəsinin itkiləri 3 trln. rubl həcmində qiymətləndirilir: "Biz hesab edirik ki, neftin bir barelinin qiymətinin 50 dollara qədər olmasına görə gəlirlərimizdə itkilər təxminən 3 trilyon rubl təşkil edəcək". A. Siluanov qeyd edib ki, büdcənin maliyyələşmə mənbələri ilə bağlı problemlər mövcuddur və buna uyğunlaşmaq lazımdır: "Neftin bir barelinin qiymətinin 100 dollar olduğu vaxtda xərclədiklərimizi indi dövlət xərcləyə bilməz".

"Zaman Azərbaycan"