Bu bazar böyüyür

13 Yanvar 2015 19:57
Mikroelektronika komponentlərinin bütün kateqoriyaları üzrə artım qeydə alınıb, amma yaddaş mikrosxemləri bazarı digər seqmentlərdən daha sürətli inkişaf edib və ilin nəticəsinə görə 16,9 faiz artım olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Gartner tədqiqat şirkətinin məlumatına görə, 2014-cü ildə qlobal mikroelektronika komponentlərinin satış həcmi 339,8 milyard dollar təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 7,9 faiz yüksəkdir. Bu halda 25 ən böyük istehsalçının ümumi satış həcmi 11,7 faiz yüksəlib və sözügedən bazarda istehsalçıların ümumi bazar payı 69,7-dən 72,1 faizədək artıb.

DRAM yaddaş istehsalçıları digərlərindən daha yaxşı il keçirib. 2014-cü ildə DRAM bazarında əvvəlki kimi defisit müşahidə olunub və qiymətlər sabit qalıb ki, bu da istehsalçılara satış həcmini 31,7 faiz artırmağa imkan verib.

Intel korporasiyası yenidənqurmadan sonra artımı bərpa etməyə nail olub. Analitiklərin qiymətləndirməsinə görə, sözügedən şirkət 2014-cü ildə 50,8 milyard dollar qazanıb ki, bu da ötən illə müqayisədə 4,6 faiz daha çoxdur.

Milli.Az