"AİB-ə Rusiyanın münasibəti əks-effektli və ziddiyyətlidir"
13 Yanvar 2015 14:57
"Rusiyanın Avrasiya İqtisadi Birliyi (AİB) üzrə tərəfdaşları olan Qazaxıstan və Belarus prezidentləri AİB-n Moskva sammitindən əvvəl Ukraynaya səfər etdilər, ona xoş münasibət göstərməyə başladılar, həm də Qərblə əlaqələrini gücləndirdilər. Rusiya siyasətçiləri və ekspertləri Qazaxstan prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenkonun AİB sammitindən əvvəl Kiyevdə Pyotr Poroşenko ilə görüşməsini az qala xəyanət kimi qiymətləndirdilər. Lukaşenkonu ABŞ-la dostluğuna görə hətta hədələdilər".
Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
M.Əhmədoğlu vurğulayıb ki, Qazaxıstan və Belarusun NATO və ABŞ-la əlaqələrini genişləndirməsi Rusiyanın səhvidir:
"Belorus prezidenti ABŞ-ın diktator hesab etdiyi liderdir. A.Lukaşenko heç vaxt Qərbə meyl etməyib. Amma birdən-birə o, ABŞ-ın 2 şəhərində Belorusun fəxri konsulluğunun açılması barədə sərəncam imzaladı. Eləcə də ABŞ Dövlət Departamenti ABŞ-la Belorus arasında münasibətlərin normallaşmasının mümkünlüyünü bildirdi. Qazaxıstanın Xarici İşlər naziri Y.İdrisov ABŞ-da səfərdə oldu. C.Kerri ABŞ adından Qazaxıstana bütün məsələlərdə dəstək verdi. N.Nazarbayev ağsaqqal statusunda Ukrayna probleminin həllində vasitəçilik etmək istəyir. N.Nazarbayevin fikrincə, Ukraynanın iqtisadi problemlərinin çoxalmasına yol vermək lazım deyil. Ümumiyyətlə Qərb və Rusiya bir-birinə qarşı sanksiyalar siyasətindən imtina etməlidir".
Politoloqun sözlərinə görə, Qazaxıstan Qərblə əlaqəyə xüsusi təkan verdi: "Nəticədə, Qazaxıstanın NATO ilə əlaqələri daha yüksəldi. Qazaxıstanın NATO ilə münasibətlərini Estoniyanın Qazaxıstandakı səfirliyi kurasiya edəcək. Belorus və Qazaxıstanın Qərbə meyl etməsinin əsas səbəbi Rusiyadan narazı qalmalarıdır. Rusiya Belorus və Qazaxıstana qarşı bəzən ləyaqətsiz addımlar atdı. Qərbin sanksiyalarına qarşı Rusiyanın mövqeyini başa düşmək qeyri-mümkündür. Qazaxıstan və Belorus vasitəsilə Rusiya Aİ-nin sanksiyalarını effektli şəkildə neytrallaşdıra bilərdi. Aİ məhsulları Belorus və Qazaxıstan vasitəsilə Rusiya ərazisinə keçə bilərdi. Bununla da Rusiya öz ərazisində məhsul qıtlığının qarşısını ala bilərdi. RF tam öz maraqlarının ziddinə addım atdı. Belorus və Qazaxıstanı Aİ məhsullarını Rusiyanın ərazisinə daşımaqda ittiham etdi. Hədsiz anlaşılmaz və paradoksal vəziyyətdir. Əgər RF Qazaxıstan və Belorus vasitəsilə Aİ məhsullarının öz ərazisinə daxil olmasına maneçilik etməsəydi, bu zaman Qərb özü Qazaxıstan və Belorus ərazisiylə məhsullarının RF ərazisinə girməsini qadağan edəcəkdi. Nəticədə, Qazaxıstan və Belorus Qərbdən inciyəcəkdi. Rusiyanın siyasəti isə həm Aİ-nin sanksiyalarının təsirini artırdı, həm öz ərazisində məhsul qıtlığı yarandı, həm də Qazaxıstan və Belorusu özündən uzaqlaşdırdı, bu dövlətlər Qərbə meyl etdi".
M.Əhmədoğlu qeyd edib ki, AİB üzvü olan işğalçı Ermənistanın beynəlxalq hüququ inkar etməsi, "müstəsnaçılığı" Rusiya tərəfdən dəstəklənir:
"Rusiyanın əsassız təzyiqləri artacağı təqdirdə Qazaxıstan AİB üzvlüyündən imtina edəcək. AİB üzvlüyündən imtina etmiş Qazaxıstanın müdafiəsi Qərb üçün məntiqli və əsaslı görünəcək. Beləliklə, RF MDB məkanında Ukraynadan sonra daha yeni münaqişə ocağı qazanacaqdır".
Milli.Az