Dünyanı lərzəyə gətirən xəstəliklə mübarizədə yeni addımlar atılıb
Ebola virusunun yayılması ilə mübarizədə iki vaksin təcrübədən keçirilir.
Anspress-in məlumatına görə, alimlər Qərbi Afrikada istifadə edilməsi ümidləri ilə vaksinlər üzərində işləyirlər.
Roma yaxınlığındakı laboratoriya isə farmakologiya şirkəti GlaxoSmithKlinea məxsusdur. Burada bir neçə komanda vaksinlər üzərində iş apararaq, bir çox həyat təhlükədə olduğu üçün onların yaxın zamanda istifadəyə verilməsinə çalışır.
Noyabr ayında sınaqdan keçirilən vaksinlərdən biri orqanizm tərəfindən normal qəbul edilib, sınaqda iştirak edən 20 könüllünün immun sistemi vaksinə normal reaksiya göstərib.
GlaxoSmithKline şirkətinin bildirdiyinə görə, vaksin anticisimləri artırır və immun sisteminin infeksiyaya məruz qalan hüceyrələri məhv etməsinə yardım edir.
Laboratoriyaya rəhbərlik edən doktor Rikkardo Kortez: "Ebola virusunu təkcə anticisimlərlə nəzarətdə saxlamaq mümkün deyil. Ənənəvi vaksinlər kifayət etmir. Bizim vaksinlər isə immun sisteminin müəyyən bir hissəsinə təsir göstərərək virusa yoluxmuş hüceyrələri tanıyan T hüceyrələrini gücləndirir. İki strategiyanın kombinasiyası Ebolaya qarşı olduqca effektivdir".
Lakin vaksinlərin ümumistifadəsi üçün əlavə sınaqlara ehtiyac var.
Digər bir farmakologiya şirkəti Merk isə daha bir vaksini inkişaf etdirir. Kod adı VSV-ZEBOV olan bu vaksinin ötən ay sınaqdan keçirilməsindən sonra inkişafı dayandırılıb. Buna vaksin qəbul edən insanların büküklərində yaranan ağrılar səbəb olub. Hazırda bu vaksinin kiçik dozaları sınaqdan keçirilir.
Qərbi Afrikadakı durum qeyri-adi bir tərəfdaşlığa yol açıb. Bu yaxınlarda Vaşinqtonda təşkil edilən forumda Merk şirkətinin prezidenti Juli Qerberdinq bildirib ki, hətta rəqib farmakoligiya şirkətləri belə fəal əməkdaşlıq edir. "Hazırda qeyri-adi bir tərəfdaşlıq mövcuddur. Bunlardan ən mühümü rəqabətdə olan insanlar arasındakı tərəfdaşlıqdır".
Ebolaya qarşı artıq bir neçə vaksin kliniki sınaqlardan keçirilir. Bunlardan biri effektiv olsa belə çox iş görülmüş olacaq. Bu, insanların immunizasiyası ilə yanaşı, yoluxma hallarını aradan qaldıracaq. Bu həm də Ebolanın bir daha ortaya çıxmaması demək olacaq.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusa 20 mindən artıq insanın yoluxduğunu, 8 mindən artıq adamın dünyasını dəyişdiyini bildirir.