Salam olsun Sənə!

14 Aprel 2015 23:10
O, Allah-Təalanın aləmlərə göndərdiyi misilsiz bir nemətdir, mərhəmətdir; O, Allahın Elçisi, Sevimlisidir; O, Rəsulların, Nəbilərin sonuncusu, Seyyidi və Əşrəfidir; O, Allah-Təalanın göndərməyi murad etdiyi uca kitabı Qurani-Kərimi əmanət etdiyi mübarək əllərin Sahibidir; O, bəşəriyyəti Allah-Təalanın lütfü və inayəti ilə zülmətdən aydınlığa çıxaran Böyük Mürşiddir; O, qiyamətə qədər Adəm oğlunun yolunu işıqlandıran Sonsuz Nurdur; O, bütün bu kainatın üzü hörmətinə yaradılmış olduğu Möhtərəm bir Zatdır; O, Allah-Təalanın Qurani-Kərimdə "Allaha iman etdim deyənlər Ona itaət etsinlər"- buyurduğu Böyük Vəkil, Xəlifədir; O, vəhşilər sürüsündən mələklər ordusu çıxaran Tərbiyəçidir; O, bütün həyatını insanların gözünə, ruhuna, yaddaşına köçürüb doğru həyatı öyrədən Ustadd;r; nifrəti sevgiyə, zülməti işığa, cəhaləti elmə, tikanı gülə, savaşı barışa, ədavəti mərhəmətə çevirən və gözəlliklərinin, üstün məziyyətlərinin sözlə ifadəsi mümkün olmayan İlahi bir Hikmətdir.

Bəşər sahib oldüğü yaxşı hər şey üçün Ona borcludur. O, sevən könüllərin Sultanı, təkcə içində yaşadığımız dünyanı deyil, içimizdəki dünyanı da aydınladan, Günəşdən də, Aydan da daha parlaq Sonsuz Nurdur. Həm də elə bir Nur ki, bütün səma cismlərinin, planetlərin başına dolandığı Günəş özü Onun pərvanəsidir. Dünya Onun kimi Gözəlini görmədi, görməyəcək də. O bu dünyaya bir insan olaraq təşrif buyurdu, dünya Onun gəlişi ilə şərəfləndi, amma Ona adi bir insan kimi baxanlar Onun gözlə görünməyən uca məziyyətlərini nə sezə, nə də sevə bilərlər. Əslində O elə insan şəkli ilə də Adəm babadan qiyamətə qədər gəlib keçmiş və keçəcək hər kəsdən daha gözəldir, amma dediyimiz kimi, Onun gözəlliklərini təkcə iki qaşın altındakı iki gözlə görənlər Onu tanıya bilməzlər; Onu könlünün gözü ilə görənlər tanıyar və tanıyanlar da Onun yolunda, Onun uğrunda, Ona bənzəmək istiqamətində özündən, özlüyündən imtina edərlər. Günəş səhər doğar, axşam batar, Onun nuru isə hər zaman görən gözlərdə, sevən könüllərdədir, dünyamızın üstündədir.

O, miladi təqvimi ilə 571-ci ilin belə bir işıqlı aprel gününə açılan dan üzü dünyaya gözünü açdı. Əslində həmin o dan üzündə doğulan təkcə O deyildi, Onunla birlikdə bu dünya yenidən doğulur, yeni anlam, yeni mahiyyət qazanırdı. O aprel səhəri də heç adi bir səhər deyildi, bəlkə də, dünyanın ən xoş saatı, ən şirin ovqatı idi. Atası Abdullah O hələ ana bətnindəykən bu dünyadan köçüb getmişdi, adını babası Əbdülmüttəlib verdi: Məhəmməd, yəni yerlərdə və göylərdə öyülmüş, mədh edilmiş. Əslində bu ad yəhudilərə çoxdan bəlli idi və O adda, Onun nişanları ilə birisinin sonuncu peyğəmbər, xilaskar kimi gələcəyini illərdən bəri gözləyirdilər. Bəziləri ilini, ayını, gününü belə bilə bildilər, amma "bizdən deyilsə, bizim deyil" korluğu ilə inkar yolunu tutdular. Kimə neylədilər ki? Kimə neyləyə bilərdilər ki, özlərindən savayı. Onu sevənlər isə havadan qoxusunu alıb ciyərlərinə çəkdilər, torpaqda ayaq izlərini tapıb üz sürdülər. O, bir ayrı sevgi, O, bir ayrı insan, O, bir ayrı örnək idi... Birindən bir şey soruşdusa, doğrunu öyrətmək üçün soruşdu; birindən bir şey istədisə, onun xeyri üçün istədi. O, dünyanın bəxtinə yazılmış ən böyük Xeyirdir. Bütün gözəlliklərin ən gözəl örnəyi Onun həyatındadır. 

Təvazökarlığı

Bir qadın gəlmişdi, nəsə diləyi vardı. Onu görüb həyəcanlanmışdı, fikrini doğru-düzgün ifadə edə bilmirdi. Rəsulullah onun bu halını görüb ürək-dirək vermək üçün belə dedi: "Sən niyə həyəcanlanırsan ki? Mən quru çörəyi su ilə isladıb yeyən bir qadının oğluyam". Hər cür haqqı olmasına baxmayaraq, Özünü başqalarından üstün tutmadı, hamı kimi işlədi, kərpic daşıdı, tirin bir başından yapışıb götürdü. "Sən çalışma"- dedilər, cavabında "tənbəlliyi, acizliyi heç sevmərəm" söylədi. Başmağını, paltarlarını Özü təmizlədi, Özü yamadı. Qapını cırmaqlayan pişik üçün qalxıb qapı açdı. Dəvəsini özü açıb, özü bağlayırdı, qoyunlarını sağırdı, heyvanlara ot-ələf verirdi. Evinə gələn qonaqlara öz əlləri ilə xidmət göstərdi. Xidmətçisi ilə birlikdə süfrəyə əyləşir, bir qabdan yemək yeyirdi. İnsanlar Ona nə qədər ehtiram göstərsələr də: "Mən də sizin kimi Allahın quluyam"- dedi. Bir məclisə girəndə yuxarı başa keçməzdi, harada boş yer tapsa, orada oturardı. "Mən gələndə ayağa durmayın",- deyirdi. Böyük-kiçik demədən birinci özü salam verərdi. Təkəbbürü heç sevməz, "İnsaın ürəyində təkəbbür varsa iman, iman varsa, təkəbbür ola bilməz"- buyururdu. Bir qızıl düsturu da vardı: Az ye, az yat, az danış! 

Mərhəməti

İnsanları cəhalətin qucağından, cəhənnəmin alovundan qurtara bilmək üçün gecə-gündüz çalışar, heç bir fədakarlıqdan çəkinməzdi. "Bir insanı qurtarmaq bütün bəşəriyyəti qurtarmaq kimidir"- buyurardu. Xəyanəti mərhəmətlə qarşılayar, bəddua etməyə tələsməzdi, "Allahım, bilmirlər, bilsəydilər, belə etməzdilər",- deyib onu daşa basanlara əfv diləyərdi.

Həmzə adında bir əmin, uşaqlıq yoldaşın, sirdaşın, olmayan qardaşından əziz bir süd qardaşın, Səni canından çox sevən bir qoruyucun, sipərin ola və gözləri cəhalətdən kor olmuş bir canavarın fitvası ilə hələ özü də adı kimi Vəhşi olan birisi Sənin o sevimli əmini, dostunu, qardaşını, qoruyucunu nizəylə köksündən vurub şəhid eləyə, ürəyi soyumaya, Həmzə kimi o yarın, o yaranın sinəsini parçalaya, ürəyini, ciyərini çıxarıb düşmən ayaqlarının altına ata, belə bir qəddarı bağışlaya bilərsənmi? Kim bağışlaya bilər ki? Amma o bağışladı. Çünki Onun həyatı Öz duyğuları, öz istəkləri ilə deyildi, Allah-Təalanın rizası istiqamətindəydi. İş belə olandan sonra Vəhşini belə bağışlamaq olur və bağışlanən Vəhşi də o Mərhəmətin ağırlığı altında dayana bilmir, incəlib mələk halına gəlir.

Onun mərhəməti təkcə insanlığı deyil, bütün kainatı qucaqlamağa, bürüməyə yetirdi. Ağacın sınmış budağını dikəldib sarıyar, heyvanlara qayğı göstərərdi. Susuzluqdan ölmək üzrə olan bir iti suvaran qadının bu əməlinə görə Cənnətə girəcəyini, pişiyi qapalı bir yerə dustaq edib ac-susuzluqdan ölməsinə səbəb olmuş birisinin bu əməlinə görə cəhənnəmə girəcəyini bildirmişdi.
 

"Zaman Azərbaycan"