Fransada "Əl Qaida" və İŞİD birləşdi - FOTO

10 Yanvar 2015 11:22

Fransanın Monpelye şəhərindəki zərgərlik dükanına girərək oradakı insanları girov götürmüş şəxs polisə təslim olub.
 

Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, cinayətkar dünən dükanda iki qadını girov saxlayırdı.

Polislə danışıqlardan sonra o, girovları buraxıb.
 

Monpelyenin prokuroru Kristof Barrenin dediyinə görə, dükandakı olayın Parisdə yanvarın 7-də və 9-da baş vermiş terror aktları ilə heç bir əlaqəsi yoxdur.
 

Yanvarın 7-də 3 terrorçu "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücum etmişdilər. Onlar 12 nəfəri, o cümlədən jurnalın baş redaktoru və 4 karikaturaçı rəssamı gülləyərək qətlə yetiriblər, 11 nəfəri yaralayıblar.
 

Terrorçulardan 34 yaşlı Səid və 32 yaşlı Şərif Kuaşi qardaşları dünən Parisdən 50 km aralıdakı Dammarten an Qoel şəhərində bir girov götürərək aradan çıxmaq istəyiblər. Lakin polis onları sığındıqları nəşriyyat binasında məhv edib.
 

Dünən 32 yaşlı Əmedi Kulibali Parisdəki supermarketdə girovlar götürərək Səid və Şərif Kuaişinin azadlığa buraxılmasını tələb etmişdi.

Koşer ərzaq məhsulları supermarketində polisin keçirdiyi əməliyyat nəticəsində Əmedi Kulibali məhv edilib. Lakin o, 4 girovu güllələmişdi.

Ə.Kulibali BFM TV telekanalına zəng vuraraq İŞİD mənsubu olduğunu demişdi.
 

A.Kulibali Parisin Vensen darvazaları səmtindəki dükanda vətəndaşları girov götürməzdən əvvəl Monruj şəhərində polis zabitini və yol xidmətinin əməkdaşını avtomatdan güllələmişdi.
 

İŞİD Parisdəki teraktları bəyəndiyini bildirəndən sonra "Əl Qaidə" qruplaşmasının Yəməndəki birləşməsi "Charlie Hebdo" jurnalına hücumun məhz bu təşkilat tərəfindən hazırlandığını bəyan edib.
 

Fransa polisi indi A.Kulibalinin xanımı 26 yaşlı Həyat Buməddini axtarır.

Ekspretlərin dediklərinə görə, bir-birlərinə düşmən olan "Əl Qaida" və İŞİD terror təşkilatlarının Fransada birgə əməliyyatlar keçirmələri çox təhlükəli məqamdır.
 

"Əl Qaida" dünən internetdə bəyanat yayaraq Fransada "İslama və müsəlmanlara qarşı təhqirlərlə təqiblərə son qoyulmayacağı təqdirdə yeni intiqam aksiyalarının keçiriləcəyini" bildirib.
 

"Ərəbistan yarımadasında Əl Qaida" qruplaşmasının liderlərindən biri şeyx Həris ən Nəzəri isə videomüraciətində deyib: "Fransanın bəzi oğulları Allahın rəsuluna qarşı hörmətsizlik etdilər. Buna görə də Allahın sadiq əsgərləri onlara qarşı çıxaraq sayğının nə olduğunu öyrətdilər".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.