Uşaqlar üçün yeni planşet

9 Yanvar 2015 23:48
ABŞ-ın Fuhu şirkəti Las-Veqasda keçirilən Consumer Electronics Show 2015 (CES) istehlak elektronikası sərgisində Android mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən gənc qurğu istifadəçiləri üçün 65 düym diaqonallı (165,1sm) planşet kompüter nümayiş etdirib.

Fuhu Nabi Big Tab XL adlanan qurğu xarici görünüşünə görə televizoru, funksionallığına görə planşeti xatırladır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Fuhu 65 düym diaqonalı böyük hesab edənlər üçün televizor ölçüsündə (32, 43 və 55 düym) olan modellər təklif edir. Lakin sərgidə şirkət yalnız 65 və 55 düymlü planşetlər nümayiş etdirib.

Planşetlərin ekranlarının təsvir ölçüsü modellərdən asılı olaraq dəyişir. Belə ki, böyükölçülü modellər UHD (4K), daha kompaktlar 1080p (Full HD) formatlı təsvir ölçüsünə malikdir. Prosessorların gücü də böyükölçülü və kiçikölçülü modellər üzrə dəyişir. Nisbətən kiçik qurğular 2,3 giqahers takt tezlikli 4 nüvəli Nvidia Tegra K1 prosessoru və 2 giqabayt tutumlu operativ yaddaş, daha böyük modellər Nvidia Tegra X1 prosessoru və 4 giqabaytlıq yaddaş ilə təchiz edilib. Lakin onların hamısını Android 5.0 əməliyyat sistemi və uşaq və valideynlər üçün ayrıca rejimlərə malik Blue Morpho interfeysi birləşdirir.

Ötən il CES sərgisində təqdim olunan 24 düymlü Big Tab planşetindən fərqli olaraq Big Tab XL modeli nəhəng qurğudan tam televiziya paneli kimi istifadəyə imkan verən HDMI çıxışları ilə təchiz edilib.

65 düymlü Big Tab XL planşetinin qiyməti 4 min dollar, 55 düymlü modelin 2499 dollar təşkil edir.

Milli.Az