Kürdə suyun sərfi artıb
5 Yanvar 2011 13:37
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, dekabrın III ongünlüyündə Kür çayında suyun sərfi əvvəlki ongünlüyə nisbətən 21 m3/san artaraq 127 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 5, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 32,4 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,76-6,72 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Milli.Az