Bank "div"i müdafiə qurur

5 Yanvar 2011 08:37
Milli.Az xəbər portalı "The New York Times"a istinadən bildirir ki, ABŞ-ın ən böyük bankı "Bank of America" qalmaqallı WikiLeaks saytının onun korrupsiya sxemlərini açıqlamaq təhdidlərinə cavab olaraq müdafiəyə başlayıb. Bank açıqlanacağı təqdirdə, onun nüfuzuna zərbə vura biləcək daxili yazışma və sənədləri yoxlayır.

Bankın baş risk-meneceri Bryus Tompsonun rəhbərlik etdiyi və 20 mütəxəssisdən ibarət qrup məhz hansı informasiyaların WikiLeaks-ə sızdığı və bunun necə baş verdiyini araşdırmağa çalışır. Mümkün "sızıntı"ların vura biləcəyi zərbələri maksimum azaltmaq üçün bank "Booz Allen Hamilton" konsaltinq şirkəti ilə müqavilə bağlayıb, habelə bir neçə məşhur hüquq şirkətlərinə üz tutub.

Bir qədər əvvəl WikiLeaks-in banisi Culian Assanj əməkdaşlarının birinin kompüteri vasitəsilə "Amerikanın iri bankını çökdürməyi" vəd etmişdi. Saytın bu yaxınlarda açıqlamağı vəd etdiyi sənədlər "həmin bankın mənəviyyatsız fəaliyyətindən bəhs edərək korrupsiyanın ekosisteminin maskasını yırtacaq"mış.

"The New York Times" bildirir ki, "Bank of America"nın daxili yazışmaları olan sərt diskin Assanjda olması barədə hələlik heç bir məlumat yoxdur.

Tariyel
Milli.Az