Bu da 4 QB əməli yaddaşlı smartfon

7 Yanvar 2015 22:57
Asus şirkəti CES 2015 beynəlxalq elektronika sərgisində 2,3 QHs takt tezlikli Intel Atom Z3580 prosessoru və 4 QB əməli yaddaşla təchiz edilmiş qabaqcıl Asus ZenFone 2 smartfonunu nümayiş etdirib. Qurğu Android 5.0 Lollipop platforması ilə işləyir.

ZenFone 2 smartfonu Full HD (403 ppi) təsvir ölçülü 5.5 düymlük TruVivid sensor ekranı və Gorilla Glass 3 qoruyucu şüşəsi ilə təchiz edilib. İddialara görə, ekranın rəngötürücülüyü və baxış bucağı rəqiblərlə müqayisədə daha yaxşıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Zenfone 2 smartfonunda ikiqat işıq diodu işıqlandırıcısı və zəif işıqlandırma şəraitində fotoşəkillərin keyfiyyətini yüksəldən PixelMaster texnologiyasına malik 13 meqapiksellik kamera istifadə olunur. İstehsalçının məlumatına əsasən, sözügedən aparatın kamerası iPhone 6 Plus, Samsung Galaxy Note 4 və başqa qabaqcıl smartfonlarla müqayisədə daha yaxşı çəkir. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.

Aparat eyni anda iki SİM kart dəstəkləyir. Məlumatların saxlanılması üçün yaddaşın həcmi 16-64 QB arasında dəyişir, bundan başqa, 64 QB-dək tutumda microSD kartları dəstəklənir. Qurğu 3000 milliamper/saat tutumunda akkumulyator batareyası və LTE Cat 4 modulu ilə təchiz edilib.

Qara, boz, ağ, qırmızı və qızılı korpuslarda əlçatan olacaq qurğunun satışlarına bu ilin martında start veriləcək.

Milli.Az