Təqaüdçülər üçün ən yaxşı ölkə

4 Yanvar 2015 19:57
Ekvador yaşlı insanlar üçün ən yaxşı şəraiti olan ölkə hesab edilib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkələrin müvafiq reytinqini ABŞ-ın "İnternational Living" nəşri tərtib edib.

Reytinq iqlim, səhiyyənin səviyyəsi və həyatın dəyəri kimi göstəricilər əsasında müəyyənləşib. "Bu ölkədə 1 dollara ABŞ və Kanada ilə müqayisədə xeyli çox şey ala bilərsiniz. Cəmi 10 dollara yaxşı həkimə düşə, restoranda isə cəmi 2,5 dollara nahar edə bilərsiniz" - öz seçimini əsaslandıran nəşr yazır.

Ekspertlərə görə, Ekvadorda daşınmaz əmlakın qiyməti də yüksək deyil. Yaşı 65-dən yuxarı insanlar isə böyük güzəştlərə malikdir: məsələn, kinoteatrlara, idman tədbirlərinə bilet, ictimai nəqliyyatda gedişhaqqı onlar üçün 50% ucuzdur. Aviabiletləri də pensionerlər ucuz alırlar.

Reytinq cədvəlində ikinci yerdə Meksika, üçüncü yerdə isə Panamadır. İlk onluğa, həmçinin Malayziya, Kosta-Rika, Malta, İspaniya, Portuqaliya, Kolumbiya və Tailand daxildir.

Qeyd edək ki, Ekvadorun iqtisadiyyatı artıq 15 ildir ki, ildə 5%-lə artır.

Milli.Az