"Arxadan da başıma "rojok"la vururdular, bir təhər qaçdım"- Reşka, salam.- Aleykümə.
- Tanıdın? Azikin tanışıdır. Keçən dəfəki kimi olsun.
- Qardaşımsan, adresi mesajla göndərəcəm.
Dialoq sutenyorla müştəri arasındakı söhbətdəndir. Reşka qadın alveriylə məşğul olur, müştərilərə bir gecəlik fahişə təşkil edir. Növbəti müştərisi Əliyə (ad şərtidir) gələcəyi adresi mesajla atır.
Əli danışdıqları vaxtda həmin ünvana gəlir. Evdə ona hazırlanan sürprizdən xəbərsiz qapını döyür.
- İyirmi-iyirmi beş yaşlarında qadınıydı. İçəri girən kimi qadın qapını arxamca bağladı və açarı cəftədən çxıartdı. Duyuq düşdüm. Normalda belə etmirlər. Ayaqqabımı soyunmadan otaqlara boylandım. Mətbəxdən səs gəlirdi. Qıza dedim ki, aç qapını, gedirəm. Açmadı. Açarı xalatının cibinə qoyduğunu görmüşdüm. Əlimi atdım ki, açarı çıxaram, qışqırdı. Səsə mətbəxdəkilər də gəldilər. İki kişi. Əgər onlara kişi demək olarsa. Geyimlərindən gey olduqları bəlliydi. Onlara başa salmağa çalışdım ki, bu iş mənlik deyil.
Əlinin o evdən getmək istəyi onlar arasında əlbəyaxa davaya dönür. Qız bir yandan, "kişi"lər bir yandan. Fiziki cəhətdən güclü sayıla biləcək Əlinin onlara gücü çatmır.
- Boksla məşğul oluram, yarışlarda iştirak etmişəm. İnanın, onlara vurduğum zərbəni rinqdə vursaydım, rəqibim nokauta düşmüşdü. Bunlar isə rezin top kimi üstümə qayıdırdılar. Gördüm, gücüm çatmır, vurmaqdan əl çəkdim. Dedim, bircə çıxım buradan. Qıza tərəf çöndüm ki, açarı necə olursa-olsun götürüm. Arxadan da başıma "rojok"la vururdular. Birtəhər o evdən çıxdım.
Oradan dərhal xəstəxanaya gedir. Başına tikiş vurdurandan sonra həkimlərin sözünə baxmayaraq yatmır. Məsələni özü həll etmək qərarına gəlir.
- Uşaqlara bir-bir zəng elədim. Toplandıq, getdik həmin ünvana. Dəhlizdə qan izləri vardı. Qapını döydüm, açmadılar.
Qapının az qala qırıldığını eşidən qonşular bloka çıxırlar. Evin gündəlik kirayə verildiyini deyirlər. Əligil həmin evi gündəlik kirayə verən makleri tapsalar da, icarələyənləri tapa bilmirlər. Çünki heç bir sənəd tələb etmədən icarəyə verdiyi evləri kimlərin icarələdiyini tanımır.
Otellərdə şəxsiyyət vəsiqəsi tələb olunduğundan bu vasitələrə əl atanların sayı nəinki paytaxtda, bölgələrdə də az deyil. Cəmi 50 manat verməklə gündəlik evlər tutulur.
Adını gizli saxlamaq şərti ilə bizimlə danışan makler hər adama ev vermədiyini deyir.
- Ancaq tanışlarıma və tanışlarımın tanışlarına verirəm evi. Dörd evim var. Hamısı da bir-birinə yaxın. Cavan oğlanlardır. Harada görüşsünlər bəs? Otellər həm sənəd tələb edir, həm də od qiymətinə. Bəzən görüşməyə utanırlar. Açarı qapının ağzındakı xalçanın altına qoyub, ünvanı başa salıram. Pulunu isə tapşırıram ki, stolun üstünə qoyub çıxsınlar. Neçə ildir bu işlə məşğulam. İndiyə qədər heç bir problemlə rastlaşmamışam. Əvvəl bir evim vardı. Yavaş-yavaş o birilərini də aldım. Təmizliyinə söz ola bilməz. Xidmətçi qadın tutmuşam. Gündə neçə dəfə təmizləyir. Qonşularla da problemim yoxdur. Sakit gəlib, sakit gedirlər. Problem yaradacaq müştəriləri uzaqlaşdırıram.
Onu daimi müştərilərindən birinin nömrəsini verməyə razı salırıq. Əvvəl danışmağa razı olmasa da, adının anonim qalacağına inandırırıq. Şərti ad altında yazıya davam edirik.
Rəşad Mansurla iş yoldaşı vasitəsi ilə tanış olduqlarını deyir.
- Rayondan gəlmişəm. Orta dolanıram. Həmyerlimlə kirayə ev götürmüşük. Cavan oğlanam. Yaşamaq istəyirəm. Ayrı evim yoxdur deyə qadınla görüşməyim? Otelə getmək olmur. Həm bahalıdır, həm də deyirlər otaqlarda kameralar var. Dostuma görə yaşadığım evə apara bilmirəm. Ayıbdır. Tək ev tutmağa da imkanım yoxdur.
Tanış-tunuşla soraqlaşıb başqa bir maklerin nömrəsini alırıq. Elçin adlı biriylə əlaqə saxladıq. Evlərin hamısının dolu olduğunu deyir və əlaqə saxlamağımız üçün əlavə nömrə verir. Qarşı tərəf nömrəsini kimin verdiyini dəqiqləşdirəndən sonra ev haqqında məlumat verir.
- Ev "28 May" tərəfdədir. Şəraiti normaldır.
Günü 40 manatdır. İstəyirsən, evdə bir gün qal, istəmirsən, 3 saat. Onlar üçün fərqi yoxdur. Qiymət dəyişmir. Amma gələrkən üstümdə ya şəxsiyyət, ya da tələbə biletimi gətirməyimi istədi. Tələbə bileti istəməyindən bilinir ki, bu evlərdən daha çox tələbələr istifadə edirlər.
Düzü, sənəd istəyəndə sevindik ki, müştərinin kimliyi ilə maraqlanırlar. Sonra özü bildirdi ki, müştərilər çox zaman evin açarını da özləri ilə aparırlar deyə, sənəd tələb edirlər.
Nə isə, vədələşdik. Axşam məni "28 May" metrostansiyasının yeni çıxışında gözləyəcəyini, ödəniş ediləndə açarı da götürə biləcəyimizi deyir.
İnternetdə də gündəlik evlərin "n" qədər elanı var.
"Yasamalda iki otaqlı ev gündəlik kirayəyə verilir.
Qiyməti: 40 AZN
Əlaqələndirici şəxs: debilboy
Region: Bakı"
Saytda olan oxşar elanlara da baxdım. Qiymətlər təxminən eyniydi. 35-40 manat arası. Elanda qeyd edilən nömrəyə zəng eləyib "debilboy"la danışıram. Artıq evi aylıq kirayə verdiyini deyir.
Evlərin alqı və satqısıyla bağlı digər şirkətlə də əlaqə saxladıq. Gündəlik kirayə verilən evlər arasında ən bahalısını seçib, zəng etdik. Deyir ki, gündəlik evlər yalnız xaricdən gələn qonaqlara verilir. Azərbaycan vətəndaşına da ev verirlər. Lakin nikah kağızı mütləqdir. Bundan sonra müştəri ilə şirkət arasında müqavilə bağlanacaq.
Gündəlik icarəyə verilən "Port Baku"dakı evlərin biri üçün zəng edirik. Günü 100 manatadır. Vasitəçi deyir ki, evi ancaq xarici vətəndaşlara verir. Xaricilərə verəndə aviabiletlərinə də baxır. Azərbaycanlılara gəlincə isə ancaq evli cütlüyə verir. Bir də ancaq qızlara və oğlanlara. Evdə kamera quraşdırıldığını da gizlətmir. Dəhlizdəki kamerayla orada baş verənləri izləyirlər. Fövqəladə hal baş verərsə, müştərini gecə yarısı da olsa, evdən çıxaracağını da vurğulayır.
Bəs gündəlik evlər necə icarəyə verilməlidir? Qanunlar nə deyir?
"İcarə haqqında" Azərbaycan Respublikası qanununa əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin qanuna əsasən, icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd - icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.
Hüquqşünas Azər Tanrıverdinin sözlərinə görə, AR Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir: "Əmlak kirayəsi müqaviləsi məsələləri AR Mülki Məcəlləsinin 33-cü fəsli ilə tənzimlənir. Həmin məcəllədə kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Kirayə müqaviləsinin müddəti isə qanunvericiliklə məhdudlaşdırılmır. Mülki və Vergi qanunvericiliklərinin tələblərinə əsasən aydın olur ki, kirayə verən vergi ödəyicisi kimi qeydiyyatdan keçməlidir. Əks təqdirdə kirayə verən AR İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə müvafiq olaraq qanunsuz sahibkarlıq fəaliyyətinə görə məsuliyyətə cəlb olunmalıdır".
lent.az