10 nəfər itən təyyarədən necə qurtuldu?
29 Dekabr 2014 20:39
İndoneziyanın Surabaya şəhərindən Sinqapura gedərkən 162 adamla itən "AirAsia" şirkətinə məxsus təyyarə ilə bağlı bir möcüzə yaşanıb.
Anspress-in məlumatına görə, həmin təyyarəyə bilet alan 10 nəfərlik bir ailə hava limanına gec çatdığı üçün indi Allaha şükür edirlər. "QZ8501" saylı uçuşa gecikən ailə bunu "Allahın təqdiri" sayır.
Almaniyanın "Die Welt" qəzetinin yazdığı məqalədə bildirilir ki, təyyarəyə gecikən ailə hava limanında aeroportun işçiləri ilə xeyli mübahisə edib. Bir neçə saat sonra onlar təyyarənin radarlardan itdiyini öyrəndikdə gecikmələrinə seviniblər.
36 yaşlı ailə başçısı Kristianavati baş verənləri belə qiymətləndirib: "Bəlkə də, Allah qədərimizi belə yazmışdı. Allah mənim və ailəmin o təyyarəyə minməsini istəmədi".
Altı böyük və 4 uşaqdan ibarət olan ailə yeni il tətili üçün İndoneziyanın Yava adasından Sinqapura gedəcəkmiş. Onların biletində uçuş vaxtı 07:30 göstərildiyi halda təyyarənin uçuş vaxtı sonradan dəyişdirilək 05:30-a təyin edilir. Sözügedən ailəyə uçuş vaxtının dəyişməsi barədə elekton poçt vasitəsi ilə xəbərdarlıq edilsə də, ailə e-mail-ə gələn məktubu vaxtında oxuya bilməyib. "AirAsia" şirkətinin əməkdaşları telefonla nə qədər çalışsalar da sözügedən ailə ilə əlaqə saxlaya bilməyiblər. Beləliklə 10 nəfərlik ailə aeroporta gələn zaman təyyarənin uçduğunu öyrənir...
Milli.Az