Ömrün uzunluğunu əvvəldən görmək olacaq
30 Dekabr 2014 00:10
Başqa hüceyrə strukturlarından fərqli olaraq, mitoxondrilərin özünün dezoksiribonuklein turşuları (DNT) vardır. 2-10 ədəd elə də böyük olmayan xromosom mitoxondrinin funksiyası üçün 37 ədəd geni kodlaşdırır. Sən demə, mitoxondrial DNT-nin (mtDNT) sayı ilə insan səhhətinin vəziyyətini, hətta ömrün uzunluğunu proqnozlaşdırmaq olar.
Milli.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Con Hopkins Universitetinin alimləri bunu ortaya çıxarıblar.
Bundan əvvəlki araşdırmalarda alimlər yaşlı insanlarda xəstəlik, əzələ kütləsinin azalması və mitoxondrial DNT-lərin miqdarı arasındakı əlaqəni aşkar ediblər. Tez-tez xəstələnmək qocalmağın əsas əlamətlərindən biridir. Buraya zəiflik, enerji azlığı və çəkinin aktivliyinin azalması da daxildir.
1980-ci illərdə başlanmış və 20 il ərzində davam etmiş tədqiqatlarda mütəxəssislər qan nümunələrində mtDNT-lərin miqdarını analiz ediblər. Məlum olub ki, xəstəliyə meylli olan insanlarda mtDNT-lərin miqdarı təxminən 9% az olur.
Tədqiqatlar ortaya çıxarıb ki, mtDNT-lərin miqdarının az olduğu insanlar digər insanlara nisbətən 31% daha çox xəstəliyə meylli olurlar. Tədqiqatçılar könüllülərin nə vaxt dünyalarını dəyişdiklərini də araşdırıblar. Mitoxondrial DNT-lərin miqdarı çox olan insanlar digərlərindən təxminən 2.1 il çox yaşayıblar.
Milli.Az