Windows XP hələ də populyardır

29 Dekabr 2014 22:25
Windows XP əməliyyat sisteminin dəstəyi hələ cari ilin aprelində Microsoft korporasiyası tərəfindən dayandırılıb.

Bununla belə, sözügedən platforma hələ də populyarlığına görə ikinci masaüstü əməliyyat sistemi olaraq qalır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ilin dekabrına olan statistikaya görə, Windows 7 əməliyyat sistemi (ƏS) ən populyardır. Bu sistem kompüterlərin 54,34 faizinə quraşdırılıb. Windows XP-nin bazar payı tədricən azalır, bununla belə hələ də istifadəçilərin 13 faizi məhz bu sistemə üstünlük verir.
 

Microsoftun yeni Windows 8.1 əməliyyat sisteminin bazar payı 12,96 faiz təşkil edir. Çox güman ki, bu platforma tezliklə Windows XP-ni ötərək ikinci pilləni tutacaq.

Dördüncü pillədə 8,81 faiz bazar payına malik Apple OS X əməliyyat sistemi qərarlaşıb.

Linux platformasının bazar payı 1,39 faizdir.

Ümumilikdə, bütün əməliyyat sistemi bazarının 88 faizdən çoxu Windows ƏS-nin müxtəlif versiyalarının payına düşür.

Milli.Az