İtən təyyarə ilə bağlı yeni xəbər: 162 nəfər axtarılır - FOTO

29 Dekabr 2014 09:37

Malayziyanın "AirAsia" aviaşirkətinin "Airbus A320-200" sərnişin təyyarəsinin okeana düşərək batdığı güman olunur. İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin (BASARNAS) rəhbəri Bambanq Soelistio belə hesab edir.
 

Milli.Az AsiaOne-a istinadən bildirir ki, B.Soelistio deyib: "Bizə verilən koordinatları nəzərə alaraq laynerin səmada qəzaya uğradığını və okeanın dibinə düşdüyünü güman edirik. Təyyarənin qalıqlarının aşkarlanması da çətin iş ola bilər. Belə axtarışlar aparmaq üçün İndoneziyanın gərəkli xilasetmə avadanlığı, habelə təyyarəni okeanın dibindən qaldırmaq üçün sualtı qurğuları yoxdur. Belə avadanlıqları başqa ölkələrdən almaq üçün İndoneziyanın Xarici İşlər Nazirliyinə müraciət etmişik".
 

İndoneziyanın vitse-prezidenti Yusuf Kallanın dediyinə görə, təyyarənin okeana düşərək parçalandığını düşünür.

"AirAsia" aviaşirkətinin rəhbəri Toni Fernandes isə laynerin taleyi ilə təsdiqləyici iddialar səsləndirmək əvəzinə axtarışın nəticələrini gözləməyi məsləhət bilib.
 

İndoneziya Hərbi-Hava Qüvvələrinin komandanlığından verilən məlumata görə, axtarışlar Belitunq adasının yaxınlığında aparılır. Əməliyyatın rəhbərliyi axtarış zonasını 7 hissəyə bölüb. Axtarışlara 2 təyyarə, 3 helikopter və 8 xilasetmə gəmisi cəlb olunub.
 

Axtarışlar bölgəsinə Sinqapur HHQ-nin hərbi-nəqliyyat təyyarəsi ilə bu ölkənin HDQ-nin iki gəmisi də göndərilib.


Malayziyanın "AirAsia" aviaşirkətinin "Airbus A320-200" təyyarəsi QZ8501 reysi ilə İndoneziyanın Surabay şəhərindən Sinqapura uçurdu. Təyyarə dünən dispetçerlərin radarlarından yoxa çıxıb.
 

Layner Yava dənizindəki Borneo adasının üzərində olanda, uçuşdan 42 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib.

Təyyarədə 152 sərnişin, 2 pilot, bortmühəndis və 4 stüardessa vardı. Həmin şəxslərin 155 nəfəri İndoneziya, 3 nəfəri Cənubi Koreya, 1 nəfəri Britaniya, 1 nəfəri Malayziya, 1 nəfəri Sinqapur, 1 nəfəri Fransa vətəndaşıdır.
 

Dünən bütün gün davam edən axtarışlar axşam saatlarında dayandırılıb və bu gün səhər yenidən başlanıb.
 

Axtarışlar hazırda Kalimantan (Borneo) və Belitunq adalarının arasında, Cənubi Çin və Yava dənizlərini birləşdirən Karimata boğazı hövzəsində aparılır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.