"Siyavuş Aslan bufetdə məni görüb dedi ki, gəl səni öpüm" - FOTOSESSİYA
28 Dekabr 2014 14:35
Budəfəki "Brifinq" bayram ab-havasında keçdi. "Gündəlik Teleqraf"çılar iclas otağını bəzəyib bayram həftəsində pozitiv qonağını - Sənubər İsgəndərlini qarşılayıb xoş ab-havada söhbət apardılar. Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Sənubər xanım qarşıladığımız 2015-ci ilə olan arzu və istəklərindən danışdı, yola saldığımız ilə qısa ekskursiya elədi.
Nərgiz Ehlamqızı: Sənubər xanım, Yeni ili necə qarşılayacaqsınız?
- Heç vaxt Yeni illə bağlı xüsusi planlaşdırma etmirəm. Bu, ailə bayramıdır. Ailələr bir araya toplaşır. Ya qızımgil bizə gələcək, ya da mən heç olmasa 1 saatlıq onlara baş çəkəcəyəm.
N.Ehlamqzı: Bəs 2015-ci ildən gözləntiləriniz nədir?
- Sənət adamı nə gözləyər? Rollar, maraqlı işlər. Tamaşaçı qarşısına üzü ağ çıxaq, xəcalətli qalmayaq. Gözlədiklərim yalnız sənət uğurlarıdır, bir də Allah əmin-amanlıq eləsin, ürəyimiz sevinsin. Ancaq can sağlığı istəyirəm, balalarımın canı sağlam olsun.
Aytən Əliməmmədova: Bəs 2014-cü ili necə yola salırsınız?
- Elə bir yaş dövründəyəm ki, səhər yuxudan oyananda Allahıma şükür edirəm ki, gözümü açdım. Yəni bu ili qadasız, xəstəliksiz, müharibələrsiz, zəlzələlərsiz başa vurmuşamsa, buna min şükür. Kataklizimlər olmayıbsa, hər şey yaxşıdır. Amma sənət baxımından demək olar ki, heç nə.
Taleh Şahsuvarlı: Niyə heç nə?
- Onun bir sıra subyektiv və obyektiv səbəbləri var. Bizim sənət asılı sənətdir. Rejissor deyiləm ki, özüm üçün tamaşa qoyum, oynaym. Rejissor bəlli bir tamaşa götürür, aktyora verir, onda xoşbəxt oluruq. Yaxud kino çəkiləndə dəvət alırıq. Bir-iki seriala dəvətlər oldu, rol xoşuma gəlmədi. Fikirləşdim ki, bununla nə deyəcəyəm? Dəvətləri qəbul etmədim.
Dilqəm Əhməd: Özünüzə qarşı biganəlik hiss edirsiniz?
- Yox. Bəxtiyar Xanızadə zəng edəndə şikayətləndim. Soruşdu ki, yenə nə olub, qaş-qabağın yer süpürür? Dedim, heç nə yoxdur, qalmışam belə. Dedi ki, əgər böyük hadisə olub, hansısa tamaşa hadisəyə çevrilib, sən kənarda qalmısansa, onda otur ağla. Bu gün "Azdrama"da yaxşı 2-3 tamaşa varsa, təvazökarlıqdan uzaq da olsa, onlardan biri də "Yaşlı xanımın gəlişi" tamaşasıdır. Bugünkü reallıq üçün yaxşı demək olar. Biri o idisə, birində varsan. Yaxud kino sahəsində partlayışmı oldu, qaçdılar Hollivuda, Sənubər yaddan çıxdı? Nə özünü öldürürsən, otur da, yəqin, nəsə olacaq. Bu sözlər bir balaca təskinlik oldu.
T.Şahsuvarlı: Hərdən fikirləşirsiniz ki, bəlkə, bizə heç teatr, kino ümumiyyətlə lazım deyil. Tamaşaçı, ssenari, quruluş imkanları yoxdursa, özümüzü niyə məcbur edirik ki, biz bunu çəkməliyik, yaxud tamaşaya qoymalıyıq?
- O cür fikirlərim olur. Tutalım, simfonik əsərə qulaq asmaq bizim millətə xas deyil, qanımızda yoxdur. İnandırım sizi, çoxlarının gülüb keçdiyi "Maral" mahnısına sümüyümüz daha çox oynayır, amma kamera orkestrinə özümüzü zorlayıb qulaq asırıq. O musiqi bizim milli yaddaşımızda yoxdur. Allah Üzeyir Hacıbəyova qəni-qəni rəhmət eləsin. Üzeyir bəy o əsərləri elə milliləşdirdi ki, yaddaşa həkk olundu, amma ondan sonra bunu edən olmadı. Amma teatr bizdə 140 ildən çoxdur ki, var. İş burasındadır ki, bizim teatra getmək kimi ənənəmiz olub. Anam, atam, nənəm Ələsgər Ələkbərovdan elə danışırdılar ki, adam lap o dövrə paxıllıq edir. Teatr tamaşasına gedəndə xüsusi paltar tikdirərdik. Teatrın nəyi yaddır ki? Həyatımızın bir güzgüsüdür. Real bir şeylərdir. Bizdə niyə olmasın?
Aqil Lətifov: Dediniz ki, son vaxtlar teatrda partlayışa səbəb olan hadisə baş verməyib. Sizcə, bunun səbəbləri nədir?
- Səbəblər bir az zəncirvaridir. Çox adama sual versəniz, bunu pula bağlayacaq. Peşəkarlar elə bil arxa plana keçib. Gənclərdəki entuziazm gözəl şeydir. Mən də gənc olmuşam, deyirdim gəlirəm, vurub yıxacağam, baxarsınız nə edəcəyəm! İndi elə bir zəmanə gəlib ki, qeyri-peşəkar qabağa keçir. Əlinə pul düşür, yaxud necəsə ona iş tapşırılır. Tamaşa qoyur, film çəkir. Beləcə görürsən ki, peşəkar işlər nəzərdən qaçır.
A.Əliməmmədova: Bu, sizdə küskünlük yaratmır ki? Yaxud bu sahədə olduğunuz üçün peşmanlıq olmur ki?
- Heç vaxt şeir yadımda qalmır, amma Xanım İsmayılqızının bir sətri beynimə həkk olunub. Deyir ki, özümdən qaçdım, özümə dəydi. Qaçım, küsüm, kimə nə edəcəyəm? İndi 40 yaşım belə yoxdur, sənətimi dəyişə bilməyəcəyəm. Həmişə gözləyirəm. Hərdən düşünürəm ki, daha nəyi gözləyirsən, bəlkə, bəsdir? Amma içimdə ümid çoxdur.
T.Şahsuvarlı: Bəlkə siz də siyasətə atılasınız? Elza Seyidcahan deyir ki, ona deputat olmaq təklif edilir. Bəlkə, siz də gələn il seçkilərdə namizədliyinizi verəsiniz?
- Düşünürəm ki, hər kəsin öz işi var. Siyasətçi olmaq üçün böyük intellektə, dünyagörüşünə sahib olmaq lazımdır. Durduğum yerdə deputat olum demək gülüncdür. Hələ ki, Allah ağlımızı əlimizdən almayıb.
T.Şahsuvarlı: Dekabrın 23-ü bələdiyyə seçkiləri idi. Seçkilərə getmişdiniz?
- Heç xəbərim də olmayıb. Ancaq televiziyadan eşitdim ki, belə şey var. Nəvəm məktəbə getmədi deyə bildim ki, qeyri-iş günü imiş.
Nərmin Muradova: Xəbərləri haradan izləyirsiniz?
- Səhərlər evdə oluramsa, mütləq xəbər saytlarını açıram, Facebook sosial şəbəkəsindəki dostlar arasındakı jurnalistləri ayrıca qrupa əlavə etmişəm. Gələn məktublara, bildirişlərə baxmadan birinci o qrupa tuşlayıram, jurnalistlərin paylaşdıqları xəbərlərə baxıram. Orada görmədiklərimi saytlarda axtarıram.
N.Muradova: Facebook-da hesabınız var, amma elə də aktiv deyilsiniz.
- Yox, status yazmıram. Çoxu çalışır ki, başqalarının kəlamlarını paylaşıb özünü daha ağıllı göstərsin. Məndə də olub, 1-2 kəlam paylaşmışam. Amma status insanın kimliyini ortalığa qoyur. Bilirəm ki, bu gün tanınmış adam statusda nə yazsa, onu sabah xəbərə çevirirlər, bir az əyri variantını yazırlar.
N.Muradova: "Qaynana" serialından sonra sizi heç bir serialda görmədik. Dediniz ki, təkliflər vardı, rollar qane etmədi. Hansı rollara dəvətlər aldınız?
- Təklifin biri o qədər gülməli idi ki. Baxıram ki, rejissor, ssenarist, baş rolda özüdür. Soruşuram operator kimdi? Qayıdır ki, filankəsdir, amma mən orada olacağam, narahat olmayın. Guya məni rahat edir. Baş rolu sizə verirəm, anamı siz oynayacaqsınız, atası obrazında böyük aktyorun adını deyir. Ssenarini oxuyuram, görürəm ki, ata, ana gəldi, getdi, əsas budur, vurur, dağıdır, çapır. Yəqin, uşaqlıqda dava-dava oynamayıblar, böyüyəndə özləri üçün bu rolları yazırlar. Hamı da Polad Ələmdar olmaq istəyir. Azərbaycan reallığından çox uzaq şeylər yazırlar. Bizdən istifadə etmək istəyir, filankəslər mənim atamı, anamı oynadı, mən "krutoyam", baş roldayam. Söhbət ondan gedir ki, sən mənimlə danışanda cümləni qura bilmədin, ssenarini necə yazdın? Həmin adamdan soruşuram ki, hansı rollarımı görmüsən? Deyir ki, "Qaynana" super idi, sonra "Kişi sözü"nün adını çəkir. Deyirəm, 30 il qabaq olub, arada nə görmüsən? Deyir, teatra gəlmirəm, həvəsim yoxdur. Yaxşı teatra gəlmirsən, məni "Qaynana" və "Kişi sözü" ilə tanıyırsan? Mənim aləmimdə "Kişi sözü"ndə heç nə etməmişəm, orada nə iş var ki? O zaman bilmirdim kino, sənət nədir. "Qaynana" da serialdır da, orada böyük sənət nümayişi yoxdur ki.
"Xoşuma gələn rolda ucuza çəkilmərəm"
A.Əliməmmədova: Qonorar rol seçiminə təsir edir? Bəyənmədiyiniz rolda yüksək qonorar versəydilər, çəkilərdiniz?
- Yox. Hər bir insan gördüyü işin qiymətləndirilməsini istəyir. Mükafatlamı, yaxud pullamı onun dəyərini görmək istəyir. İnsan bəlli yaşa qədər ada işləyir, bəlli yaşdan sonra ad sənə işləyir, artıq sənə gəlir gətirir. Təbii ki, çəkdiyin əziyyətin qarşılığını görmək istəyirsən. Xoşuma gələn rolda ucuza çəkilmərəm.
"Anna Karenina rolunu oynayardım"
T.Şahsuvarlı: Oynamaq istədiyiniz rol varmı?
- Heç vaxt arzusunda olmamışam ki, filan rolu oynayardım. Olub ki, baxanda demişəm ki, bunu oynamaq olardı. Teatrda yaxşı rollar özü gəlib mənə qismət olub. Tolstoyu, onun Anna Kareninasını çox sevirəm. Bəlkə, onu oynayardım. Artıq yaş da gedib. Yaşın bir mərhələsində deyirsən ki, Culyetta olardım, sonra deyirsən ki, Culyettanın anası olardım, daha sonra düşünürsən ki, onun nənəsi olardım (gülür).
N.Ehlamqızı: Özünüzü elə formada saxlamısınız ki, sizi nənə obrazında görmək təsəvvürə gəlməzdi.
- Həyatda nənə obrazındayam.
"Mənim üçün bundan böyük rol yoxdur"
N.Muradova: Çox riskli qərar idi. Rejissorlar yenə də nənə rollarını təklif edə bilərlər.
- Yox, elə bir şey olmadı. Mən həyatda nənəyəm, mənim üçün bundan böyük rol yoxdur. Rol bir az kiçik səslənir, bu, bir missiyadır.
N.Muradova: Azərbaycanda bəyəndiyiniz serial varmı?
- Bütün yeni serialların birinci bölümünə mütləq baxıram ki, sabah yalandan "fu" edib keçməyim. İnsanların bilmədiyi şeyləri pisləməsinə nifrət edirəm. Serial məni tutursa, sonadək baxıram. Rövşən İsaxın "Pərvanələrin rəqsi" serialı Azərbaycan reallığı üçün çox gözəl serial idi. Amma ikinci serialı "Sonuncu fəsil" məni o qədər də tutmadı. Bu dəqiqə izlədiyim tam serial yoxdur.
N.Muradova: Türkiyənin "Zəngin qız, fakir oğlan" serialında çəkildiniz, oradakı proses barədə danışmanızı istərdim. Sonra təkliflər oldumu?
- Türkiyədən qayıdan kimi o sualı verdilər ki, fərq nədə idi? Dedim ki, istedad dünyanın hər yerində istedaddır. Bizim ən çatışmayan fərqimiz intizamdır. Türklər komanda kimi o qədər mütəşəkkil, dəqiq çalışırdılar ki, çay gətirənin də qulağında qulaqcıq vardı, sakit səslə mikrofonda "çay gətirin" deyəndə bir də görürdün çay qabağındadır. Əlini saçına aparanda saç ustası dərhal yanına gəlirdi ki, narahat edən nəsə varmı? Sakit şəraitdə iş gedirdi. Hiss etmədim ki, iş nə vaxt bitdi. Çünki hər kəs öz işini bilirdi. Bizdə necədir? Çağırırsan ki, bu stolu buradan götürün, bu ona tapşırır, o buna tapşırır, hə, indi gəlirik. Gün yarı oldu, aktyor yoruldu, makiyajı axdı, sonra gəl oyna da. Sistem tamamilə eynidir. Sadəcə, o intizamı özümüzə arzulayıram. Əfsuslar olsun ki, bizdə komanda şəklində işimiz getmir.
A.Əliməmmədova: Türk aktyorlarının Azərbaycan kinolarına dəvət olunmasına necə baxırsınız? Məsələn, Vahid Naxış Nəbahət Çehrəni öz filminə dəvət etdi.
- Bunu o vaxt Rasim Ocaqov da edirdi. O, Rusiya aktyorlarını çox dəvət edirdi. Sonralar Məral Konratı filminə çəkdi. Bu, praktikada olur.
"Təhminə"ni nahaq "oynadım"
T.Şahsuvarlı: Məncə, siz "Təhminə"ni Məral Konratdan daha yaxşı oynayardınız...
- Biz o filmi çəkdik. Sponsor filmi idi. Çox narazı qaldım, düşünürəm ki, nahaq çəkildi. Böyük sənətkarımız Rasim Ocaqov o rolda Məral Konratı görüb. Mən elə işlərə qarışmıram. Deyirsiniz, Vahid Naxış Nəbahət Çehrəni gətirib. Mən rejissor olsaydım, düşünərdim ki, 20 Yanvar hadisələri bizə daha çox yaxındır, biz onları yaşamışıq, görmüşük, Sovet quruluşunu bilirik, dağılma səbəbi bizə məlumdur. Mən eləməzdim. Yenə də deyirəm, özü bilər. Pul və ssenari onundur.
"İsrafil İsrafilov teatra gələndə sevinənlərdən biri mən olmuşam"
N.Muradova: "Azdrama"da mükafat məsələsində teatrın direktoru İsrafil İsrafillə aranızda problem yaşadığınız barədə mətbuatda çox yazıldı. O zaman sizi danışdıra bilmədik. İstərdim aydınlıq gətirəsiniz, əslində, nə baş vermişdi?
- Hələ köhnə manatlar dövriyyədən çıxmamışdı, xalq artistlərinə 2 milyon manat verirdilər. Heydər Əliyevin sağlığında mükafat verilməyə başlamışdı. Əməkdar artist adı da almamışdım, 1 milyon manatlıq mükafat alırdım. Hər il yeni qərarla siyahının tərkibi dəyişir. Kimlərinsə adı çıxarılır, başqalarının adı əlavə olunur. Hər il gözləyirdik ki, bu il mənim adım çıxa bilər. Sağ olsunlar, indiyədək alırdım, adım siyahıdan çıxmırdı. Bu il siyahıda adım olmadı. Bunu çox normal qarşıladım. Çünki məndən neçə il qabaq Firəngiz Mütəllimova və Zemfira Nəimanovanın, rəhmətlik Telman Adıgözəlovun adı da çıxarılmışdı. Belə şeylər olur, normal da qarşılayırıq. Sadəcə olaraq, bunu şişirdən başqa adam oldu. Əlibala Nurun özünün bizim direktorla münaqişəsi vardı. Mənim adımdan mətbuata demişdi ki, guya bu xətrimə dəyib, hirslənmişəm. Mən də o zaman Bakıda deyildim, zənglər gəlirdi. Teatrdan da zəng etdilər. Dedim, başınıza dönüm, axı kimə demişəm onu? Ömürlük mükafat deyil, ildə bir dəfə verilən və dəyişən mükafatdır, nəyə görə narazılıq etməliyəm? Yazı çıxdı ki, bunu İsrafil İsrafilov edib, dedim, bu, onun səlahiyyətində deyil, siyahı Mədəniyyət və Turizm Nazirliyindən gedir. İsrafil İsrafilov teatra gələndə sevinənlərdən biri də mən olmuşam. Çox sevindim ki, teatrı bilən adamdır, tənqidçidir, savadlıdır, kənardan gələn adam deyil. Sadəcə onun yürütdüyü siyasət xoşuma gəlmədi. Aramızda bir balaca narazılıq oldu. Düzdür, bu narazılıq 4 il uzandı. Amma sonra oturduq söhbət etdik, onun haqqında düşündüklərimin hamısını üzünə dedim. Mən sözü küncdə-bucaqda deyib, sonra nəyə görəsə yaltaqlanıb sözümü dəyişənlərdən deyiləm. Mən kənarda danışmıram, insanın özü ilə söhbət edirəm. Düşündüm ki, teatrda olan məsələni elə teatrda da həll etməliyik. Həll elədik.
N.Muradova: Razılığa gəldiniz?
- Razılıq deməzdim, bir çox qaranlıq mətləblərə aydınlıq gətirdik. Onun haqqında düşündüklərimi özünə dedim.
T.Şahsuvarlı: Bu yaxınlarda 5 nəfər xalq artisti adı aldı. Nə əcəb siyahıda adınız çıxmadı?
- Məsləhət bilməyiblər, mən nə deyim?
T.Şahsuvarlı: Amma gözləyirsiniz?
- Bayaq dedim ki, hər kəs işinin qarşılığında mükafatını gözləyir. Təbii ki, gözləyirəm.
T.Şahsuvarlı: Ad alanlardan ən çox hansına görə sevindiniz?
- Mən Dövlət Gənclər Teatrında yetişmişəm. Hüseynağa Atakişiyevdən dərs almışam. Coşqun da, Rafael da mənimlə başlayıblar. Onların çox gözəl rolları olub ki, insanlar, bəlkə də onu görməyiblər. Hüseynağa müəllim onları yüksək qiymətləndirirdi. Çox istedadlı uşaqlardır. Onlara görə həqiqətən çox sevindim. Eləcə də digər ad alanlar üçün də sevindim. Niyə də sevinməyim?
N.Ehlamqızı: Bəlkə də başqa ifalarınız da olub, mən eşitməmişəm. Amma səhərlər AzTV-ni açanda həmişə o mahnınız efirdə gedirdi.
- Hə, "Məhəbbət olmayanda" mahnısı (gülür). Teatrda işləyən vaxtlarımız idi, klip o zaman çəkildi. Hüseynağa müəllim tamaşalarda mahnı olanda müğənniyə yazdırmırdı, bizə oxutdururdu. Canlı olaraq özümüz oxuyurduq. O, tamaşaları elə görürdü. Bir tamaşada oxuyanda səsim öz xoşuma gəlmişdi (gülür). Hüseynağa müəllim Cavanşir Quliyevlə tez-tez işləyirdi. Mənim haqqımda AZTV-də bir veriliş çəkmək istəyirdilər. Dedilər ki, yenilik nə edək, sadə veriliş olmasın. Dedim ki, bəlkə, mahnı oxuyum, aktrisa kimi də, Alisa Freyndlix oxuyur, mən də oxuyum. Amma veriliş kontekstində olsun. Cavanşir müəllim dedi ki, gəl sənin üçün bir mahnı yazaq. Dedilər, çəkək, gördüm, klip alındı. Öz səsi özünə xoş gələnlərdən oldum. İndi təzə çıxan müğənnilərə deyirəm ki, qohum-əqrəbə tərifləyirsə, elə düşünmə böyük müğənnisən. Məni də qohum-əqrəbə təriflədi, sevindim, özümə inandım. Cavanşir Quliyev dedi ki, səsin balacadı, bir mahnı yazmışam, oxu. İndi qəti eləməzdim. "Məhəbbət olmayanda" elə populyarlıq qazanmasaydı, onunla da bitirirdim. Sonra həvəsə düşdüm, bir o mahnını, bir bu mahnını oxudum. Bir gün başa düşdüm ki, yox, gedib səhnədə tamaşamı oynayım, mənlik deyil.
A.Lətifov: Bizdə, əksər sənət adamları qalmaqallarla yadda qalırlar. Sənətlərindən çox, qalmaqalla gündəmə gəlmə istəyi nədən doğur?
- Hərənin bir məqsədi var. Amma bütün bu məqsədlərin başında populyarlıq durur. Müğənni düşünür ki, mahnı ilə tanına bilməyəcək, bir-ikisi edib, görüb səhər bütün şəhər ondan danışır, həvəsə düşürlər. Qurma olduqları barədə də eşitmişəm. Bəzi verilişlərdə aparıcılara yalvarırlar ki, gəl quraq, özlərindən teatr tamaşası da düzəldirlər. Mənim aləmimdə bu, ən asan, ucuz və şərəfsiz yoldur.
D.Əhməd: 90-cı illərdə kişilərin sözü daha ötkəm idi, yoxsa indi kişi sözü dəyərdən düşüb?
- Zəmanə çox dəyişib. Balaca oğlan uşağı iPad, iPhone ilə böyüyür. Onun sabah yetkinləşib kişi halına gəlməsi üçün mərhələlər var. Burada televiziyanın da, ictimaiyyətin də öz rolu var. 1990-cı illərdən qabaqkı kişilərimiz kənddə böyüyüb. Daşda, kəsəkdə gəzmək, ağır işlərdə məşğul olmaq onları daha da kişiləşdirir, ağır işlərə öyrəşdirir. Oğlan uşaqlarımızın əksəriyyəti pambıq içində böyüyür.
T.Şahsuvarlı: Əslən Şağanlısınız?
- Anam Şağandan, atam Maştağadandır.
"Sovetski"nin yazılmamış qanunları vardı"
T.Şahsuvarlı: "Brifinq"in ötən dəfəki qonağı Əvəz Həsənov deyirdi ki, ermənilərin öz kökündən qidalanıb sənət yaratması daha çox müşahidə olunur, nəinki bizdə. Siz öz kökünüzdən, Bakıdan nələr qidalanırsınız?
- Mən asfaltda böyümüşəm, torpaqda böyüməmişəm. Məndə sırf kənd ab-havası olmayıb. Sovetski məhəlləsində yaşamışıq. Yaddaşımda oranın koloriti daha çox həkk olunub, nəinki kənd. Kənd deyəndə toyların abartılı parıltısı, yasların da abartılı ağlaşması yadıma düşür. Hər kəsin doğulduğu yerin yazılmamış qayda-qanunları, adət-ənənəsi var. Onlar istər-istəməz məndə hopub qalıb. Novruz bayramı gələndə istəyirəm əvvəlki kimi təmizlik başlasın. Sovetskidə həyətdə hamı qohumlar idi. Hər kəs bayram qabağı təmizlik işinə başlayırdılar, evdə nə varsa hamısını həyətin ortasına tökürdülər, qadınlar başı bağlı silib yuyurdular, həyəti keçmək mümkün olmurdu. Hamı birgə qoğal, şəkərbura bişirirdi. O ab-hava yoxdur.
T.Şahsuvarlı: Sovetskidə yaşayan qadın aktrisa oldu...
- Sovetskinin həqiqətən yazılmayan qanunları vardı. Bir ailədən kiminsə aktrisa olmağına ikrah hissi ilə baxırdılarsa, hamı içində sənəti çox sevirdi. Atamın çox ağır xasiyyəti vardı. Qız uşağı nədir, eyvandan aşağı baxdı nədir. Məktəbə gedib-gəldinsə, küçəyə bir dəfə çixa bilərsən. İkinci dəfə ya nənə, ya da yaxınlardan kiminləsə çıxmaq olardı. Onunla bahəm atam "Leyli və Məcnun" operasının bütün qəzəllərini əzbərdən bilirdi. Bütün tamaşalara da gedirdi, ağlayırdı.
"İnsanların əksəriyyəti şəraitsiz vəziyyətdə yaşayırdı"
N.Ehlamqızı: "Sovetski"nin sökülməsini necə qarşılayırsınız?
- İnsanların əksəriyyəti şəraitsiz vəziyyətdə idi. Hamı da deyinirdi ki, mayda plana gedir. İndi nəvələrim məktəbə gedirlər, hələ indi plana düşüb. Halbuki özüm məktəbə gedəndə bu söhbətləri eşidirdim. Hamı istəyir ki, şəraiti yaxşı olsun, görürəm çox adam heyfslənir ki, elə bil hansısa mədəniyyətə toxunulur. İçi mən qarışıq çoxumuzun həyat hekayəmiz, keçmişimizdir, ona toxunulmasını istəmirik. Amma abadlıqdırsa, nə gözəl.
N.Muradova: Aktrisa olmağınızı atanıza deyəndə necə reaksiya verdi? Zemfira Nərimanova deyirdi ki, atam ölənə qədər danışdırmadı.
- Mən aktrisa olanda ailə qurmuşdum, qızımın üç yaşı vardı. İlk dəfə Nəriman Həsənzadənin "Kimin sualı var" tamaşasına çəkilmişdim. Birinci kursda oxuyurdum. Heç atamın xəbəri yox idi ki, universitetə girmişəm. Evimizə gəldi, gülə-gülə dedi ki, dünən səni televizorda gördüm. İçimi yemişdim, dedim, birdən nəsə deyəcək. Yoldaşıma baxdı, söylədi ki, məndən çıxıb, sən bilərsən. Sənətə böyük hörməti var idi. Bir tamaşanı ötürməzdi.
A.Lətifov: Filmdə oynanılan rolla, həyatda insanların rollarını necə müqayisə etmək olar?
- Filmdə oynanılan rolun heç kəsə zərəri yoxdur. Əksinə film, tamaşa mənəvi qidadır. İnsanlar baxır, pisi görür, bilir ki, belə yaxşı şey deyil. Yaxşını görüb götürürsə - nə xoş. Həyatda oynanılan rolların insanlara zərəri ola bilər. Fərq, məncə, bu olar.
"Güzgüyə baxanda bilirsən ki, yaş artır"
N.Ehlamqızı: Yaş kompleksiniz var?
- Qocalmağımızı ilk növbədə vücudumuz bildirir. Ayaq sızlayır, diz ağrıyır. Yaxud güzgüyə baxanda birdən reaksiya verirsən ki, axı dünən bu qırış yox idi. Bu iç ki var, qocalmır da. Onunla bacara bilmirəm. Nəvələrim gələndə, güzgüyə baxanda bilirsən ki, yaş artır. Bir insan göstərin ki, yaşı ilə barışıb. Özümdən asılı olmadan yaşımı demirəm, vallah deyə bilmirəm (gülür).
A.Lətifov: Həyatda necə qaynanasınız?
- Bir var gəlinə, bir də var kürəkənə qaynana olasan. Gəlinə qaynana olmamışam, oğlum yoxdur. Gözümün ağı-qarası bir qızım var. Mən kürəkənə qaynanayam. Gələn il 10 il olacaq ki, artıq ailə qurublar. Allah hamıya elə bir kürəkən, oğul qismət eləsin. Sözün əsl mənasında oğuldur mənə. Qızıma birinci gündən tapşırdım ki, gedirsən, yoldaşınla özün bilərsən, hər xırda konflikti bilməməliyəm. Sabah sən onunla barışacaqsan, çünki ailədir, konfliktlər olur. Amma mənim ürəyimdə xal kimi qalacaq. Ancaq mənə bildirmə. İraq olsun, qlobal bir şey olsa, böyüklər qarışır. Qızım öz seçimi ilə ailə qurdu. Amma gəlinə qaynana olanda deyirlər rəqabət olur. Yaşlanmış qadınla, gənc qızın rəqabəti ola bilər.
N.Muradova: Formanızı necə saxlayırsınız?
- İdman edirəm. Həftədə üç dəfə üzgüçülüyə, trenajora gedirəm. 1990-cı ildən bu yana idmanla məşğul oluram. İdman etməyəndə bədənim ağrıyır.
N.Muradova: Əsəbləşəndə necə sakitləşirsiniz?
- Əvvəllər "hop-stop"u qoyurdum, düşürdüm ortalığa, dəli kimi oynayırdım. Məndə həyasızlıq yoxdur, kiminləsə dava, qışqırıqla, əllə dalaşa bilmərəm. Mən içimdə qaynadıram. O qaynatmağı da rəqslə çıxarırdım. İndi isə elə deyil və həmişə həyasıza abrımı vermədən qorxmuşam.
D.Əhməd: Hazırda hansı kitabları oxuyursunuz?
- İlk oxuduğum kitab "Hophopnamə" olub. 3-cü sinifdə başa düşmədiyim bir kitab idi. O kitabla yatıb, onunla da dururdum. Nə var atamın adı Sabir idi (gülür). Heç vaxt nağıl oxumamışam. Ordubadinin "Qılınc və Qələm" əsərindəki Qətibənin xəyalları ilə yatırdım. Çox kitabı da rus dilində oxumuşam. Xalid Hüseyninin üçüncü kitabını bitirdim. Bütün romanlarını oxumuşam. Rus klassiklərini çox sevirəm. Tolstoy, Lermontov, Dostoyevskini bəyənirəm. Şeir nə qədər yadımda qalmasa da, oxumağı xoşlayıram. Yesenini, Axmatovanı bəyənirəm. Bir dəfə efirdən dedim ki, şeir deməyi sevmirəm. Teatrda gəldim, rəhmətlik Siyavuş Aslan bufetdə məni görüb dedi ki, gəl səni öpüm. Deyir, elə bilirəm tək mən şeir deyə bilmirəm, sən də mənim böyrümdəsən? Elə bil şərikini tapmışdı, deyirdi, mən utanırdım deməyə (gülür). Vaqif Səmədoğlunun, Nüsrət Kəsəmənlinin şeirlərini sevirəm. Telefonumda Ramiz Rövşənin şeiri var.
Sənubər İsgəndərli R.Rövşənin şeirini bizim üçün səsləndirir.
Sonda isə müsahibə boyu sevgi barədə danışmaqdan yayınan əməkdar artist ilk sevgisi barədə bunları deyir:
- Həyatda hər şey gəlib-keçir. O gün qolumu yandırmışam, zəhrimarın yeri qalıb. Keçəcək, amma orada nəsə qalacaq, onu mən biləcəyəm. Onu təzədən qurdalamayım, keçdi getdi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.