"Titanik"i niyə məhv etdilər?

26 Dekabr 2014 22:22
1912-ci ildən 102 il ötsə də, sirlərini özü ilə bərabər mavi okeanın sularına qərq edən Titanik gəmisi haqda ən xırda detal və yeni məlumat uşaqdan-böyüyə hər kəsin maraq dairəsindədir. Biz isə bu gün Titanik barədə iki mühüm məlumatı sizlərə çatdıracağıq.

Milli.Az kult.az-a istinadən bildirir ki, bunlardan biri Titanikin gerçəklə bağlantısını inkar edən, az qala, bu tarixi faciənin "planlı cinayət" olduğunu təsdiqləyən kitab və onu özündə yaşadan dünyanın bir sıra ölkələrində iqamətgahı ucaldılan muzeylərdir... Gəlin ən başda tarixi faciənin hekayəsi barədə maraqlı bir detala diqqət edək. Bu ehtimalı kimsə inkar edə bilməz ki, müxtəlif zamanlarda iki dahi insan bir-birindən xəbərsiz eyni kəşfləri ediblər. Maraqlıdır, görəsən, bu sözləri bu gəmiyə nə dərəcədə aid edə bilərik? Baxın, şübhəli olan məqam da burdan başlayır. Biz də Titanikə məxsus rəsmi internet saytını, eləcə də, müxtəlif zamanlarda bu gəmi barədə yazılan xarici dilli materialları nəzərdən keçirib, belə bir yazı hazırladıq.

Maraqlıdır, belə bir möhtəşəm gəmini icad etmək hansı dahinin fikri olub? Bəs, görəsən, bu dahi insan niyə gəminin bütün strukturlarını mükəmməl icra etdirməyib? Bu cür suallar hələ çox olacaq.

Tarix 1898-ci il... London...Yazıçı Morqan Robertson "Boşluq... Və ya Titanın məhvi" adlı bir kitab yazır. Burda ad məsələsi də diqqət çəkir. "Titan" və "Titanik"... Kitab Atlantik okeanda buzdağına çırpılıb batan Titan gəmisindən bəhs edir. Məlumat üçün qeyd edək ki, "Titanın məhvi" əsəri haqda vikipediya isə alman, ispan, fransız və portuqal dilləri daxil olmaqla yalnız 7 dildə tərcümə ilə oxucuların ixtiyarına verilib.

Maraqlısı budur ki, Titan haqda yazılan bütün həqiqətlər eyni ilə Titanik gəmisində də təkrarlanır. Bu o deməkdir ki, Titanik öz ideyası ilə cəmiyyətdə yeni bir anlayış olmayıb. Çünki Titan Titanikin batmasından nə az, nə çox 14 il əvvəl yazılıb. Titanik faciəsində baş verən süjet xətti Titan əsəri ilə bütünlükdə üst-üstə düşür, yalnız bir neçə xırda rəqəm dəyişiklikləri onları bir-birindən fərqləndirir. Belə ki, əsərdəki Titan gəmisinin uzunluğu 244 m, Titanikdə isə 269 m-dir. Titan gəmisinin yük tutumu 45 000 ton, Titanik gəmisinin yük tutumu isə 75 000 ton hesablanır. Morqan öz əsərində xilasedici qayıqların sayını 24 ədəd qeyd edib, real gəmidə isə xilasedici gəmi sayı 16 ədəd olub. Gəmilər batan zaman Titanda ölü sayı, təxminən, 2500, Titanikdə isə 2000-dən çox olduğu bildirilir. Planlı ölümü bir kənara qoyaq, ad seçimi xüsusilə diqqət çəkir. Niyə məhz Titanik??? Titan adına uyğunluğunun təsadüf olması nə dərəcədə normal haldır?

"Titan" əsərinin baş qəhrəmanı Con Rouland bir zamanlar ABŞ Dəniz Donanmasında zabit işləmiş, daha sonralar cəmiyyətin ən aşağı təbəqəsinə düşmüş içki düşkünü kimi təqdim edilir. Titanla bağlantısı isə onun burda işləməsi olub. Bu obrazı "Titanik"dəki "Cek" obrazı ilə eyniləşdirmək olar. Səyahətə çıxan gəmi bir aprel gecəsi aysberqə dəyərək batır. Sevdiyi qızı xilas edən Con özü yaralanır və hekayəyə əsasən şimal ayısı ilə savaşır və yaşamaq üçün bir xeyli mübarizə aparır. Daha sonra Conun özü də xilas edilir və gəmidəki insanlar üçün göstərdiyi bir sıra qəhrəmanlığına görə Con Roulan dövlət idarələrindən birində məsul işçi vəzifəsinə qədər yüksəlir. Xatırladaq ki, "Titanik" filminin ikinci hissəsində də baş qəhrəman - Cek xilas edilir və bundan sonra yeni bir hekayə başlayır. Lakin bu film o qədər də uğur qazanmır.

Maraqlı olan daha bir neçə oxşar faktlar var. Hər iki hekayə Şimali Atlantika ərazisində və 14 aprel 1912-ci ildə baş verir, gəmilər aysberqə toqquşaraq batır. Hər iki gəmi səyahətə çıxmazdan öncə "Batmaz gəmi" kimi tanınıb. Təsadüfi deyil ki, Titanik gəmisinin səyahətə çıxarkən "Allah da bu gəmini batıra bilməz" şüarı mətbuat orqanlarında xüsusi başlıqlarla qeyd olunub.

Yazıçı haqda bildirək ki, Morqan Robertson qısa hekayələri və romanları ilə şöhrət tapmış məşhur amerikalı yazıçıdır. 1861-ci il sentyabrın 30-u anadan olub. Atası Endri Robertson məşhur gəmi kapitanı olub. Yazıçının ölümü hələ də müəmma ilə doludur. Belə ki, Morqan 24 mart 1915-ci il Nyu Cersi ştatında otellərin birində ölü tapılıb. Ölüm diaqnozu isə ürək çatışmazlığı kimi cəmiyyətə qədim edilib.

Belə ehtimal olunur ki, "Titanın məhvi" əsərinə görə yazıçı, az qala, ictimaiyyətin qınaq hədəfi olub. Morqan uzun müddət təqib edilib, əsər müəyyən müddətdən sonra satışdan çıxarılıb. Bu hekayəni oxumaq, az qala, hər kəsə qadağan edilir və ələ keçirilən əsərlər yandırılaraq yox edilirdi. Bunların səbəbləri isə hələ də naməlum olaraq qalır. Belə olan halda Morqanın ölümü haqlı olaraqdan hər kəsdə şübhə yaradır.

Bayaqkı kəşfləri nəzərə alsaq, maraqlı suallar meydana gəlir. Deməli, Morqanın ssenarisi əsasında 14 il ərzində mükəmməl bir gəmi - Əfsanəvi Titanik yaradıldı. Yoxsa bu da iki ayrı insanın yaxın dövrlərə təsadüf edən ixtiraları idi? Yaratmaqda məqsəd nə idi, buna qısaca "planlı ölüm" demək olarmı?

Faktlar sübut edir ki, Morqanın bu hekayəni yazma ehtimalı daha məntiqlidir. Yazıçının atasının gəmi kapitanı olması və özünün də bu sahədə kifayət qədər bilgisi əsas verir ki, gəmi ideyası məhz Robertsona məxsusdur və bu yalan ola bilməz.

Amma təbii ki, bu söhbətlər heç də hamısı demək deyil. Kifayət qədər siyasi və ictimai səbəbləri özündə gizlədən gəmi sonda dahi rejissor Ceyms Kameronun maraq dairəsinə keçir. 1997-ci ildə Leonardo Di Kaprio və Keyt Uinsletin iştirak etdiyi əfsanəvi filmi çəkir. Filmin rejissor işi olduqca güclüdür. Hətta aktrisa Keyt Uinslet 1912-ci ildə yaşamış Rouz Devit Buketerin demək olar ki, bənzəridir. Sadəcə, Cek Douson Leonardo qədər yaraşıqlı deyil. Yəqin ki, Kameron burda baş qəhrəmanı izləyicilərə daha da sevdirə bilmək üçün yaraşıqlı obraza üstünlük verib. Təsadüfi deyil ki, yüksək peşəkarlığına görə "Titanik" filmi 11 dəfə Oskar mükafatına layiq görülüb. Buna səbəb daha çox faciənin reallıq əsasında qurulmasıdır. 2000-dən çox sərnişinin ölümü sözün həqiqi mənasında tükürpədici faktordur. Məqsədimiz filmi və real hadisəni təhlil etmək deyil. Sadəcə, diqqətdən kənar qalan və daha çox gizlədilməyə məhkum olan kitab haqda oxuculara az da olsa, məlumat verməkdir.

Bu gün bu tarixi faciənin - batan gəminin hər parçası dünya dövlətləri üçün olduqca əhəmiyyətlidir. Əksər ölkələrdə "Titanik"ə həsr olunan muzeylərə rast gəlmək mümkündür. Gəlin, həmin muzeylərdən bir neçəsi ilə sizi tanış edək.

Titanikə həsr olunan muzeylərdən biri də gəminin batmasının 100-cü il dönümündə istifadəyə verilib. 2009-cu ildən tikintisinə başlanılan muzey 2012-ci il martın 31-də ziyarətçilərin ixtiyarına verilib. İrlandiyanın Belfast şəhərində açılan Titanik muzeyinin yaradılmasının bir sıra önəmli səbəbləri var. Bunlardan biri "Queen Island" deyilən ərazini yeniləmək, həm də bütün Belfast sakinlərinin, eləcə də, turistlərin diqqətini çəkmək məqsədilə mədəniyyət mərkəzi yaratmaqdır. Və ən maraqlısı da odur ki, muzey okeanın soyuq sularına qərq olan Titanik gəmisinin bir zamanlar dayandığı yerdə tikilib. Bina Titanikin hekayəsini başdan sonadək yaşamaq istəyənlər üçün yeniliklər vəd edir. Layihəni həyata keçirən şirkət "Civic Arts"dır. 160 milyon dollara ərsəyə gətirilən muzeyin dizaynına gəlincə dördkünc şüşəbəndin ətrafı gəminin göyərtəsini xatırladan dörd əlavə qoldan ibarətdir. Alüminium hissə ilə örtülü olan qolların çıxıntılı ağ metal hissəcikləri şüşəbəndlə birlikdə mükəmməl bir ahəng təşkil edir. BREEAM standartlarına görə Titanik muzeyi ekoloji problemlərə davam gətirə biləcək keyfiyyətə malikdir.

Altımərtəbəli binanın içərisində doqquz böyük qalereya yerləşir. Məkanın əksər hissələri Titanik gəmisinin iç dekorasiyasına bənzər şəkildə düzəldilib. Binanın içərisində gəmi göyərtələrini xatırladan çıxıntılar və eyvanlar var. Muzeydə Belfastın 100 il öncəki vəziyyəti, gəminin hazırlanması, yola çıxması, batması, batan əşyalar haqda ətraflı məlumatlar verilir.

Bina Belfastın ən böyük turizm mərkəzi olması məqsədi ilə tikilib. Burda restoran, lüks konfrans salonu və 1000 nəfərlik rəqs salonu da fəaliyyət göstərir. Təbii ki, sadaladığımız bu məkanlarda Titanik gəmisini xatırladan detallar onu izləyənlərə xüsusi bir zövq verir.

15 aprel 1912-ci ildə Titanik gəmisində ölən 2 min 208 sərnişinin xatirəsinə həsr olan Titanik muzeyi 2010-cu ilin aprelin sonunda Amerikanın Tenesse əyalətində açıldı. Muzeyin digər adı isə "Titanik Branson Muzeyi"dir. İki min kvadrat metrdən çox ərazini əhatə edən muzey 23 milyon dollara başa gəlib. İnşaatı bir il davam edən Titanikin yanında doqquz metr hündürlüyündə buz dağı da öz əksini tapır. Bu 1912-ci ildəki səhnəni daha real izah edə bilmək üçün belə təsvir olunub. Təxminən, 20 dollarlıq giriş biletinin üzərində ziyarətçilərə Titanik gəmisində həyatını itirən sərnişinlərin adlarının yazılı olduğu bir səyahət kartı da təqdim olunur. 30 metr yüksəkliyində olan gəmi-muzeyi hər il bir milyondan çox ziyarətçi izləyir.

Muzeydə gəminin batdığı dövrün modasına uyğun olaraq geyinən 75 işçi çalışır. Onların arasında gəmi və gəminin tragik hekayəsi haqqında məlumat verən ekipaj üzvünün olduğu da deyilir.

Titanik gəmisinə Hindistan da biganə qalmayıb. "Titanic Historical Society" muzeyi Hindistanda Orçand adlanan ərazidə yerləşir. Bu muzeydə həmçinin suda batanlar haqda hekayələr əks olunub. Arxitektura üslubunda hazırlanan "Titanic Historical Society" muzeyində tarixi orijinal sənədlərə də rast gəlmək mümkündür. Burda həm də "Olimpik" gəmisinin körpü zəngi, "Karpat" gəmisinə məxsus nahar menyusunun siyahısı, "White Star Line"un bayrağı, eləcə də, Titanikin yeməkxanasında palıddan hazırlanmış oyma stulların bir neçəsi də qorunmaqdadır. Geniş kolleksiyaya daxil olan digər nümunələr isə bunlardır: Xanım Astorun xilasedici jileti, Fred Flitin "Bəraət" kitabı, gəmidə üçüncü əsas heyətin üzvü olan Eynar Karlssonun müayinə kartı və bu kimi yüzlərlə önəmli nümunələr...

Haqqında məlumat verəcəyimiz növbəti muzey isə "Titanic Experience" adlanır. ABŞ-ın Florida ştatının Orlando Şəhərində yerləşən muzey ilk görünüşündən ziyarətçiləri heyran qoyur. Muzeyə açılan aynabənd qapının üzərində "Titanik" gəmisinin böyük şəkli var. Yəqin, kimsə bunu inkar etməz ki, filmdə hər kəsə tanış olan məşhur səhnələrdən biri də Keytlə Cekin pilləkəndə görüş səhnəsidir. Eksponatları izləyənləri o dövrün ab-havasına aparan ən önəmli detal isə məhz həmin pilləkənin eynisinin batmadan sonra yenidən restavrasiya edilib muzeydə quraşdırılmasıdır. Muzeydə gəmini hərəkətə gətirən, fırlanan pərlərin biri, Keyt Uinsletə məxsus geyimlər, ona məxsus əşyaların yerləşdiyi otaq, batan gəminin qalığının bir hissəsi, ara qapılar, qab-qacaqlar, gəminin radioqəbuledici otağı və əşyaları qorunur. Bir növ ziyarətçiləri 1912-ci ilə aparmağa qadir eksponatlar burada qorunur. Qeyd edək ki, Titanikə məxsus eksponatlar daha çox Amerika muzeylərinə məxsusdur. Bunun əsas səbəbi araşdırmaları daha çox bu ölkənin heyəti ilə aparılmasıdır. Gəminin önəmli simalarından olan Molli Braun və Kapitan Eduard Smitin nəhəng portretləri də yer alır. Bundan əlavə, burda gəminin bütün tamlığı ilə özündə əks etdirən iri həcmli gəmi eksponatı da qorunmaqdadır. Bu muzeydə həmçinin ən önəmli moda nümayişləri təşkil edilir.

Titanikin buza çırpılan hissəsini yarıya qədər təsvir edilmiş növbəti muzey yenə də Amerikada yerləşir. Daha çox insanların istəkləri üçün nəzərdə tutulan muzeydə sərnişinlərə göyərtəyə çıxmağa icazə verilir. Burda həmin dövrün bəzi sənədləri və fotoları nümayiş etdirilir. Muzey Branson Muzeyinin ekvivalenti hesab oluna bilər. Buna bir növ muzeyin filialı kimi baxırlar. Sadəcə fərq ordadır ki, Branson Muzeyində eksponatlara toxunmaq nəinki qadağa, hətta hər eksponatın dəyərindən asılı olaraq cəriməyə bərabərdir. Gəmi-muzeyin gündüzü qədər gecəsi də bir ayrı gözəllik vəd edir.

Zaman keçsə də, bu gəmiyə aid sirlər açılmamaqda israrlıdır. Əsl həqiqət isə zaman özü aşkar edəcək. Çünki tarix faktları heç zaman gizlində saxlamağı sevmir.

Milli.Az