Bakı Beynəlxalq Avtovağzalında biabırçılıq başlandı - FOTO
26 Dekabr 2014 11:02
Avtovağzalda bilet qiymətlərində 3 manatadək qiymət artımı var
Yeni ilin yaxınlaşması ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin sıxlığı müşahidə olunur. Bayramı rayonda qeyd etmək üçün buraya üz tutan sərnişinlər həm avtobusların az olmasından, həm də süni qiymət artımından şikayətlənirlər. Biz də bayramqabağı şikayətləri yerindəcə araşdırmaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və Bakı Dəmir Yolu Vağzalına üz tutduq.
Öncə baş çəkdiyimiz Bakı Beynəlxalq Avtovağzal Kompleksində kassa qarşısında uzun növbələr və basabas hökm sürürdü. Kimisi bilet üstündə kassirlə mübahisə edir, kimisi isə kənarda dayanan mikroavtobuslara üz tutub minmək üçün növbə tuturdu. Kassaya yaxınlaşıb divara yapışdırılan rayonlara olan gedişhaqları ilə tanış olduq.
Qiymətlər olduqca normal görünürdü. Amma biletlər heç də yazılan rəqəmə uyğun satılmırdı. Belə ki, qiymət cədvəlində Şəkiyə bilet 5 manat 63 qəpik qeyd edilsə də, kassada bilet 7 manata satılırdı. Həmçinin digər rayonların da bilet qiymətlərində 1, 2, hətta 3 manatadək qiymət artımı müşahidə edilirdi.
Kassadan öyrəndik ki, dekabrın 31-dək olan biletlərin hamısı satılıb. Kassada bilet tapa bilməyən sərnişinlər kiçik "Ford" avtobuslarının dayandığı istiqamətə üz tuturlar. Avtobus gəlib saxlayan kimi sərnişinlər bir-birini itələyərək avtobusa minməyə çalışırlar...
Bakı Beynəlxalq Avtovağzalından rayonlara işləyən taksi sürücülərinin də gediş haqqını qaldırdığının şahidi olduq. Adi günlərdə Bakıdan şimal, qərb və cənub bölgəsinə sərnişin daşıyan taksilərdə qiymətlər 10-15 manat civarında dəyişirdisə, indi 20 manatdan aşağı deyil. Bilet tapa bilməyən sərnişinlər vəziyyətdən narazı idilər. Qəbələyə gedəcəyini deyən Sahib Səlimov bilet tapa bilməməsindən gileyləndi: "İşlərimlə əlaqədar bilet almağa indi gəlmişəm. Ancaq deyirlər ki, bilet yoxdur. Bəs biz indi neyləyək? Necə gedək? Avtobus sürücüləri də əvvəlcədən bir-iki yeri alıb baha qiymətə öz daimi müştərilərinə satırlar".
Bakı Dəmir Yolu Vağzalının kassası qarşısında uzun insan növbəsi yox idi. Buna səbəb isə biletlərin artıq satılıb qurtarması idi. Biletlərin 10 gün qabaqdan satılıb qurtardığını deyən kassir xanım bilet qiymətlərində heç bir artım olmadığını da bildirdi. Xüsusi gücləndirilmiş iş rejiminə keçdiklərini deyən "Azərbaycan Dəmir Yolları" QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov dekabrın 30-31 tarixlərində qatarlara əlavə vaqonlar qoşulacağını bildirdi: "Yaxınları görmək üçün regionlara, regionlardan da Bakıya üz tutanların sayı həddən artıq çoxdur. Bunu da nəzərə alan Azərbaycan Dəmir Yolları QSC-nin Daşınmaz Əmlak Departamenti bu sıxlığı aradan qaldırmaq üçün hazırlıq işləri görüb. Daha çox sıxlıq ayın 29-30-u gözlənilir. Ayın 29-30-na olan biletlər artıq satılıb. Buna baxmayaraq dekabrın 29-dan yanvarın 3-dək qatarlara əlavə vaqonlar qoşulacaq ki, müəyyən səbəbdən bilet ala bilməyənlər lazımi istiqamətlərə rahat gedib gələ bilsinlər".
N.Əzməmmədov dekabrın 29-da turist qatarının da reysə buraxılacağını dedi: "Dekabrın 29-u Tiflis istiqamətinə bir turist qatarı buraxılacaq. Bu qatar ayın 29-u saat 2-də Bakıdan çıxacaq, yanvarın 3-ü isə Tiflisdən geri qayıdacaq. Yəni Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti dekabrın 29-dan yanvarın 3-dək gücləndirilmiş iş rejimində çalışacaq. Bütün vağzallarda, körpülərdə növbəli iş rejimidir və mühafizə gücləndirilib".
Yeni ili və 5 günlük istirahəti başqa ölkələrə təyyarə ilə uçmağı düşünənlər də bilet qıtlığı ilə üzləşməli olacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC xidmət rəisi Məhərrəm Səfərli: "Biz hər zamankı qrafikimizlə uçuruq. Heç bir istiqamətdə sıxlıq müşahidə olunmur. Kim əvvəlcədən biletini sifariş edibsə, istədiyi tarixdə problemsiz uçacaq. Elə istiqamətlər var ki, ora olan biletlər artıq satılıb".
Qeyd edək ki, "Azərbaycan Hava Yolları"nda Yeni il güzəştləri də var. Bayram güzəştləri 15.01.2015-28.02.2015 tarixləri arasında olacaq. Bu müddət ərzində uçan sərnişinlər güzəştli qiymətlərlə bilet ala biləcəklər.
musavat.com
Böyütmək üçün şəkillərə klikləyin.