Şəki işıqsız qalıb
25 Dekabr 2014 12:59
Ötən gecə Şəkidə əsən güclü külək müəyyən problemlər yaradıb.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, elektrik naqillərinin qırılması nəticəsində bəzi ərazilərdə sakinlər gecəni qaranlıqda keçirməli olublar.
Güclü külək Şəkinin enerji təsərrüfatına ciddi ziyan vurub. Bir çox yerdə elektrik dirəkləri, reklam lövhələri aşıb, naqillər sıradan çıxıb, rabitə sistemində müəyyən problemlər yaranıb.
İnçə-Zunut, Aşağı Şabalıd, Kiş, Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Qırxbulaq və Vərəzət kəndlərində elektrik enerjisinin verilişi dayanıb. Vəziyyətlə əlaqədar Şəki Elektrik Şəbəkənin əməkdaşları ərazilərə yollanıblar. Səhər saatlarında bəzi ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub. Zədələnmiş elektrik dirəkləri bərpa olunur. Köbər Zəyzid kənd sakinləri kənddə elektrik dirəkləri və naqillərin yararsız vəziyyətdə olduğunu və bu barədə aidiyyatı qurumlara edilən xəbərdarlıqların nəticə vermədiyini bildirirlər. Onların sözlərinə görə, kənddə elektrik problemi tez-tez yaşanır. Şəki Elektrik Şəbəkənin baş mühəndisi Hikmət Abdulsalamzadə isə adıçəkilən kənddə elektrik dirəklərinin yenilənməsinin şəbəkənin imkanları daxilində olmadığını bildirir.
Külək nəticəsində Şəkiyə dəyən ziyanın miqdarı hesablanır.
Milli.Az