Azərbaycan mətbuatı sosial şəbəkələrə niyə uduzur?

26 Dekabr 2014 00:20

"Bu, jurnalistika deyil, mətbəx söhbətinin davamıdır" 

Son illər sosial şəbəkələr yazılı və virtual medianın əsas məlumat mənbələrindən birinə çevrilib. Qəzetlər və saytlar məşhur insanların - siyasətçilərin, incəsənət adamlarının, idmançıların "Feysbuk", "Tvitter", "İnstaqram" hesablarını daim izləyir, onların sosial şəbəkədəki fəaliyyətindən xəbər istehsal edirlər.
 

Son vaxtlar isə sosial şəbəkələrdə yazılanlardan ciddi mənbə kimi istifadə edib-etməmək mübahisələrə səbəb olur.
 

Mövzunu mütəxəssislərlə müzakirə etdik. Əslində, necə olmalıdır? Ənənəvi mətbuat sosial mediaya möhtacdırmı, sosial şəbəkələrdən mənbə kimi istifadə edilməsi nə dərəcədə doğrudur? Sosial şəbəkələr jurnalistikanın qolu hesab edilə bilərmi?

"Jurnalistika yeni medianın içərisində əriyir"

Professor, tənqidçi Qulu Məhərrəmli sosial şəbəkələrin "jurnalistikanın bir qolu" adlandırılmasını tamamilə yanlış hesab edir: "Bu, yazışma, mətbəx söhbətinin bir qədər geniş miqyasda davamıdır. Sosial şəbəkələrə yanaşma bu cür olmalıdır. Ünsiyyət vasitəsi kimi sosial şəbəkədən müxtəlif peşə sahibləri istifadə edir. Amma o, heç bir halda jurnalistika deyil. Ona görə ki, jurnalistika bir sistemdir, onun qaydaları var, qanunla tənzimlənir. Etik qaydalar toplusu, normaları var. Ancaq sosial şəbəkədə bunların heç biri yoxdur. Ona görə heç bir halda sosial şəbəkələri jurnalistika hesab etmək olmaz.
 

Sosial şəbəkələr peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər. Ancaq kimsə hər hansı məlumatı paylaşırsa, bu, hələ dürüst məlumat deyil. Ona görə məlumatı götürəndən sonra dəqiqləşdirməli, bu barədə müxtəlif mənbələrdən öyrənilərək müqayisələr aparılmalı, ondan sonra mətbuatda yayımlanmalıdır. Bizdə isə əksinədir.
 

Bir çox hallarda sosial şəbəkələr ona görə rezonans doğurur ki, peşəkar mətbuat maraqlı mövzular seçə bilmir. Onların mövzu məhdudiyyəti, peşəkarlıq problemi var. Hər hansı tələbənin sosial şəbəkədə yazdığı bir fikir bəzən qəzetdə dərc edilən məqalədən çox təsirli və tutarlı olur. Bu mənada, mətbuatda azadlıq məsələsi də rol oynayır. Yəni sosial şəbəkələrdə daha çox sərbəstlik var. Bu kimi nüanslara, ayrı-ayrı qığılcımlara görə sosial şəbəkələr özünə auditoriya toplamağa başlayır. İnsanlarda belə təsəvvür yaranır ki, sosial şəbəkələrdə tənqid varsa, qəzetdən və ya saytdan fərqli və faydalıdır. Burada xaosa yol vermək olmaz.
 

Standartlara görə, sosial şəbəkələrin özünün müəyyən üstün cəhətləri var, geniş miqyasda ünsiyyət sistemi yarada bilir, auditoriyanın marağını önə çıxardır, təşkilatlanma üçün çox çevikdir. Geniş müzakirələr apara, bir mövzu ətrafında diskussiyalar yarada bilir. Bütün bu cəhətləri ilə yanaşı, hələ jurnalistika sayılmır. Çünki o, sistem deyil və qaydaları yoxdur. Məsələn, biri deyəndə ki, başım ağrıyır, ona 10 dənə dərman məsləhət görürlər. Ancaq məsləhət verənlərin heç biri həkim olmur. Hesab edin ki, jurnalistika peşəkar həkimdir, sosial şəbəkələr isə xəstəliyi sağaltmaq haqqında təsəvvürü olan sıravi bir insan. Bunların arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Ancaq dana bilmərik ki, sosial şəbəkələr jurnalistikanı bir növ üstələyir. İnsanlar sosial şəbəkələrdə fikirlərini, geyimlərini sərbəst şəkildə nümayiş etdirə bilirlər və bu gün sərhədlər bir-birinə qovuşduğuna görə ağla qaranı, gerçəklə yalanı bir-birindən seçmək olmur. Ona görə də jurnalistika yeni medianın içərisində əriyir. Bu da cəmiyyətin biliksiz olmağından irəli gəlir".

"Möhtac qalmaq" ifadəsində mənfi, ironik çalar var"

"Mediaforum.az" saytının baş redaktoru Azər Qaraçənli jurnalistlərin internetdəki sosial şəbəkələrdən geniş istifadə etməsi, eyni zamanda ondan bir məlumat mənbəyi kimi yararlanmasını normal qəbul edir: "Burada pis heç nə yoxdur. Adamlar və təşkilatlar kimi internet qrupları da məlumat mənbəyi ola bilər və olur da. Sadəcə, jurnalist hər bir mənbəyə olduğu kimi internet qruplarına da şübhəylə yanaşmağı bacarmalı, sosial şəbəkələrdə yayılan məlumatları dəqiqləşdirməyi, lazım gələrsə, ixtisar etməyi və ya məlumat mənbəyi ilə birbaşa əlaqəyə girib informasiyanı genişləndirməyi, ehtiyac yarandıqda xəbəri balanslaşdırmağı bacarmalıdır. Yəni jurnalistin sosial şəbəkədən məlumat mənbəyi kimi yararlanmasına qüsurlu hal kimi baxmaq olmaz, qüsur yalnız mənbədən peşəkarcasına yararlanmadıqda üzə çıxa bilər.
 

Doğrusu, mən elə hesab etmirəm ki, bu gün Azərbaycan mediası sosial şəbəkəyə möhtac qalıb. "Möhtac qalmaq" ifadəsində mənfi, ironik çalar var. Mən sosial şəbəkənin jurnalistlərin fəaliyyətindəki yerini bu cür ifadəylə qiymətləndirməzdim. Diktofon, telefon, faks aparatı, elektron poçt da jurnalistin işində mühüm yer tutur, buna möhtaclıq kimi baxmaq doğru deyil. Bunların hamısı vasitədir, sosial şəbəkə də. Vasitələrin təkmilləşməsinə, genişlənməsinə, jurnalistin işini asanlaşdırmasına hamımız sevinməliyik. Tənqid obyekti yalnız həmin vasitədən istifadə forması ola bilər. Tutalım, elə müsahibə var ki, üzbəüz aparılmalıdır, telefonla götürüləndə keyfiyyətini itirəcək. Elə xəbər var ki, onu kimdənsə alanda diktofona yazmağa, yazmısansa da səsi dinləyib deyilənləri bir-bir mətnə çevirməyə ehtiyac yoxdur, eləcə mahiyyətini yadda saxlayıb və ya bloknota qeyd edib öz sözlərinlə yazmaq daha yaxşıdır. Sosial şəbəkə də belədir və əlbəttə, elə xəbər var ki, oradan götürülməməlidir. Yaxud xəbər var ki, sosial şəbəkədən götürülübsə də, elə işlənməli, cilalanmalıdır ki, orada şəbəkənin bir istinad mənbəyi kimi quruca adı qalsın, şəbəkənin özündən (məlumatın oradakı yazılış tərzindən, dilindən, tonundan...) isə əsər-əlamət qalmasın. Şübhəsiz, elə xəbər də var ki, mediada o, sosial şəbəkədə olduğu kimi verilsə yaxşıdır. Jurnalist bu məqamların hamısını müəyyənləşdirməyi bacarmalıdır. Peşəkar jurnalist fəaliyyəti də elə bundan ötrüdür. Ona qalsa, Yer kürəsi məlumat mənbəyi ilə doludur, sosial şəbəkəyə qədər də dolu olub, jurnalistikaya nə ehtiyac vardı ki?.. Amma bu qədər mənbə ola-ola onları dəqiqləşdirən, balanslaşdıran, obyektiv, qərəzsiz işıqlandıran bir peşəyə ehtiyac yaranıb və sosial şəbəkənin yaranması da bu ehtiyacı azaltmır, əksinə - daha da artırır".
 

Söz Azadlığını Müdafiə Fondunun layihələr üzrə koordinatoru Nəzirməmməd Zöhrablı da ənənəvi medianın sosial şəbəkələrə uduzduğunu deyir: "Sosial şəbəkələrdə paylaşılan statusların xəbərə çevrilməsini bəzi məqamlarda normal qarşılamaq olar. Çünki sosial şəbəkələrdə aktiv kəsim daha çox media mənsublarıdır. Ancaq bu kimi şəbəkələrdən başqa kəsimlər də istifadə edir və təbii ki, sosial şəbəkəyə nəzarət etmək mümkün deyil. Əslində, bu nəzarətin tətbiqi düzgün də deyil. Bu mənada sosial şəbəkələrdə xəbər "istehsal edib paylaşmalar"ı bir növ müharibə getdiyi məqamlarda hərbi və ya dövlət sirrinin yayılması halı ilə müqayisə etmək olar. Bu zaman xüsusilə demokratik cəmiyyətlərin mediasında problem onu yayanın daxili senzurasının ümidinə qalır. Daxili senzura isə bir az təfəkkürdəndir, bir az məfkurədəndir, bir az intellektual potensialdan, səviyyədəndir, bir az peşəkarlıqdandır, bir az vicdandandır və sairə. Bu amilləri nəzərə ala bilənlərin paylaşdığı sosial media xəbərlərindən, təbii ki, heç kim ziyan çəkməyəcək.
 

Məsələnin ikinci tərəfinə gəldikdə isə, hamılıqla boynumuza almalıyıq ki, klassik, ənənəvi, elektron media internet qanadlarında doğulmuş sosial mediaya uduzur. Bu, bir gerçəklikdir, ancaq acı gerçəklik deyil. Elə belə də olmalı idi. Biz bunu gözləmişik. Amma bir çoxları hələ də texniki yenilikləri qəbul etsə də, şüurda, idarəçilikdə, intibahları, yenilikləri həzm edə bilmir. Baxmayaraq ki, bizim üçrəngli bayrağımızın üzərindəki qırmızı rəng daim yeniləşməni nəzərdə tutur".
 

"Ədalət" qəzetinin baş redaktoru, publisist İradə Tuncay toxunulan məsələdə mövzudan-mövzuya fərq olduğunu bildirir: "Ancaq sosial şəbəkədə paylaşdığım hər hansı fikir mətbuatda dərc edilirsə, bu marağı normal qarşılmaq lazımdır".

Sevinc Fədai
Milli.Az