Yeni illə gələn təhlükə

21 Dekabr 2014 12:42

Keyfiyyətsiz şam ağacı və yeni il hədiyyələri fəsadlar törədir

Yeni ilin gəlişi ilə əlaqədar mağaza, market və bazarlarda yeni il hədiyyələrinin müxtəlif növləri satışa çıxarılıb. Hər qiymətə olan bu hədiyyələrdən uşaqlar yan keçə bilmir. Ağlayır və valideynlərdən həmin oyuncaqları almağı tələb edir. Milli.Az ekspress.az-a istinadən xəbər verir ki, amma valideynlər arasında yalnız qiymətinə görə deyil, keyfiyyətinə görə də yeni il hədiyyələrini almağa ehtiyat edənlər var.

İstehlakçı Məryəm Zeynalovanın sözlərinə görə, yeni il hədiyyələri çox bahadır: "Bayramın gəlişi məni sevindirməkdənsə məyus edir. Balalarıma yaxşı, oyuncaqlı hədiyyə almaq istəyirəm. Amma hədiyyələrin qiyməti insanı ruh düşkünlüyünə salır. Ucuz hədiyyələr isə uşaqlara o qədər də maraqlı gəlmir. İçində oyuncağı olmur. Bir-iki şokolad, karamel, jelibon qoyurlar. Bu isə uşaqları o qədər də sevindirmir".

Bakı sakini Xuraman Babayeva isə bildirib ki, yeni il hədiyyələrini almağa ehtiyat edir: "Yeni il hədiyyələrində köhnə konfet, peçenyaların olması ilə bağlı xeyli hadisə eşitmişəm. Bu səbəbdən də yeni il hədiyyələri almıram. Özüm konfetləri, şokoladları, şirniyyatları bağlatdırır və şam ağacının altına qoyuram. Bu, həm ucuz başa gəlir, həm də uşaqlarıma təhlükə yaratmır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bayram ərəfəsində və sonra yeni il hədiyyələrinin keyfiyyətsizliyi ilə bağlı xeyli şikayətlər olur: "Valideynlər şikayət edirlər ki, "hədiyyə aldım içərisindən qurd çıxdı": "hədiyyənin içərisində vaxtı keçmiş mallar var" və s. Hər il bu tip problemlər yaşanır" deyən AİB sədri bildirir ki, tələb təklifi üstələdiyindən keyfiyyətsiz mallar ortaya çıxır. Onun sözlərinə görə, vaxtı ötmüş malları, konfetləri, peçenyeləri, şokoladları bəzəkli qablara doldurub əhaliyə satır, yeni il şənliklərinə paylayırlar. "Belə hədiyyələrdən övladlarına alan valideynlər heç maraqlanmırlar ki, uşaqlarımıza nə verdik? Ona görə vətəndaşlar diqqətli olmalıdırlar. O şey ki düzgün qablaşdırılmayıb, üzərində buraxılma tarixi və yararlılıq müddəti yoxdur, onu almasınlar".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, yeni il və ya başqa hansısa bir bayram əhalinin daha çox alış-veriş etdiyi bir dövr kimi xarakterik olunur: "Ona görə də ticarətlə məşğul olanlar və ya iş adamları həmişə bu dövrü fürsət kimi dəyərləndirməyə və ondan istifadə etməyə çalışırlar. Bu baxımdan da Azərbaycanda istənilən bayramlarda qiymət daha çox qalxır".
İqtisadçı əlavə edib ki, ayrı-ayrı satıcılar, iş adamları, təbii ki, yeni il hədiyyələrini baha qiymətə satmağa çalışırlar: "Onlar yeni il hədiyyələrinin içərisinə yığdıqları məhsulu ucuz qiymətə alır və baha satırlar. Nəticədə daha çox pul qazanırlar. Yeni il hədiyyələrinə dəqiq qiymətin qoyulması bugünkü bazar iqtisadiyyatı şəraitində mümkün deyil. Bu vəziyyətdən çıxış yolu əhalinin bu kimi məhsulları almamasıdır. İstehlakçının alması iş adamlarında ucuz qiymətə məhsulları alıb baha qiymətə satmağa maraq yaradır. Bunun inzibati yolla tənzimlənməsi, bu məhsulun müəyyən qiymətə satılmasının tələb olunması, təbii ki, bazar iqtisadiyyatı şəraitində yolverilməzdir".

Qeyd edək ki, yeni il hədiyyələrinin satışı ilə maraqlanıb mağazalara baş çəkdik. Hədiyyələrin qiyməti daha çox qablaşdırılmasından asılıdır. Böyük, maraqlı, diqqəti çəkən qablaşdırması olan hədiyyələr daha baha qiymətə satılır. Məsələn, "Santa Klaus" oyuncağı formasında olan hədiyyələr 22-23 manat arasındadır. Ən bahalı isə Şaxta baba formasında olan hədiyyələrdir. İçərisi şirniyyatla dolu olan bu hədiyyələr 27 manata satılır.

Yeni il hədiyyələrini internetdən də sifariş etmək olar. İnternetdə satılan yeni il hədiyyələrinin əksəriyyəti oyuncaq, suvenir, yeni il rəmzləri və açıqcalardır. Amma maraqlı dizaynlı konfet və peçenyelər də olur. Yeni il açıqcalarının qiyməti 1 manatdan, suvenirlər 3, açar üçün asılqanlar 5, yeni il rəmzi olan qoyun fiqurlu suvenirlər 9, qaşlarla bəzədilən flaşkalar 29 manatdan başlayır. İnternetdə mağazalarda tək-tük hallarda rast gəlinən yeni il rəmzləri ilə bəzədilən məişət əşyaları - dəsmallar, fincanlar, yorğan və geyimlər də sifariş etmək olar.

Yeri gəlmişkən, AİB sədri Eyyub Hüseynov onu da bildirib ki, yeni ildə aldığımız şam ağacları və yeni il oyuncaqları da təhlükə mənbəyi ola bilər: "Tez alışan, pis qoxu verən, budaqlarını sürtdükdə rəngi çıxan şam ağaclarını almaq olmaz. Yeni il şam ağacı üçün satılan oyuncaqlarda da bu kimi problemlər var. Oyuncaqların da rəngi çıxırsa, zərərli təsiri var".

Terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, yeni il bayramı ilə əlaqədar respublikamıza süni şəkildə hazırlanan şam ağacları və müxtəlif çeşidli oyuncaqlar gətirilir: "Bunların çoxu Çindən alınır, çox keyfiyyətsiz və ekoloji cəhətdən təhlükəlidir. Ümumiyyətlə, bu mallar tullantılardan hazırlanır. Çox vaxt insanlar ucuzluğuna aldanıb onları alırlar" deyən həmsöhbətimiz bildirir ki, bu malların üzərinə görkəmi dəyişsin deyə orqanizm üçün zərərli boya da vurulur. Boyanın tərkibində kimyəvi maddələr sağlamlığımız üçün güclü təhlükə mənbəyi olan kimyəvi maddələr var. Bu maddələr hətta qanın tərkibini də dəyişə bilər. "Eyni zamanda bunların təsiri nəticəsində allergik xəstəliklər də yayılır. Xüsusilə, allergiyaya meylli uşaqlara daha pis təsir edir. Ona görə də, şam ağacı və ya yeni il oyuncaqları alanda çox diqqətli olmaq lazımdır. Bu malları yaxından iyləyəndə insan iyin necə pis təsir etdiyini, qıcıqlandırdığını hiss edir. Alanda birinci növbədə şam ağaclarının sertifikatını tələb edin. Bizim alıcılar çox vaxt bununla maraqlanmırlar. Ümumiyyətlə, mala baxın ki, nə mal alırsız. Nəzərə alın ki, bu gün qənaət etdiyiniz pulu sabah dərmanlara xərcləyəcəksiz".

Mehdiyev onu da qeyd edib ki, bütün süni şam ağacları orqanizm üçün təhlükəli deyil: "Avropa ölkələrində də əhali süni şam ağacları alır. Amma o süni şam ağacları keyfiyyətli materiallardan hazırlandığından orqanizm üçün təhlükəli ola bilməz. Keyfiyyətli süni şam ağacları təbii şam ağaclarından əslində daha yaxşıdır. Ona görə ki, təbiətə ziyan dəymir. Bundan əlavə, təbii şam ağacları insanı göbələk xəstəlikərinə yoluxdurur. Şam ağaclarında xüsusi göbələklər var. Şam ağacına toxunduqda, onunla təmasda olduqda insan göbələk xəstəliyinə yoluxur, amma nədən yoluxduğunu bilmir. Bunu araşdırmaq çox çətin olur və xəstəlik orqanizmə ağır fəsadlar verir. Bu nöqteyi-nəzərdən ekoloji baxımdan təhlükəsiz materialdan hazırlanan şam ağaclarından istifadə etmək daha məqsədəuyğundur".

Onun dediyinə görə, şam ağacının iyini dəyişdirmək üçün spreylər var ki, bunlar da orqanizm üçün çox təhlükəlidir: "Qar və şam ağacının iyini dəyişdirən spreylər gələcəkdə insanın xərçəng xəstəliyinə tutulma ehtimalını artırır".

Terapevt vurğulayıb ki, son dövrlərdə allergik xəstəliklər çox artıb: "Bu da həm qidanın, həm də sadalanan malların keyfiyyətsizliyindən irəli gəlir. Allergiya dünyada bir nömrəli problemdir. Onun müalicəsi də çətinləşir. Ona görə ki, xəstə allergiyaya səbəb olan malla daim təmasda olur".

Milli.Az