İŞİD-dən Apple qadağası

21 Dekabr 2014 09:44

Terror qruplaşması yaraqlıları yeni qadağa barədə məlumat yayıblar

İŞİD GPS-dən istifadəyə qadağa qoyub.

Anspress-in məlumatına görə, İŞİD terror qruplaşması üzvləri Facebook sosial şəbəkə saytında sonuncu çıxarılan qadağa açıqlamalarını yaymaqdadırlar.

İŞİD üzvləri tərəfindən paylaşılan yazılı açıqlamada, terrorçu qruplaşma üzvlərinə Apple-in hər hansısa bir məhsulundan istifadə edilməsinə qadağa qoyduqları deyilir.

Bu qərarın verilməsinə səbəb isə digər GPS-ə malik qurğular kimi Apple-ın da həmin texnologiyaya malik olmasıdır.

GPS sisteminin aradan qaldırılması üçün yaraqlılar nəzarətlərində olan vilayətlərə mobil qurğular üzrə mütəxəssislərini göndəriblər. GPS-i ləğv edilməyən qurğular götürüləcək. Əgər hiylə işlətmək istəyən, gizləyən olarsa, həmin şəxs İŞİD tərəfindən cəzalandırılacaq.

GPS - Qlobal Mövqetəyinetmə Sistemi (ingiliscə GPS - Global Positioning System) dünya üzrə tətbiq olunan naviqasiya sistemdir. Bu ilk dəfə olaraq 1980-ci ildə ABŞ müdafiə nazirliyi tərəfindən (NAVSTAR-GPS) mövqetəyinetmə və vaxt ölçmə üçün yaradılıb, inkişaf etdirilib.

Milli.Az