Rusiyanın qubalı əmlak kralları - FOTO
20 Dekabr 2014 12:04
Onların hər ikisi Qubada dünyaya gəliblər. Rusiyanın ən varlı 200 iş adamının siyahısında hər biri ayrılıqda 3,6 milyard dollarlıq sərvəti ilə 30-31-ci yerləri bölüşürlər. Biri kasıb, digəri varlı ailənin övladı olub. Amma zamanla dollar milyarderinə çevriliblər. Söhbət Rusiyanın əmlak kralları Zarah İliyev və Qod Nisanovdan gedir.
Publika.az "Milyonçu" layihəsi çərçivəsində hər iki dağ yəhudisinin hekayəsini təqdim edir.
Zarah İliyev 1966-cı il sentyabrın 8-də Bakıdan 150 kilometr aralıda, Quba yaxınlığındakı Qırmızı qəsəbədə anadan olub. Məlum olduğu kimi, bu qəsəbədə tatlar və dağ yəhudilər yaşayırlar. Onlar 1492-ci ildə İspaniyadan qovularaq əvvəlcə İranda məskunlaşıb, XVIII əsrdə isə Hüseyn Əli xanın dəvəti ilə Quba xanlığında yerləşiblər. Qəsəbənin sakinlərinin əsas məşğuliyyəti ticarət və sənətkarlıqdır. Doğrusu, bu qəsəbənin sakinləri indi də pis yaşamırlar.
İliyevlərə gəlincə, iş adamının atası Bension İliyev çəkməçi olub. Beş oğluna - Lazar, David, Yarux, Zarah, Saveliyə öz sənətinin sirlərini öyrədib. Yazılanlara görə, Zarah papaq tikmək üzrə ixtisaslaşır. Məktəbdə oxuduğu illərdə "aerodrom" kepkalar tikərək Quba bazarında satır. Hətta deyilənləri ciddiyə alsaq, Qubadakı kolxoz bazarında onu tanımayan yoxmuş. Zarah İliyevin bazarda işləri yaxşı getsə də, ömürlük papaqçı qalmaq istəmir. Rusiyada yaşayan əmilərinin dəvəti ilə 1983-cü ildə, 17 yaşındaykən Moskvaya gedir. İlk vaxtlar "Çeryomuşka" adlanan ərazidə (bu ərazidə hazırda Z.İliyevə məxsus "Panorama" ticarət mərkəzi yerləşir - red.) gül alveri ilə məşğul olur. Sonradan konyak ticarətinə girişir. Qohumlarına məxsus mağazanı konyakla təmin edir. Buradan da yaxşı qazanc əldə edir. Nəticədə "İzmaylovsk" bazarında bir neçə ticarət konteynerini satın alaraq, iş adamlarına icarəyə verməyə başlayır. Getdikcə biznesini genişləndirən İliyev həmyerlilərinin etimadını qazanır. Ona Azərbaycandan gələn malların saxlanması problemini həll etmək tapşırılır. Və İliyev ilk anbarını tikir. 1993-cü ildə artıq "İliyev" firmasını yaradır. Bu firma vasitəsilə "Çerkizovsk" bazarının bir hissəsinə - 15 hektar əraziyə nəzarət edir. Onun ticarət partnyorları isə özü kimi dağ yəhudiləri olan Qod Nisanov və Telman İsmayılov olurlar. Yeri gəlmişkən, Qod Nisanovla Zarah İliyev hələ Qubada yaşadıqları zamandan dostluq edirmişlər. Moskvaya gəldikdən sonra da onlar bir çox biznes sahələrində ortaq olurlar. Ümumiyyətlə, Z.İliyev ortaqlıq seçimində yerlilərinə üstünlük verir. Onun daha bir ortağı İlham Rəhimovdur. Bu barədə az sonra...
2000-ci ildə Zarah İliyev Moskvadakı ən böyük topdansatış mərkəzlərindən olan "Moskva" ticarət mərkəzinin 57%-ni satın alır. 200 min kvadratmetrlik mərkəzin digər sahibi Moskva meriyası olur. İliyev "Safra İnstruments" şirkətlər qrupunu yaradır. 2008-ci ildə Beliz Respublikasında qeydiyyatdan keçən "Binston İnvestments Limited" də bu şirkətlər qrupuna məxsusdur. Getdikcə o, "Qrand" mebel mərkəzi, "Elektron Cənnət" ticarət mərkəzi və "Moskva" avtomobil mərkəzinə sahiblənir. Onun fəaliyyəti bununla bitmir. "Möcüzələr şəhəri" adlı şirkət təsis edir. 1992-ci ildə yaratdığı "Kombinat pitaniya Arbat" "İnterprombank"ın səhmlərinin 28.9 faizini əldə edir. 2006-cı ildə Zarah İliyev Qod Nisanovla birgə 275 milyon dollara "Ukrayna" mehmanxanasını satın alır. Stalin dövrünün göydələnlərindən sayılan mehmanxananın adı dəyişdirilir. Bu barədə də bir qədər sonra ətraflı danışacağıq...
Z.İliyev göz önündə olmağı sevmir. Rusiyanın əmlak kralı hesab edilsə də, adı ölkənin 200 biznesmeninin arasında qeyd olunsa da, onun haqqında çox az məlumat var. Məsələn, bəllidir ki, evlidir, iki uşaq atasıdır, hazırda sərvətinin həcmi 3,6 milyard dollardır. İş adamının hansı ali təhsil müəssisəsindən məzun olmasına gəlincə, onun ümumiyyətlə orta məktəbdə oxumasına dair də heç bir informasiya yoxdur. O ki qaldı sərvətinə, Z.İliyevin adı "Forbes"in siyahısına 2005-ci ildən daxil edilib. Həmin ildə onun cəmi 0,4 milyard dolları varmış. 2006-cı ildə İliyevin sərvəti 0,72 milyarda, 2007-ci ildə 0,82 milyarda, 2009-cu ildə 0,5 milyarda, 2010-cu ildə 0,95 milyarda, 2011-ci ildə 1,1 milyarda, 2012-ci ildə 2,4 milyarda, 2013-cü ildə 3 milyarda yüksəlir.
Z.İliyevdən fərqli olaraq, ortağı Qod Nisanov bir qədər göz önündədir. Əvvəla, Nisanov Z.İliyevdən 6 yaş kiçikdir. O da Azərbaycanın Quba rayonun Qırmızı qəsəbəsində anadan olub. Dağ yəhudisi olan Q.Nisanovun atası Semyon Nisanov konserv zavodunun direktoru işləyib. Sovet rejiminin qılıncının dalı da, qabağı da kəsdiyi bir dövrdə vəzifəsi sayəsində bütün qohumlarını zavodda işə düzəldib. Müəssisənin işçilərinin, demək olar ki, 90 faizi Nisanovlar nəslinin nümayəndələri imiş. Maliyyə vəziyyəti kifayət qədər qənaətbəxş olan S.Nisanov oxumaq üçün oğlunu paytaxta - Bakıya göndərib. Q.Nisanov əvvəlcə maliyyə-kredit texnikumunu, daha sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Q. Nisanov biznesdə ilk addımlarını hələ gənc yaşlarında atıb. Universiteti bitirdikdən sonra ailə əlaqələri sayəsində neft biznesi ilə məşğul olmağa başlayıb. Azərbaycana neft məhsullarının daşınmasını həyata keçirməklə bərabər, satışın müəyyən hissəsinə nəzarət edib. Artıq 20 yaşında Qubada bir neçə mağaza açıb. Amma Azərbaycan sərhədlərində pul qazanmaq təşəbbüsləri bununla bitib. Rusiyada başlayan özəlləşdirmə dalğası onu bu ölkəyə çəkib.
"Kommersant"ın yazdıqlarına inansaq, Nisanov Rusiyaya 1990-cı ildə köçüb. Lakin "Forbes" də bu tarix 1992-ci il kimi göstərilir. Hər halda, Q.Nisanov hədəflərinə çatır. Həmin vaxt artıq 7 ildir Rusiyada işləyən, həmyerlisi, uşaqlıq dostu Zarah İliyevə birgə elektron avadanlıqların satıldığı "Riqa Elektron yarmarkası"nı yaradır. Lakin iş adamı kifayət qədər gəlir gətirən bu yarmarka ilə kifayətlənmir. Telman İsmayılovun "Çerkizov" bazarı layihəsində də səhmdarlardan biri olur. Düzdür, uzun illər onun adı bazarla bağlı çəkilməyib. Daha çox arxa planda olub. Amma bu, ona sərf edib.
Q.Nisanov 2000-2005-ci ildə "Diamond cutters" almaz emalı şirkətində işləməyə başlayıb. 2001-ci ildə Nisanov Z.İliyevlə "Moskva" ticarət kompleksini açıb. Ticarət kompleksi onların icarə ilə bağlı ilk ortaq biznesi olub. 2002-ci ildə iş adamı "Kiyev meydanı" şirkətini yaradıb. Bu şirkətin məqsədi Kiyev stansiyası ərazisinin yenidən qurulması məqsədini daşıyırdı. 2003-cü ildə şirkət Moskva meriyası ilə 72 min kv.metr ərazidə "Biznes ticarət mərkəzinin" tikintisinə dair investisiya müqaviləsi imzalayır. Elə həmin ərəfədə "Avropa meydanı" şirkəti yaradılır. Bu şirkətin səhmdarları Moskva Əmlak Departamenti (30%) və "Kiyev meydanı" (70%) olur. Kiyev stansiyası ərazisinin yenidən qurulması istiqamətində işlər 2006-cı ildə yekunlaşır. Stansiyanın ərazisində bazar dəyəri 1 milyard dollar olan "Avropa" ticarət-əyləncə mərkəzi yaradılır.
2003-cü ildə Nisanov "Trade İnvestments" (restoran, kafe, pərakəndə ticarət) şirkətinin təsisçilərindən biri olur. Bu arada, onun şəriklərindən biri də İlham Rəhimovdur. 2005-ci ildə Qod Nisanov və ortağı Zarah İliyevin "Biskvit" şirkəti dövlət hərracında "Ukrayna" mehmanxanasının yeni sahibinə çevrilirlər. Lakin Rusiya mətbuatı mehmanxana ilə bağlı hərracın nəticələrinin qanuni olmadığını iddia edir. "Biskvit" adlı şirkətin mövcudluğu şübhə altına alınır. Hərracın Nisanovun xeyrinə yekunlaşmasında onun hökumətlə əlaqələri önə çəkilir. Bütün söz-söhbətlərə son qoymaq məqsədilə hüquq mühafizə orqanları "Ukrayna" mehmanxanasının satışı ilə bağlı keçirilən hərracın nəticələrini gözdən keçirir. Lakin iş adamının mehmanxananı hökumətlə əlaqələri sayəsində əldə etdiyinə dair şübhələr sübuta yetirilmir. 2010-cu ildə 3 illik təmirdən sonra mehmanxana "Radisson Royal Ukraina" brendi ilə fəaliyyətə başlayır.
İş adamının obyektləri bununla bitmir. "Qrand" mebel mərkəzinin, "Sadovod" bazarının, "Otel-İnvest", "Moskva-Sity"-nin səhmlərinin bir hissəsinin, Moskva dairəvi yolunda yerləşən bir neçə bazarın onun biznes imperiyasına daxil olduğu deyilir. 2011-ci ildə o, Rusiya Müdafiə Nazirliyinə məxsus "Soyuz" otelini də alır. Mətbuat Nisanovun otelin təmirinə 300 milyon dollar xərclədiyini yazır.
2009-cu ildə Moskva hökuməti Q.Nisanovun və Zarah İliyevin hissədarı olduqları "Çerkizov" bazarını bağlayır. Lakin Telman İsmayılovdan fərqli olaraq, Nisanov və İliyev bundan zərərə düşmürlər. Əksinə, "Çerkizov" bağlandıqdan sonra bazarda işləyən ticarətçilərin çoxu onlara məxsus "Sadovod" bazarında və "Moskva" ticarət mərkəzindəki boş yerləri icarəyə götürürlər. Yeri gəlmişkən, bu obyektlərdə icarə haqları ticarətçilərə "Çerkizov"dan baha başa gəlir.
Hər iki dağ yəhudisi o iş adamlarındadır ki, rəsmi Kremllə çox gözəl əlaqələri var. Son illər Rusiyada keçirilən hərracların qalibi ancaq onlar olur.
Nisanov və İliyev damla-damla varlananlardandırlar. 2014-cü ilin nəticələrinə görə, Nisanovun da varidatının həcmi 3,6 milyard dollardır. Q.Nisanovun adı "Forbes"ə 2009-cu ildə daxil edilib. Həmin vaxt Qodun 0,5 milyard dolları varmış. 2010-cu ildə sərvətinin həcmi 720 milyon dollar təşkil edir. 2011-ci ildə bu rəqəm 1,1 milyard dollara, 2012-ci ildə 2,4 milyard dollara, 2013-cü ildə 3 milyarda yüksəlir. Hazırda Z.İliyev və Q.Nissanovun kapitalına "Kiyev meydanı" daxildir. Ortaqlar şirkətin səhmlərini 50-50-yə bölüşürlər. Halbuki, ilk vaxtlar "Kiyev meydanı "nın 30 faizi Moskva Əmlak Departamentində idi. Z.İliyev və Q.Nissanov hər ikisi daşınmaz əmlak krallarıdır. Onların əmlakın icarəsindən əldə etdikləri gəlirin həcmi 1,1 milyard dollar təşkil edir. 2012-ci ildə ortaqlar "Radisson-Slavyanskaya" mehmanxanasını 7,8 milyard rubla satın alıblar. 2013-cü ildə isə onlar "Lotos-siti" ticarət mərkəzini satın alıblar. Layihənin ümumi ərazisi 1,5 milyon kvadratmetrdir.
Nisanov haqqında da ortağı kimi cəmiyyətə çox az şey bəllidir. İş adamının mediada müsahibəsinə belə rast gəlmək mümkün deyil. Yalnız dövlət hərraclarında adı gündəmə gəlir. İş adamı evlidir və 3 övladı var. Biznesmenin hobbisi at yetişdirmə, su altında üzməkdir. Daha bir özəlliyi 6 əcnəbi dili mükəmməl bilməsidir. Bunlar arasında fars, ərəb və türk dilləri də var.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.