Mirzə İbrahimovun qızı atası haqda bilmədiklərimizi DANIŞIR - FOTO

19 Dekabr 2014 17:17
"Əziz qızım Sevda! Səni təbrik edirik. Sən təbiətdə ən müqəddəs zümrə olan analar cərgəsinə daxil olsan da, bizim sevimli balamız Sevdasan". Bu cümlələri Sevda İbrahimovanın atası, mərhum yazıçı Mirzə İbrahimovun 90 illiyində dərc etdirdiyi "Atama çatmayan məktub"unda oxuyuram. Dekabrın 17-də Mirzə İbrahimovun vəfatından 21 il ötdü. Onun anım günündə qızı, bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Sevda İbrahimova ilə atası barədə söhbət etmək istəyirəm. Sevda xanımın dekabrın 18-də 75 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Filarmoniyasında müəllif konserti keçiriləcəyi ilə bağlı işinin çox olmasına baxmayaraq, sağ olsun, sualları cavablandırmağa vaxt ayırır.

- Mirzə İbrahimovu tanımayan birinə siz onu necə tanıdardınız? Mirzə İbrahimov necə insan idi?

- Mən öz fikrimi deyə bilərəm. Amma insanlar onu necə tanıyıb deyə bilmərəm. Ürəyiaçıq, təmizqəlbli, saf qəlbli, heç vaxt heç kimə pislik etməyən. Hamıya kömək və yaxşılıq edən biri olub atam. Heç unuda bilmirəm, onu torpağa tapşıranda, arxamda bir qadının ağlayaraq: "atamız getdi"- sözünü eşitdim. Mən ondan soruşdum ki, siz onu tanıyırsınız? O dedi ki, "mən uşaq evində böyümüşəm. 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə yardım göndərərdi. Biz onu ata deyə çağırardıq".
Yaxşı xatırlayıram, anam deyərdi ki, atam Ali Sovetdən aldığı maaşı da uşaq evlərinə göndərərdi. Özü də uşaqlıqdan ana-atasız böyüyən uşaq olub. Üç yaşında anasını, 7 yaşında isə atasını itirib. Atam danışırdı ki - ona da atası danışıb - doğulduğu kəndə (Sərab şəhəri yaxınlığında yerləşən Evə kəndi) aclıq düşür. Anaları vəfat edir. Atası analarının vəfatından sonra onları götürüb gəlir Azərbaycana. Böyük qardaşı yolda ölür. Atası ilə ikisi qalır. Atasını da Zabratda neft buruğu vurur. Bu uşaq isə bir varlı bəyin evində nökər qalır. Atam o qədər əziyyətlər görmüşdü ki...
Mən hələ 1918-19-cu illərdən danışıram. Nökərçiliklə dolandırıb özünü. 1920-ci ildə Sovet hakimiyyəti qurulanda bəy qaçır. Atam oxumaq istəyirdi. Onu Balaxanı fabrik-zavod məktəbinə qəbul edirlər. Müəllimləri onun ilk yaxınları, doğmaları olub. Bu yaxınlarda arxivimi yığışdıranda onun bir məqaləsinə rast gəldim - "Ana, ata müəllim". O belə bir sitatla başlayır. "Görəsən dünyada elə bir insan tapılarmı ki, əbədi üçlük onun qəlbində daim yaşamasın-ana, ata, müəllim".
Ancaq o ağlı, qələmi, öz qüvvəsi ilə hər şeyi əldə edib. 1934-cü ildən yazıçı kimi tanınmağa başlayır və onu Yazıçılar İttifaqına qəbul edirlər. Eyni zamanda, elmi fəaliyyətlə də məşğul olur. 1937-ci ildə Leninqrada gedir və dissertasiyasını müdafiə edir. "Həyat" pyesini yazır. Pyesin premyerası 1937-ci il aprelin 28-də, Üzeyir Hacıbəyovun "Koroğlu" operasının premyerası isə aprelin 30-da olur. Bu iki premyara gözəl qarşılanır. O vaxtı Bakıda Xaqani küçəsi 19 ünvanında yaradıcı insanlara mənzil verilirdi. Bülbül, Həqiqət Rzayeva, Niyazi, Müslüm Maqomayev, bütün tanınmış yazıçılar, şairlər, bəstəkarlar orda yaşayırdı. Atama oradan 3 otaqlı ev verdilər. 1938-ci ildə Qurban Primovun qızı Sara xanımla atam ailə həyatı qururlar. Çox gözəl, səmimi mehriban ailə idi.

- Necə tanış olmuşdular?

- Səməd əmi (Səməd Vurğunu nəzərdə tutur), Rəsul Rza, Sabit Rəhman kimi yazıçılar atamın əzizləri olub. Atamla anamın ailə həyatı qurmasına da onlar vəsilə olublar. Üzeyir bəylə də ata-oğul kimi idilər. Anam konservatoriyanı bitirən ilk Azərbaycan qadınlarından idi. Çox ciddi qadın idi. Heç vaxt heç kimi yaxınına buraxmazdı. Yayda azərbaycanlıların bir çoxu Kislovodskda dincəlməyə gedirdi. Səməd əmi də istəyirdi ki, atam da ailə qursun. Orda olan zaman deyib ki, sən niyə evlənmirsən? Atam da deyir ki, mən ancaq bu qızı istəyirəm, o da yaxın buraxmır. Sonra Səməd əmi bir gün anamla rastlaşanda deyib ki, ay Sara bacı, sən niyə Mirzəni bu qədər incidirsən? Anam heç nə deməyib, gülümsəyib. Sonra da münasibətləri yaranıb və ailə həyatı qurublar. Anamın barmağına nişan üzüyünü Nigar Rəfibəyli taxıb. Qismət elə gətirdi ki, elə mənim də barmağıma nişan üzüyünü Nigar xanım taxdı.

- Adınızı atanız qoymuşdu?

- Anam deyirdi ki, atam qoyub. Mən soruşmurdum ki, niyə qoyub?

- Yəqin ki, atanızın yaradıcılığınıza təsiri olub?

- Mən klassik, ciddi musiqi ilə məşğul idim. Bir dəfə mənə dedi ki, "qızım, bu şeiri oxu". Nəriman Həsənzadənin "Sən məni yad et" şeiri idi. Hiss etdim ki, bu şeirə mahnı bəstələməyimi istəyir. Sonra o mənə nə qədər şeirlər verirdi. Mənim gözəl işlərim onunla bağlıdır. Mənim ürəyim onunladır.

Sevda xanım o günlərdən o qədər məhəbbətlə danışır ki, bunu onun səsində hiss edirəm. Deyir ki, "atam anamı Sarıçka" çağırırdı:

- Atam çox vəzifələrdə olub. Ancaq mən onu həmişə eyni cür görmüşəm. Hər bazar günü saat 2-də biz mütləq muğam konsertinə qulaq asardıq. Babam gələrdi. Mən onun ilk nəvəsi idim. Deyirdi ki, "otur mənimlə çal". Ümumiyyətlə, atam musiqini çox istəyirdi. Ona görə də Üzeyir bəy atamı çox istəyirdi. Xəstə olanda, son günlərində ancaq deyirdi ki, "Mirzə, sən gəl yanıma".
Mənim atam tək böyüyüb. Amma onda o qədər böyük insani keyfiyyətlər var idi. Onu dil məsələsinə görə işdən azad etdilər. Çünki 1956-cı ildə Azərbaycan dili məsələsini o, gündəmə gətirdi. Yadımdadır ki, bizi bulvara, indiki Sahil bağına aparanda, dil məsələsi olan vaxtlarda atamla qarşılaşan insanlar deyirdilər ki, biz sizinləyik. İşdən azad olunduğuna görə qətiyyən bədbin deyildi. Otururdu stol arxasında, yazırdı. Yazanda da özünü çox xoşbəxt hiss edirdi. Bir dəfə onu Fransaya göndərdilər. Qayıdanda onu hansısa vəzifəyə qoymalı idilər. Onda mən balaca idim. O, Fransaya gedəndən sonra anama zəng elədilər ki, keçmədi o vəzifəyə. Anam deyirdi ki, "indi mən ona qayıdanda necə deyəcəyəm?". Atam anama "Sarıçka" deyirdi. Anam ona deyəndə ki, "keçməmisən". Dedi ki, "nə olsun, Sarıçka, canın sağ olsun". Bununla da söhbət qurtardı. Məni də yazıçılığa birinci cəlb edən elə o oldu. Deyirdi "qızım otur işlə". Mən ifaçı idim. Amma yaradıcılığa həvəsi atam yaratmışdı. Çox böyük insan idi. Gözəl insan idi.

Söhbətin bu yerində yenidən Cənubi Azərbaycana, Mirzə İbrahimovun ana vətəninə qayıdırıq.

- Atanız sizi Cənubi Azərbaycana aparmışdı?

- Məni atam ora necə apara bilərdi? 1946-cı ildə (yəqin ki, burda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Demokratik Firqənin yarandığı dövrdən bəhs edir) mənim cəmi 7 yaşım var idi. Atam iş adamı idi. Özü İrana gedirdi. Onun İranda hərbi formada şəkilləri var. Bizim də getməyimizi arzu edirdi. Ora onun vətəni idi. AMEA-nın Cənubi Azərbaycan şöbəsinə böyük həvəslə gedirdi. Deyirdi ki, "görəsən, mən sizi Təbrizə apara biləcəyəm?". Amma qismət olmadı. Onun vəfatından sonra getdim o torpaqlara. Yoldaşımın işi ilə əlaqədar müxtəlif yerlərə göndərirdilər. Bir dəfə dedi ki, "Mirzə əmi səni aparmaq istəyirdi. Gəl aparım səni". Doğrudan da apardı. Getdik Səraba. Yaşadığı yerdən torpaq gətirib qoydum məzarına. Neynəyim? (kövrəlir).

Bu kədərli ab-havadan çıxmaq üçün atasının ən sevimli əşyasının nə olduğunu soruşuram:

- Onun masasına toxunmaq olmazdı. Onun öz qələmi, kağızları, yazısı var idi. Onun elə kitabxanası var idi ki, bütün dünya ədəbiyyatı orada toplanmışdı. Yay tətilində bütün rus, Avropa ədəbiyyatını oxuyurduq. Bizim evdə artıq söhbət yox idi. Babam tez-tez gəlib ifa edirdi. Atam ona öz atası kimi baxırdı. Atam tanıdığı birinin işdən çıxarılmasını eşidəndə olduqca narahat olurdu, onu sanki faciəyə çevirirdi. Amma özü isə heç nəyi faciəyə çevirməzdi. Bilirsiniz, atam aclıqla böyümüşdü. Ona görə də onun bütün bədəni zəif idi. Gözümün qabağındadır ki, o necə özünə qulluq edirdi. Nəyi yemək olar, nəyi yemək olmaz, diqqət edərdi. Hər səhər bir qaşıq balla çay içərdi. Özü-özünə baxmağı bilirdi. Mədəsində, qaraciyərində problemlər var idi. 82 il yaşadı. Amma anamın vəfatı ona daha çox təsir etdi, qocaltdı. Anama o qədər dəyər verərdi ki... Səhər duranda görürdü ki, anam yatıb, heç vaxt yuxudan oyatmazdı.
Atam bizə həmişə qəzəllər oxuyurdu. Bizi bazar günü oturdardı, Füzulini, Nizamini oxuyardı. Deyərdi ki, "qızım, qulaq as". Bizdə musiqi sədası əskik olmazdı.

- Mirzə müəllimin özünün ən sevimli yazıçısı, bəstəkarı kim idi?

- Mən ayıra bilmərəm. Üzeyir bəy onun üçün ata idi. Hamı ilə gözəl münasibəti var idi. Səməd əmi, Rəsul Rza onun yaxınları olub. Bir də gördün yığılırdılar bağa söhbət edirdilər. Amma heç vaxt onlardan siyasi söhbətlər eşitməzdik.

- Özü siyasətçi olduğu halda siyasətdən danışmırdı?

- Ümumiyyətlə, o siyasətçi olmayıb. O, xalqını sevən sadə bir insan olub. Onun əsərlərinə fikir verin. Görün o siyasətçi idi? Sadəcə onu vəzifəyə qəbul ediblər. Çünki çox ağıllı insan idi. Ətrafındakı insanlar onu çox istəyirdilər. Siz o dövrü başa düşə bilməzsiniz. O dövr tamam başqa idi. Yazıçıların, bəstəkarların, demək olar ki, hamısı xalqını, vətənini sevirdi. Yadıma gəlir, 1956-cı il idi. Atam oturtdu bizi maşına, Şuşaya apardı. Orada qonaq evi var idi. Gördük ki, Fikrət Əmirov da ailəsi ilə ordadır. Bir az keçdi, Süleyman Ələsgərov gəldi. Süleyman müəllimin yoldaşı mənim ədəbiyyat müəllimim olub. Babam da hər yay bir ay Şuşada qalardı... Bizim belə gözəl günlərmiz olub. Otururduq, babam tar çalırdı. Mən bunu xatırlayıram. Bəli, o müxtəlif vəzifələrdə olub. Ulu öndər Heydər Əliyev vəzifəyə gələndə atamı tanıdı, bilirdi ki, necə insandır. Yenidən ona vəzifə verdi.

- Atanızın istədiyi, amma reallaşdıra bilmədiyi bir arzusu var idi?

- Vəfat edəndə heç nə demədi. Amma həmişə bir arzusu var idi. Deyirdi ki, görəsən sizi Təbrizə apara biləcəyəmmi?

- 1988-1990-cı illərdə baş verən hadisələri necə xatırlayırsınız?

- Vertolyot hadisəsi atama çox mənfi təsir etmişdi (Qarakənd üzərində vurulan vertolyot). O günlər hamımız dəhşətli hisslər yaşayırdıq. Çox böyük iztirab çəkirdik. Ağır vaxt idi. Sonra şükür ki, Heydər Əliyev cənabları gəldi. Sakit yaşayırıq. İndi dünyanın müxtəlif ölkələrində nələr baş verir. Həmişə ətrafımdakılara deyirəm ki, şükür ki, biz sakit, sabit bir ölkədə yaşayırıq.

Mirzə müəllimin vəfatı ilə bağlı danışmaq istəsəm də, tərəddüd edirəm. Üzr istəyərək, atasının vəfat gününü necə xatırladığını soruşuram, cavab verir:

- Yox, niyə üzr istəyirsiniz, mən sizə deyərəm. Narahat olmayın. Atam son günlərində xəstəxanada qalırdı. Yıxılmışdı, ayağı əzilmişdi. Bir gecə bacım, bir gecə mən olurdum yanında. Sonuncu həftəni evə gətirdik. Çox sakit getdi. Dünyasını dəyişəndə mən yanında idim. Üzündə sakit gözəl təbəssüm var idi.

- Nə vəsiyyət elədi?

- Yox, vəsiyyət eləmədi. Çünki əvvəldən bütün fikirlərini demişdi bizə. Bizə həmişə gözəl insan olmağı, yaxşılıq etməyi tövsiyə edərdi.

Söhbət əsnasında Mirzə müəllimin Abdulla Şaiqi repressiyadan qoruduğunu da öyrənirəm. Ümumiyyətlə, Mirzə müəllim barədə bir çox nüanslara toxunuruq. Sevda xanım ona yazdığı məktubunu mənə hədiyyə edir. Deyirəm ki, Sevda xanım, mən atanızı "Böyük Dayaq"la tanımışam. Sevda xanım da sözümü təsdiqləyir:

- Bəli, bəli. Bilirsiniz, Heydər Əliyevin anım günündə bizim televiziyalarda "Böyük Dayaq"filmini mütləq göstərirlər. Mənə deyirlər ki, mərhum Heydər Əliyevin sevimli filmi olub. Ümumiyyətlə, atam bütün əsərlərini çox böyük məhəbbətlə yazırdı.

Söhbət əsnasında diqqətimi çəkən məqam Sevda xanımın atasının müəllimlərə olan sevgisindən danışması idi. Ona görə də yazını Mirzə İbrahimovun müəllim peşəsinə olan sevgisini bildirən və qızına yazdığı məktubla bitirmək istəyirəm:

"Əziz qızım Sevda! İnsan üçün ən böyük səadət sevdiyi işlə məşğul olmaqdır. Sən isə Oqtayı sevirsən (onu sevməmək olmaz), yazmağı da sevirsən, çalmağı da, müəllimliyi də. Müəllimlik! Yazıçılıqdan sonra mənim ən yüksək tutduğum bir sənətdir. Çalış qızım, uşaqlarla o qədər həssas ol ki, onların ürəyindəki qığılçımları alovlandıra biləsən, ondan sonra özləri irəliləyəcək. Gələcəkdə onların parladığını, xoşbəxt olduğunu gördükdə isə sən yüz qat artıq sevinəcəksən. 10.02.1966".



Rəsul Rza Mirzə İbrahimov 1934-cü il iyun...



Mirzə İbrahimov və Bülbül...



Mirzə İbrahimov Təbrizdə...

Modern.az