Bakının yaşıl zəhəri - FOTO

18 Dekabr 2014 11:23

Şəhər mağazalarında təbii şam ağacları deyil, plastik yolkalar satılır

Yeni ilin gəlişi paytaxt sakinlərində indidən xoş həyəcan yaradıb. Artıq evlərdə yolkalar qurulur və üzəri xüsusi bəzək əşyaları ilə bəzədilir. Ancaq şəhər mağazalarında təbii şam ağacları deyil, plastik yolkalar satılır.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, paxtaxtın bir neçə mağazasında müşahidə aparılsa da təbii şam ağacından yolkalara rast gəlinməyib. Satıcılar təbii ağacların baha başa gəldiyini və tələbatın az olduğunu deyirlər. Bir gün ərzində təxminən 13-14 yolka satdıqlarını deyən satıcılar vəziyyətdən razı görünürlər. Sakinlər isə çərəsizlikdən plastik və al-əlvan yanan ucuz yolkaları almağa məcbur qalırlar.

Əsasən Çin istehsalı olan bu yolkalar Yeni il ərəfəsində evimizin ayrılmaz hissəsinə çevrilir. Qiyməti xeyli ucuz olan yolkaların keyfiyyəti isə təbii ki, qaneedici deyil. Əvvəllər il dəyişərkən şam ağacı kəsilir və evdə qurulurdu. Ağacın evə yayılan xoş qoxusundan Yeni ilin ab-havasını duymaq olurdu. Ancaq indiki, kimyəvi maddələrdən hazırlanan və mağazalarda 25-30 manata satılan yolkalar zəhər mənbəyidir. Bəzi mütəxəssislər yolkanı Kanada kimi şam ağacı ixrac edən ölkələrdən alınmasını təklif edirlər.

Artıq Rusiya analoji addımı atıb və Kanadadan yolka sifarişi verib. Ancaq Kanadadan Azərbaycana şam ağacı sifariş vermək yol və digər xərcləri nəzərə alsaq, elə də səmərəli sayılmır. Əksər mütəxəssislər isə ölkə daxilində şam ağaclarının yetişdirilməsini təklif edirlər. Azərbaycan təbii iqlimi və coğrafi mövqeyinə görə şam ağacının yetişdirilməsi üçün əlverişlidir. Elə də ciddi xərc tələb etməyən şam ağaclarına xüsusi qulluq da tələb olunmur.

Yeni il ərəfəsinə qədər böyüdülən ağacların daha sonra bazarda münasib qiymətə satılması həm sahibkarın, həm də əhalinin marağına uyğun gələr. Bu sadə yolla sahibkar yaxşı pul qazanar, sakinlər isə uzun illərdən sonra evlərində təbii şam ağacı qura bilərlər. Necə deyərlər, alan da razı qalar, satan da.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.