Mavi Xəzər Bakıya zəhər vurur - FOTO

18 Dekabr 2014 08:30

Ekoloqların "Bakının havasını bəlirləyən ən mühüm amillərdən biri" dedikləri Xəzərdə çirklənmə səngimək əvəzinə, daha da artır. Bulvar sahilində dalğalar qara, çirkli, yağlı, üfunətlidir.

Bulvar ərazisində "mavi Xəzər" deyə öyündüyümüz dənizin üzərini mazut qatı örtüb. Həmin qat o dərəcədə qatıdır ki, hətta 10 metrdən çəkilən fotoda da aydın şəkildə görünür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mirsalam Qəmbərov Milli.Az-a açıqlamasında bildirdi ki, Fövqəladə Hallar Nazirliyinə Bakı buxtasının təmizlənməsi tapşırılıb.

Onun sözlərinə görə, bu il dekabrın 5-dən Nazirlər Kabinetində komissiya üzvləri ilə görüş olub:

"Böyük təqdimat oldu. Nədən başlanması, hansı işlərin görülməsi müzakirə edildi. Qərara alındı ki, işçi qrup yaradılsın və onların ortaya qoyduğu məsələlərə baxılsın. Küləkli günlərdə, əlverişsiz meteoroloji şəraitdə Sultan burnu deyilən ərazidən Zığa qədər dəniz çirkli ola bilər. Konkret mazut qatının olmasını isə dəqiqləşdirmək lazımdır. Bəlkə, qəza baş verib, xəbər yoxdur. Gündəlik olaraq Xəzər Monitorinq İdarəsi tərəfindən analiz götürülür, müayinələr aparılır. Onlarla maraqlanmalıyam. Çirklənmə qəza da ola bilər, hansısa hadisənin nəticəsi də".

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.