"Avrasiya İqtisadi Birliyi mülkiyyət məsələlərinin Azərbaycanla mübahisəyə çevrilməsinə imkan verməməlidir"

15 Dekabr 2014 11:17
"Ermənistanın əsas məqsədi regionda proqnozlaşdırılmayan vəziyyət yaratmaqdır. Qərb qarşısına Ermənistanın qoyduğu ən böyük geosiyasi resurs Rusiyada özü barəsində yaratdığı inamdır".

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, ermənilər bu inamdan həmişə sui-istifadə ediblər: "Tarixdə Rusiyanın inamını ermənilər qədər qazanan ikinci xalq olmayıb. Rusiyaya qarşı ən böyük xəyanəti də ermənilər ediblər. Ermənilərin rusları aldatması o səviyyədədir ki, bu gün də Rusiya Ermənistanı özünün ən vacib strateji müttəfiqi sayır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə imkan verməməklə Ermənistanın ən əsas məqsədlərindən biri Rusiya-Azərbaycan münasibətlərini sarsıtmaqdır. Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Rusiya və Azərbaycanın bir-birini qarşılıqlı tamamlayan münasibətləri Ön Asiyada ən aparıcı vektora çevrilə bilər. Bu isə Qərbdə müəyyən qüvvələrin marağında deyil. Rusiya ilə Azərbaycanın bir-birini qarşılıqlı tamamlayan münasibətlər qura bilməməsinin ən əsas səbəbi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasıdır. Ona görə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsini geosiyasi faktora çevirib bu istiqamətdə Qərbdən əlavə dividentlər alır".

M.Əhmədoğlu bildirib ki, Avrasiya İqtisadi Birliyinə üzv olması Ermənistanın Qərb qarşısında dəyərini artıran məsələdir: "Alət kimi Avrasiya İqtisadi Birliyinə qarşı istifadə edə biləcəklər. KTMT 2 dəfə NATO ilə əlaqələri dayandırmaq haqqında qərar qəbul edib. KTMT üzvü Ermənistan bu qərarları nəinki icra etməyib, əksinə NATO ilə əməkdaşlığa yeni dinamizm verə bilib. Bunu Qərbdə də görürlər. Qırğızıstan hələ Avrasiya İqtisadi Birliyinə üzv olmayıb. Qərb dövlətləri Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə qarşı mübarizə aparırlar. Qırğızıstanı ÜTT-nin normativlərinə uyğun hərəkət etməyə vadar edirlər. Ermənistan üçün Qərbin belə münasibəti yoxdur. Ermənistan da ÜTT üzvüdür".

Onun sözlərinə görə, Ermənistanın AİB-ə üzv olması onun konfliktogenliyi üçün əlavə resurs yaratmış olur: "Hal-hazırda onun konfliktogenliyi AİB üzvləri ilə Azərbaycan arasında gərgin münasibət yarada bilər. Birincisi, RF qazı RF mülkiyyətində olan boru kəməri vasitəsilə Ermənistandan çıxaraq Azərbaycanın Dağlıq Qarabağ ərazisinə Azərbaycan digər əraziləri vasitəsilə nəql olunur. Ermənistanla Rusiya arasında imzalanmış, fəaliyyətdə olan müqaviləyə görə, Ermənistan Rusiya qazını Rusiyanın icazəsi olmadan beynəlxalq aləmdə tanınmış sərhədlərindən kənara çıxara bilməz. Ermənistan 2015-ci il yanvarın 1-dən rəsmən Avrasiya İqtisadi Birliyinə üzvdür. AİB qanunlarına görə, Ermənistan yanvarın 1-dən etibarən öz sərhədlərinin hüdudlarından kənara çıxardığı bütün mal, kapital, xidmət və işçi qüvvəsini AİB-in razılığı ilə etməlidir. Beləliklə, 2015-ci il yanvarın 1-də RF qazının Azərbaycan ərazisindəki nəqli RF-in və AİB-in Azərbaycana qarşı qanun pozuntusudur. Ermənistanın RF mülkiyyətində olan boru kəməri vasitəsilə hətta başqa ölkənin qazını Dağlıq Qarabağa nəql edə bilməz.

İkincisi, Ermənistan tərəfi son təlimlərdə 47 min hərbçini və külli miqdarda hərbi texnikanı Dağlıq Qarabağa məxsus kimi göstərdi. Məqsədi gələcəkdə bu miqdarda hərbçi və texnikanın Avrasiya İqtisadi Birliyi sərhədlərini keçməsinə "əsas "yaratmaqdır. Üçüncüsü mehri dəmir yolu, eləcə də onun Ermənistan ərazisindən keçən hissəsi Azərbaycan Respublikasının mülkiyyətidir. Çünki vaxtilə Azərbaycan SSR-nin mülkiyyəti olub".

Politoloq deyib ki, Ermənistanı beynəlxalq aləmdə tanınmış sərhədləri hüdudunda AİB üzv qəbul etməklə bir qisim Azərbaycan mülkiyyətinin Ermənistan tərəfindən mənimsənilməsinə hüquqi don geydirə bilər. Belə məsələlər dörddür:

I. "Tex-"Stepanakert"" qaz-boru kəməri.

II."Tex-""Stepanakert"" kəməri vasitəsilə nəql edilən RF qazı.

III. Mehri dəmiryolunun Ermənistan ərazisindən keçən hissəsi.

IV. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus hərbi texnika.

Politoloq hesab edir ki, Azərbaycan RF-in şimal regionlarına qaz verir: "Azərbaycan Rusiya ilə miqrasiya haqqında qanunlara ciddi əməl edir. Azərbaycan RF və digər AİB üzvlərinin öz ərazisindəki mülkiyyətini öz mülkiyyəti kimi qoruyur. Ermənistan AİB-ə üzv olduqdan sonra da eyni ilə bu halları RF və AİB-dən gözləyir.

"Tex-"Stepanakert"" qaz kəmərində qazın Azərbaycan ərazilərinə doğru hərəkətini dayandırmağın, Azərbaycanla danışıqlara başlamağın vaxtıdır. Hər-halda Aralıq Memorandum əldə etmək olar.

AİB-in Mehri dəmiryolunun Ermənistan ərazisindən keçən hissəsini hüquqi anlamda Azərbaycan Respublikasının mülkiyyəti kimi tanınması haqda danışıqların da başlanması yalnız fayda verə bilər. "Tex-"Stepanakert"" qaz-boru kəmərinin və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus hərbi texnikanın hüquqi statusları müəyyənləşməlidir.

Avrasiya İqtisadi Birliyi Azərbaycanla münasibətlərinin gərginləşməsinə imkan verməməli, onu qorumalıdır".

Milli.Az