İlin ən yaxşı idmançıları seçildilər - FOTOSESSİYA

15 Dekabr 2014 11:10

Britaniyanın BBC teleradiokorporasiyası 2014-cü ilin nəticələrinə görə "İlin adamları"nı seçib.
 

Beynəlxalq "Formula-1" avtoçempionatının builki qalibi, "Mercedes" komandasının pilotu Lüis Hemilton "İlin idman siması" seçilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səslərin 34 faizini toplamış Lüis Hemilton qolfçu Rori Makilroy və yüngül atlet Clann Peyvini geridə qoyub.

Mükafat təqdim olunarkən səhnəyə çıxan, "Qaradərili ildırım" ləqəbi ilə tanınan Lüis Hemilton deyib: "Nə deyəcəyimi bilmirəm. Belə istedadlı, böyük idmançılar arasında olmaq mənimçün şərəfdir. Həqiqətən də, gözləmirdim. Ailəm və komandam olmadan uğur qazanmazdım. Bütün azarkeşlərə minnətdarlıq edirəm. Həmişə söyləmişəm ki, birlikdə udur, birlikdə uduzuruq".
 

BBC teleradioşirkətinin "İlin idman simaları" mükafatlarının təqdimat mərasimində "İlin komandası" nominasiyasında İngiltərənin qadınlardan ibarət reqbi yığması qalib gəlib. "İlin məşqiçisi" adına Pol MakQinli, "Dünya miqyasında ilin idman siması" tituluna Madrid "Real"ının portuqaliyalı ulduzu Kriştianu Ronaldu, "İlin gənc idman siması" adına 17 yaşlı gimnast Klaudiya Fraqepan, "İlin əlil idmançısı" - Helen Rollason, "İdmandakı nailiyyət və xidmətlərinə görə" - 6 dəfə Olimpiya və 11 dəfə dünya çempionu olmuş ser Kris Hoy, "İdman qəhrəmanı" adına isə 77 yaşlı Cill Staydever layiq bilinib.
 

Lüis Hemiltonun mükafat almasından sonra sosial şəbəkələrdə o, tənqidlərə məruz qalıb.
 

Səbəb isə Hemiltonun Britaniya vətəndaşı olmasına rəğmən, Monakoda yaşaması və bu minvalla böyük həcmli vergilərdən yayınmağa çalışmasıdır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.