Düşmənimiz özünü yox edə bilər

15 Dekabr 2014 10:18

Ermənistan rəhbərliyi ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) qatılmasından sonra iqtisadi inkişafın sürətlənəcəyini, Rusiyaya mal və məhsulların ixracatının artacağını, Rusiyadan isə malların və xüsusilə də enerjidaşıyıcılarının daha ucuz qiymətə alınacağını deyirdi.
 

Prezident Serj Sarkisyan belə vədlər verir, Yerevandakı hakimiyyətin təbliğat maşını Moskvadan alınan göstərişlər əsasında hərəkət edən rejimin müti davranışının, əslində, "müstəqil qərar qəbulu, könüllü qatılma" olduğunu kütləyə anlatmağa çalışırdı.
 

Həftələrlə davam edən ideoloji reklamlar, deyəsən, heç bir nəticə verməyib.
 

Yerevanın qaranı ağ kimi göstərmək cəhdlərini Moskva alt-üst edib.
 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov üstüörtülü şəkildə bəyan edib ki, Avrasiya İqtisadi Birliyinə qatılmış ölkələrdə Rusiyanın Qərbə qarşı tətbiq etdiyi anti-sanksiyalara gələcəkdə qatıla bilərlər.
 

Diplomatik eyhamları bir kənara qoysaq, rəsmi Moskva tələbini səsləndirib və Belarus, Qazaxıstan və Ermənistandan "Qərbə qarşı əks-hücum"a qatılmağı tələb edib.

Xahiş və ya təvəqqe yox, məhz tələbdir bu.
 

Ukrayna məsələsində Rusiyanın yürütdüyü siyasəti yolverilməz sayan Qərb iqtisadi və maliyyə sankisiyalarını tətbiq edib. Rusiya da Qərbə və xüsusilə də Avropa Birliyinə qarşı sanksiyaları reallaşdırıb, habelə ABŞ ilə Kanadadan bir çox məhsulların idxalını yasaqlayıb.

Sonucda zərər çəkən Moskvadır. Rusiyada sürətli bahalaşma və qıtlıq yaşanır.
 

Bütün bunlar hələlik Rusiyanın problemləridir: nədən ki, Moskva üzləşdiyi müşkülləri postsovet məkanında yaratdığı psevdostruktura qatılmış ölkələrə də "hədiyyə" etmək niyyətindədir.
 

Çox maraqlı situasiya alınıb.
 

Rusiya indi Belarusla Qazaxıstanı, müttəfiq adlandırdığı ölkələri də suçlamağa başlayıb. Moskvadakı rejim mənsublarının dediklərinə görə, Rusiyanın Avropa Birliyindən idxalını yasaqladığı mal və məhsullar Belarusla Qazaxıstana daşınır, oradan da sərhəddən keçirilərək ölkə bazarlarına çıxarılır.
 

Yəni Rusiyanın hakimiyyət dairələri Minsk və Astananı "yasaq mallar üçün tranzit ərazi"yə çevrilməkdə suçlayır.
 

Moskva anti-sanksiyalar çərçivəsində qadağan etdiyi mal və məhsulların Rusiya ərazisinə keçirilməsinin qarşını almaqda qərarlı olduğunu vurğulayır.
 

Amma Rusiya çətin vəziyyətə düşüb.
 

Belarusla Qazaxıstan ərazisindən sərhədi keçərək Rusiyaya "yasaq mallar"ı daşıyanların ticarətini dayandırmaq üçün Rusiya bu ölkələrlə sərhədi bağlamalıdır.
 

Amma bu, əsl absurd olardı: Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı üzv ölkələr arasında daşımaların asanlaşdırılmasını, sərhədlərin "şəffaf"lığını ehtiva edirsə, yasaqların reallaşması mümkün deyil.
 

Postsovet məkanındakı müttəfiqlərini ətrafına toplamağa və öz tərəfinə çəkməyə çalışan Rusiya Qərbə qarşı apardığı siyasətdən dolayı gülünc vəziyyətə düşüb.
 

Çünki Belarus və Qazaxıstanla sərhədlərdə məhdudiyyətləri tətbiq edərsə, Rusiya belə sanksiyalarla Qərbə yox, "strateji müttəfiq" adlandırdığı Minsk və Astanaya zərər verəcək, üstəlik daxili bazarlarında bahalaşmanı sürətləndirəcək, qıtlığı artıracaq.
 

Sərhədlərə nəzarət güclənməyəcəyi təqdirdə isə Rusiya və Qərb arasındakı sanksiyalar savaşından Belarusla Qazaxıstan qazanacaq.
 

Moskva çıxış yolunu Qərbə ünvanlanmış sanksiyalarına Avrasiya İqtisadi Birliyinə üzv ölkələri də qatmaqda görür.
 

Lakin Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev Moskvanın təzyiqlərinə boyun əyməyəcək potensiala, güc və qüvvəyə malikdirsə, Ermənistan prezidenti Serj Sarkisyan barədə bu sözləri demək mümkün deyil.
 

Sarkisyan 2008-ci ilin martında hakimiyyətə Rusiyanın marionetkası kimi gəlib, indi də həmin funksiyaları yerinə yetirən siyasi kukladır.
 

Belaruslarla qazaxıstanlılardan fərqli olaraq ermənilər üçün Avrasiya İqtisadi Birliyinə qatılmaq əsl fəlakətdi.
 

Üstəlik, Ermənistan Rusiyanın Qərbə qarşı tətbiq etdiyi anti-sanksiyalara da qoşularsa, bərbad vəziyyətdəki iqtisadiyyatını, ümumiyyətlə, məhv edə bilər.
 

Bundan başqa, Serj Sarkisyanın prezident seçilməsinə uzun müddətdən sonra göz yuman və sərt təzyiqlərə əl atmayan, sonra da "Serjik"in ikinci dəfə "seçilməsi"ni qəbul edən Qərb ermənilərin Rusiyaya qoşularaq "meydan oxumaları"nı bağışlayası deyil.
 

Qərblə fəal əməkdaşlıq adı ilə vədlər verən, əslindəsə Rusiyanın göstərişlərini yerinə yetirən və Cənubi Qaqfazda Moskvanın forpostu, yeganə müttəfiqi olan Ermənistan rəhbərliyinin yürtdüyü siyasətə ABŞ ilə Avropa Birliyi indiyədək qismən göz yumurdusa, Serj Sarkisyanın Moskvadan aldığı əmrlərlə anti-sanksiyalara qatılması artıq çox ciddi məsələ qismində qəbul olunacaq.
 

Ermənilər Rusiya və İranla sıx təmasları, işbirliyini və əməkdaşlığını "situasiya qarşısında məcburiyyət" kimi izah etməyə çalışdıqlarından Qərb Yerevandakı rejimi devirmirdi.
 

Amma Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində Rusiyanın "anti-Qərb" koalisiyasının üzvü olarsa, bu qərarı Qərb ermənilərin rəhbərliyinin siyasi idiotizmi sayacaq. Özü də çox-çox təhlükəli idiotizm.
 

Belə idiotik siyasət yürüdən ölkələrin sonunun necə olduğu bəlli.

Elçin Alıoğlu

Milli.Az