Matçda lazer davası
29 Dekabr 2010 22:39
Futbol meydanlarında azarkeşlərin oyunun gedişinə lazer şüaları ilə müdaxilə etmələri nadir hadisə deyil.
Milli.Az xəbər portalı "Asia Online"a istinadən bildirir ki, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində yerli yığma ilə İndoneziya millisi arasındakı matçda da belə hadisə baş verib. Tribunadakı azarkeşlərdən birinin meydandakı oyunçulara lazer şüası tuşlaması nəticəsində matç yarımçıq saxlanılıb.
İndoneziya yığmasının qapıçısı baş hakimin yanına qaçaraq bildirib ki, tribunadan onun gözlərinə lazer şüası tuşlandığından konsentrasiyası pozulub və oynaya bilmir.
Qolkiperin açıqlaması malayziyalıların etirazlarına səbəb olub, futbolçular arasında qovğa başlanıb.
Baş hakimin azarkeşlərə xəbərdarlığından sonra oyun bərpa edilib.
Qarşılaşma malayziyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Elton Ağalarov
Milli.Az