Qırıcı sərnişin təyyarəsinə dəhşət yaşatdı
14 Dekabr 2014 10:15
Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus hərbi təyyarə İsveç yaxınlığındakı hava məkanında sərnişin avialaynerinə təhlükəli dərəcədə yaxınlaşıb.
Virtualaz.org saytı xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla İsveçin müdafiə naziri Peter Hultkvist çıxış edib.
Nazir "Sveriges Radio"ya açıqlamasında deyib ki, rus qırıcısının İsveçin sərnişin təyyarəsinə təhlükəli həddə qədər yaxınlaşması nəticəsində faciənin baş verməsinə çox az qalıb. Təyyarələr toqquşa bilərmiş.
Peter Hultkvist əlavə edib ki, insident beynəlxalq hava məkanında baş verib. Rus hərbi təyyarəsinin qarşısını almaq üçün İsveç qırıcıları havaya qaldırılıb.
Digər mənbələr insidentin İsveçin cənub sərhədləri yaxınlığında baş verdiyini təsbit ediblər. İlkin ehtimala görə, buna səbəb rusların təyyarəsinin radiolokasiya sisteminin (tanıma sisteminin) işləməməsi olub.
İsveç Müdafiə Nazirliyinin nümayəndəsi oxşar insidentin bu il martın 3-də Malmö şəhəri yaxınlığında da qeydə alındığını xatırladır. Bildirilir ki, o zaman da rus qırıcısı az qala İsveçin "SAS" aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsi ilə toqquşacaqmış. Həmin vaxt sərnişin təyyarəsinin göyərtəsində 132 sərnişin olub.
Milli.Az