Azərbaycana qar yağacaq

13 Dekabr 2014 13:12

Bazar günü Azərbaycanda havanın yağmurlu keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində də dekabrın 14-də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şimal küləyi gecə saatlarında arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.

Milli.Az