Rusiya prezidenti Vladimir Putinin bu gün keçirdiyi mətbuat konfransında kuryoz baş verib.
Milli.Az bildirir ki, Rusiyanın Vyatka vilayətinin sakini, "Reportyor" qəzetinin jurnalisti Vladimir Mamatov səhvən dövlət başçısına "türkiyəli jurnalist" kimi təqdim olunub.
V.Mamatov ayağa duraraq Putinə sualını ünvanlayıb və Vyatkada istehsal edilən sərinləşdirici içkilərin iri ticarət şəbəkələrinə buraxılmamasından şikayətlənib.
"O içkilərdən birini sizə hədiyyə etmək istəyirdim. Lakin mühafizə şüşəni zala keçirməyə imkan vermədi. Şüşəni əlimdən aldılar. Bizim kvas Coca-Cola-dan geri qalmır", - ayaq üstə güclə duran V.Mamatov deyib.
V.Putin zaldakı gülüşmələrə rəğmən, sualı cavablayıb: "Coca-Cola-nın nə qədər zərərli olduğunu bilmirəm. Amma kvas kimi milli içkilərimiz var. Sözsüz ki, belə sərinləşdirici içkilər daha çox satılmalıdır".
Sosial şəbəkələrdə "sərxoş jurnalist" kimi təqdim olunan V.Mamatovun əslində içkili olmadığı aşkarlanıb.
"Reportyor"un direktoru İrina Aleksandrovanın dediyinə görə, Vladimir Mamatov iki dəfə insult keçirib, habelə kəllə-beyin travması alıb. Bu səbəbdən onun danışığı ləng, qüsurludur.
Milli.Az