Türkiyə-Rusiya münasibətləri: mürəkkəb şəraitdə "at gedişi"
12 Dekabr 2014 19:16
Rusiya prezidentinin Ankaraya son səfəri bir çox aspektlərdə mütəxəssislərin marağına səbəb olub. Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə Avrasiya məkanının iki böyük dövləti arasında əlaqələrin hansı məzmun alacağı əhəmiyyət kəsb edir. V.Putin irəli sürdüyü təklifləri ilə bir çox suallar yaratdı. Bütövlükdə tərəflər regional və qlobal geosiyasət üçün əhəmiyyətli razılaşmalara nail oldular. Bunlar Qərbdə ciddi marağa səbəb oldu. Proseslərin bu cür inkişaf edəcəyi halda böyük bir məkanda hansı mənzərənin yaranacağı, o cümlədən iki ölkə arasındakı münasibətlərin Cənub Qafqaz regionuna nə kimi təsir göstərəcəyi məsələsi aktuallıq kəsb edir.
"Cənub axını"ndan imtina: meydana çıxan suallar
Rusiya prezidentinin Ankaraya səfərinə siyasi dairələr və KİV böyük maraq göstərdi. Avrasiya məkanında iki böyük dövlət arasındakı münasibətlərə regional və qlobal geosiyasi dinamika kontekstində qiymət verilir. Burada son zamanlar Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar aspektində Türkiyə rəhbərliyinin Rusiya ilə münasibətləri necə inkişaf etdirəcəyi məsələsi də aktuallıq kəsb edirdi. Bunlardan başqa, rəsmi görüşlərdə Cənub Qafqaz faktorunun da nəzərə alınması gözlənilirdi.
Səfər təsdiq etdi ki, Türkiyə-Rusiya münasibətlərinin özünəməxsus dinamikası var. Ankara ilə Moskva yüksək səviyyəli strateji əməkdaşlığa belə hazırdırlar. Lakin tərəflər arasında fikir ayrılığının mövcudluğu bu gün üçün birmənalı proqnoz verməkdə çətinlik yaradır. Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) eksperti bu bağlılıqda vurğulayır ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yeni imkanlar yaratması ilə yanaşı, "anlaşılmazlıqların mövcudluğunu da təsdiqlədi" (bax: Habibe Özdal. ÜDİK Toplantısı Işığında Türk-Rus İlişkilerinin Bugünü / USAK, 1 dekabr 2014).
Bir sıra ekspertlər iki ölkə arasında əlaqələrin dərinləşməsində hətta risklərin də olduğunu vurğulayırlar. Həmin aspektdə Ukrayna böhranı fonunda enerji sahəsində əməkdaşlığın özlüyündə ciddi problemlərinin meydana gələ biləcəyi önə çəkilir (bax: məs., Kerim Has. Putin'in Ankara Ziyareti: İlişkilerde Yeni Fırsatlar ve Riskler / USAK, 29 noyabr 2014). Bu sırada Suriya məsələsi ayrıca vurğulanır. Bunlara baxmayaraq, V.Putin Türkiyə rəhbərliyi ilə bir çox məsələlərdə ümumi razılığa gələ bildi.
İlk növbədə tərəflər arasında enerji sahəsində əməkdaşlıqla bağlı maraqlı nəticələr əldə edilib. "Rosatom" korporasiyası Türkiyədə atom elektrik stansiyası ("Akkuyu") inşa etməlidir. Bunun üçün 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılacaq. Moskva "Cənub axını"ndan imtina etməklə Türkiyənin enerji üzrə tranzit ölkə statusunu daha da yüksəltmiş olur. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 35 milyard ABŞ dolları təşkil edir. 2020-ci ilə bu rəqəmi 100 milyarda çatdırmaq planlaşdırılır. Bunlardan əlavə, Türkiyənin Rusiyaya sərmayə qoyuluşunu artırmaqla bağlı razılıq əldə olunub. Həmin istiqamətdə qarşılıqlı addımların atılması barədə ortaq fikrə gəlinib (bax: Виктор Хамраев. Турция и Россия нашли общий язык / "Коммерсантъ", 2 dekabr 2014).
Qərb KİV-i daha çox Moskvanın "Cənub axını"ndan imtina etməsinin səbəblərinə diqqət yetirib. Ekspertlər əsas məqsədin Türkiyə vasitəsi ilə müxtəlif istiqamətlərdə enerjini nəql etməyə nail olmaqdan ibarət olduğunu vurğulayırlar. Eyni zamanda, Kremlin inkişafda olan Türkiyə iqtisadiyyatının artan tələbatlarını ödəmək üçün fəallaşdığı qeyd edilir. "The Wall Street Journal" yazır ki, "Avropa İttifaqının müqavimətinə baxmayaraq, Putin Türkiyəyə qaz kəməri çəkəcək" (bax: Emre Peker, Ayla Albayrak, James Marson. Putin Says Moscow to Drop Gas Pipeline to Europe / "The Wall Street Journal", 1 dekabr 2014).
Polşalı təhlilçi D.Varşavski isə "Rusiya niyə rəqib bir ölkəyə güzəştə gedir?" sualını qoyur. O, cavabında hər iki ölkənin düşdüyü geosiyasi vəziyyətin oxşarlığı ilə yanaşı, dövlət başçılarının xarakterlərindəki bənzərliyə də işarə edir (bax: Давид Варшавский. Российская труба поворачивает в Турцию / ИноСМИ.ru, 4 dekabr 2014).
Geosiyasi aspekt: mürəkkəb şəraitdə "at gedişi"
Qərbin bu cür reaksiyasına təəccüblənməmək olar. Çünki Moskvaya qarşı sanksiyaların tətbiq edildiyi, Ukrayna və Yaxın Şərqdə böhranların dərinləşdiyi bir vaxtda Rusiyanın özünə böyük dövlətlər sırasından tərəfdaşlar tapması Vaşinqton və Brüsselin müəyyən planlarına uyğun gəlmir. Kreml həm də Uzaq Şərq istiqamətində fəaliyyətini gücləndirib. Əgər Türkiyəyə öz enerji daşıyıcılarını sata bilsə, xeyli dərəcədə səmərə əldə etmiş olar.
Məsələnin geosiyasi aspekti ayrıca maraq doğurur. Mütəxəssislər hesab edirlər ki, Moskva-Ankara yaxınlaşması Rusiya-Türkiyə-Azərbaycan geosiyasi üçbucağının yaranmasına gətirib çıxara bilər. Bu isə Cənub Qafqazda ciddi dəyişikliklərə səbəb olar. O cümlədən Ermənistanın geosiyasi vəziyyətində bir sıra məqamlar özünü göstərər. Erməni ekspertlər isə bunu "Putinin ilk məğlubiyyəti" kimi xarakterizə edirlər. Onlar Rusiya prezidentinin qaz məsələsində Ankaraya güzəştə getməsini Qərbin sanksiyaları qarşısında Putinin geri çəkilməsi kimi səciyyələndirirlər (bax: Наира Айрумян. Первая капитуляция Путина / Lragir.am, 2 dekabr 2014).
V.Putinin Ankara səfərinin bu aspektdə qiymətləndirilməsini normal hesab etmək lazımdır. Hər şeydən əvvəl, bütövlükdə qlobal geosiyasət çox həssas mərhələdədir. Əlavə olaraq, Avrasiya məkanında geosiyasi proseslər getdikcə intensivləşir. Bu kontekstdə Rusiya-Türkiyə münasibətlərinin məzmunu xüsusi əhəmiyyət kəsb edir. Ankaranın da Moskva ilə əlaqələri inkişaf etdirməsi üçün öz arqumentləri var. Belə ki, təcrübə göstərdi ki, Qərb bir sıra məqamlarda Türkiyənin maraqlarına zidd olan addımlar atır. Geosiyasi və iqtisadi sahələrdə Brüssel və Vaşinqton sırf öz maraqlarından çıxış edirlər. Türkiyənin təhlükəsizliyinin təmini faktoru arxa plana atılır.
Bütün bunlara görə Türkiyə rəhbərliyinin müstəqil olaraq böyük dövlətlərlə əməkdaşlığı genişləndirmək üçün əsası vardır. V.Putinin enerji sahəsində irəli sürdüyü təkliflər isə Ankaranın maraqlarına cavab verir. Bu kontekstdə tərəflərin Krım tatarları, Ukrayna və Suriya məsələlərində ehtiyatlı fikir söyləmələri tam başadüşüləndir. Onlar həmin problemləri aradan qaldırmaq üçün təmasları davam etdirmək, fikir ayrılıqlarını dərinləşdirmək yox, imkan yarandıqda ortaq mövqeyə gəlmək niyyətindədirlər. Bu məqam rus-türk münasibətlərində bir yenilik hesab oluna bilər.
Mümkündür ki, iki ölkə arasındakı əlaqələrin məhz bu ruhu bir sıra dairələri narahat edir. Onlar geosiyasi planda tarixi Rusiya-Türkiyə tərəfdaşlığının meydana gəlməsindən ehtiyatlanırlar (bax: Fiona Hill & Ömer Taşpınar. Turkey and Russia: Axis of the Excluded? / The Brookings Institution, Survival, Vol. 48, №1, Spring 2006, pp. 81-92). Hər bir halda Moskva-Ankara münasibətlərinə müsbət çalarların əlavə olunduğunu söyləmək olar. Bu prosesin daha da dərinləşməsi isə çoxlu sayda faktorlardan asılı ola bilər (bax: Ece Göksedef. Putin Türkiye'de 'yeni ufuklar' arıyor / Al Jazeera Türk, 1 dekabr 2014).
Yuxarıda deyilənlər göstərir ki, Rusiya prezidentinin Türkiyə səfərinin yalnız taktiki deyil, həm də strateji əhəmiyyəti vardır. İki ölkə uzunmüddətli əməkdaşlıq modeli üzərində işləyirlər. Moskvanın Türkiyədən keçən və Yunanıstan sərhədinə qədər uzanan qaz boru xətti çəkmək planı, əlavə olaraq, orada ehtiyat anbarı quraşdırmaq niyyəti həmin kontekstdə bir çox məqamlardan xəbər verir. Doğrudur, bəzi ekspertlər "Rusiyanın enerjidən başqa təklif etməyə sərvəti yoxdur" tezisini irəli sürürlər (bax: məs., Турецкий гамбит Путина / ИноСМИ.ru, 3 dekabr 2014). Lakin əgər həqiqətən Kreml üçün ən qiymətli sərvət enerjidirsə, onda onun Türkiyəyə təklif edilməsi xüsusi geosiyasi və iqtisadi məna daşımış olur.
Ancaq bunlar hələlik Rusiya-Türkiyə münasibətlərinin Avrasiya məkanında həlledici geosiyasi faktor olacağı anlamına gəlmir. Bu ssenarinin reallaşması mümkündür. Lakin reallıq bundadır ki, müasir mərhələdə meydana gözlənilmədən çoxlu sayda faktorlar çıxır. Bu baxımdan Ankara-Moskva xəttində hadisələrin sürətlə inkişaf edəcəyini proqnozlaşdırmaq riskli olardı. Bunlarla yanaşı, iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün tarixi imkanın yarandığını da etiraf etmək gərəkdir. Bu potensialdan necə istifadə ediləcəyi isə ayrı bir mövzudur. Eyni zamanda, Rusiya ilə Türkiyə arasındakı əlaqələrdən region dövlətlərinin də faydalana biləcəyini istisna etmək olmaz. Burada real vəziyyət mürəkkəb olsa da, ümumən Cənub Qafqaz üçün səmərəli proseslər start götürə bilər.
Newstimes.az