eBay 3 min əməkdaşını işsiz qoyacaq

13 Dekabr 2014 22:48
ABŞ-ın eBay internet mağazası gələn ilin əvvəlində PayPal ödəniş sisteminin ayrıca hüquqi şəxsə ayrılması çərçivəsində bir neçə min iş yerini ixtisar etməyi planlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ixtisarların şirkətin əsas bölməsinin - ticarət bölməsinin əməkdaşlarına şamil ediləcəyi bildirilir. Qeyd olunur ki, şirkət 3 min əməkdaşı və ya eBay işçi heyətinin 10 faizini işdən çıxarmağı düşünür.

Yenidən təşkil olunacaq eBay şirkətinə eBay Marketpalce onlayn çatdırılma bölməsinin prezidenti Devin Ueniq, PayPal ödəniş sisteminə American Express şirkətinin top-meneceri Den Şulman başçılıq edəcək. Direktorlar Şurası üzvlərinin fikrincə, eBayın bölünməsi şirkətlərə diqqəti öz bizneslərinə yönəltməyə və qərarlar qəbul edilən zaman daha çevik olmağa imkan verəcək.

Şirkətin məlumatına görə, son 12 ayda eBayın mədaxili 9,9 milyard dollar, PayPalın 7,2 milyard dollar təşkil edib.

Bir müddət əvvəl eBayın bölünməsini şirkətin səhmdarı Karl Aykan təkid edib. O, 2014-cü ilin sonunda eBayın bölünməsini təklif edərək PayPal ödəniş sisteminin ayrıca struktur kimi fəaliyyət göstərməsini istəyib. Lakin Direktorlar Şurasının sədri Pyer Omidyar bu təklifin əleyhinə çıxıb. 2014-cü ilin aprelində K.Aykan təklifini geri götürüb.

Qeyd edək ki, eBay internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. eBayda brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər eBayda nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca brands.ebay.com bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.

Şirkət həmçinin PayPal və Ebay Enterprise şirkətlərinin sahibidir. Direktorlar Şurasının qərarına görə, 2015-ci ildə eBay PayPal sistemini ayrıca şirkətə ayıracaq. Sazişin maliyyə məsləhətçisi qismində Goldman Sachs, Allen & Company çıxış edir.

Milli.Az