Sənədsiz evlərin sənədləşdirilməsi: vətəndaş nə etməli?

11 Dekabr 2014 17:00

Sakinlər özlərinə təsəlli verirlər ki, axır-əvvəl sənədləşmə olacaq

İçi biz qarışıq qonşuların əli ürəyinin üstündə durmur ki, evlərimizi sökəcəklər. Sabunçu rayonu Şəhər şossesində xeyli ev sökülüb, deyilənə görə, hər kvadrata 1020 manat verilib. Təbii ki, bu, xeyli vəsait deməkdir. Amma bizi narahat edən məqam evlərimizin sənədsiz olmasıdır. Yaşadığımız qəsəbədə bütün kommunal xətlər var, müxtəlif dövlət qurumları burada öz öhdəliklərini yerinə yetirirlər, yol çəkilib, Heydər Əliyev Fondunun yardımı ilə məktəb tikilib, bütün sakinlər normal qaydada kommunal xidmət haqlarını ödəyirlər, işıq, qaz, su ilə bağlı problemlərimiz olanda aidiyyatı üzrə dövlət qurumlarına müraciət edirik gəlib maraqlanırlar. Yeganə problemimiz evlərimizin sənədsiz olmasıdır. Söhbət düşəndə sakinlər özləri özlərinə təsəlli verirlər ki, böyük bir qəsəbəni söküb, insanları evsiz qoymazlar, axır-əvvəl sənədləşmə olacaq.

Gəzən bir sıra söz-söhbətə görə isə sənədsiz evlərin söküntüsü zamanı ödəniş olub-olmaması məsələləri ortaya çıxır, kimlərsə ortada dəllallıq edərək insanları aldatmağa çalışır, bu istiqamətdə problemlər yaranır. Elə şəhər şossesinin genişləndirilməsi zamanı yol kənarındakı evlərin söküntüsü prosesində bu cür hallar yaşanıb. Lakin sakinlərin özlərinin məlumatlılığı prosesin sonda müsbət nəticələnməsinə səbəb olub.

Qeyd edək ki, hazırda təxminən 600 minə yaxın sənədsiz evin olduğu bildirilir. Bunların 90 faizindən çoxunda məskunlaşma var. Yuxarıda qeyd edilən ünvanda isə təxminən 500 mənzil mövcuddur. Bu cür sökülmə perspektivi olan sənədsiz evlərin çoxluq təşkil etdiyi ərazilərin Bakının bir neçə yerində olduğunu nəzərə alsaq, "evlərin sənədləşməsi niyə gecikir" sualının çox adam üçün aktual olduğunu deyə bilərik.

Bir neçə il əvvəl ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi. Daha sonra - 2012-ci ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı. Lakin indiyə qədər sənədsiz evlərin məsələsi həll olunmayıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətində xüsusi komissiya yaradılıb: "Bütün sənədlər artıq komissiyaya daxil olub". Deputat hər şey hazır olsa da, gecikmənin səbəbinin anlaşılmaz olduğunu bildirib: "Məndə olan məlumata görə, sənədlər artıq hazırdır. Sadəcə, sənədləşdirilməyə qərar vermək lazımdır. Amma bunu niyə gecikdirirlər, bilmirəm. Hazırda məsələ onların ixtiyarındadır.

Bu evlər mütləq sənədləşdirilməlidir. Çünki Bakıda həddindən çox söküntü işləri gedir. İnsanlara müxtəlif səbəblərdən qeydiyyat mütləq lazımdır. Qeydiyyatsız evlərin sənədləri tezliklə həll olunmalıdır. Əgər prezident İlham Əliyevin xüsusi göstərişi varsa, məsələni yubatmaq olmaz".

Prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilmiş evlərlə bağlı araşdırma aparılıb, ilkin və siyahıya salınma işləri də görülüb. Amma hazırda sözügedən məsələ ölü nöqtədədir.

Bu problemin həll olunması və paytaxtında qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti belə tikililərin siyahıya alınması prosesini başa çatdırıb. 4 kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qurumlarla birgə 1900-1950-ci ilədək, 1975-ci ilədək, 1990-2000-ci ilədək və 2012-ci ilədək tikilən sənədsiz tikililərin siyahısını tərtib edib.

Milli Məclisin regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev isə bildirir ki, sənədsiz tikililərin sənədləşdirilməsi olduqca mürəkkəb və həssas prosesdir. Onun sözlərinə görə, istənilən halda yaşamaq üçün özünə mülk əldə etmiş vətəndaşlar incidilməməlidir. Amma vətəndaşlar da mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər: "Onlar mülkiyyətlərinin qanuni sahibi olmalıdırlar. Buna görə də strateji ərazilərdə yerləşən tikililərlə bağlı araşdırma aparan xüsusi Dövlət Komissiyasının yaradılması böyük əhəmiyyət daşıyır. Bu, bir daha sübut edir ki, dövlət mövcud problemin həll olunmasında maraqlıdır".

Millət vəkili mövcud problemin həlli yollarına toxunaraq sənədsiz evlərin əksəriyyətinin sökülməyəcəyini də bildirir. Onun fikrincə, hökumət bu məsələdə vətəndaşlara güzəştə gedəcək: "Güman edirik ki, qanunsuz evlərin əksəriyyəti sökülməyəcək. Çünki onların bir çoxunun sənədləri var. Hətta neft mədənlərinin ərazisində tikilmiş bəzi evlərə Dövlət Neft Şirkətinin rəhbərliyindən icazə alan insanlar da var. Onların sənədlərində göstərilib ki, həmin ərazilərdə ev tikmək mümkündür. Lakin sonradan müəyyən olunub ki, bu torpaqlarda ev tikmək insanların həyatı üçün təhlükəlidir. Bütün bu faktların dəqiqləşdirilməsi, təhlillərin aparılması və problemin mümkün qədər ziyansız həlli lazımdır".

Kaspi.az