XİN rəhbərlərinin Qars toplantısı - Yerevan xəyalların ardınca qaçır

10 Dekabr 2014 21:29
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Qarsda keçirilən sayca dördündü toplantısı başa çatdı. Toplantı zamanı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, bölgədə sabitliyə mane olan amillər və problemlərin həlli yolları da müzakirə edildi.

Toplantıdan sonra açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini açıqladı.

M.Çavuşoğlu Ermənistanı öz qonşularının ərazi bütövlüyünə hörmət etməyə çağırdı: "Ermənistanı qonşularının ərazi bütövlüyünə hörmət etməyə və bununla da aramızda yeralmağa çağırırıq. Belə olacağı təqdirdə, natamam halqa da tamamlanacaq".

Nazirin bu bəyanatı əslində sağlam məntiqdən uzaq olan Ermənistan rəhbərliyi üçün bir fürsət ola bilər.

Dolayısilə Türkiyənin XİN rəhbəri Ermənistan rəhbərliyinə bölgədə yürütdüyü işğalçı siyasətə son qoyaraq, Azərbaycan torpaqlarını işğaldan azad etməyi və bununla da iqtisadi məngənədə sıxılan ermənilərə "gün ağlamağı" tövsiyə edib.

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyənin coğrafi mövqelərini nəzərə alaraq, tərəflərin həyata keçirdiyi ortaq enerji layihələrinin dünya əhəmiyyətli olduğunu söyləmək olar.

Həyata keçirilən layihələrə Ermənistanın sadəcə baxmaqla kifayətlənməsinin əsas səbəbi məhz Yerevanın işğalçı siyasətidir.

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi Transanadolu (TANAP) qaz kəməri, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu dəhlizi, Bakı-Tbilisi-Ceyhan boru kəməri dünyanın enerji siyasətini dəyişdirən layihələrdir.

Ermənistan isə bu layihələrdən çox uzaqdır. Dolayısilə Azərbaycan, Gürcüstan və Türkiyə real layihələrin ardınca getdiyi bir vaxtda Ermənistan qondarma "soyqırım"ı, Türkiyə torpaqlarını öz ərazilərinə birləşdirməyi və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin dünya ölkələri tərəfindən müstəqil dövlət kimi tanınmasını xəyal edir.

Rufiz Hafizoğlu,
Trend - Ərəb xəbərlər xidmətinin rəhbəri