"Nobel"i niyə ala bilmirik?
10 Dekabr 2014 13:39
Bu gün Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçiriləcək.
Bu mərasim Alfred Nobelin (1896-cı ildə) vəfat etməsi münasibətilə məhz bu gün baş tutur.
İsveç kralı ХVI Qustav Stokholm şəhərinin Filarmoniyasında 11 namizədə diplom və qızıl medal verəcək.
Belə bir gündə aznews.az-ın əməkdaşı Nobel mükafatının Azərbaycana niyə qismət olmaması barədə yazıçıların fikirlərini öyrənməyə çalışıb. Az qala bir qərinə Yazıçılar Birliyinə rəhbərlik edən Anar Rzayev məsələ barədə nəinki danışmaq, hətta bu problemi düşünmək belə istəmir:
"Mən Nobel mükafatı barəsində danışmaq istəmirəm. Bu mükafatla bağlı 1000 dəfə açıqlama vermişəm, 1001-ci dəfə cavablamaq fikrində və marağında deyiləm".
Yazıçı Seyran Səxavətin fikrincə, Nobel mükafatı siyasiləşib və Azərbaycanda bu mükafata kimsənin layiq bilinməməsi təkcə yazıçıların problemi deyil:
"Nobel mükafatı almaq yaxşıdır, hər halda böyük şərəfdir. Almamaq isə pis deyil. Xüsusilə 30 il bundan əvvəl almaq şərəf sayılırdı. Amma bu mükafatı indi almamaq heç də şərəfsizlik sayılmamalıdır. Azərbaycanın nəhəng, dünya ədəbiyyatına meydan oxuya bilən bir ədəbiyyatı var. Nobel mükafatı son illərdə xeyli siyasiləşib. Artıq "Nobel rabitəsi" adlı siyasi bir mərkəzə çevrilib. 20 Yanvar qətliamı, Alma-Ata qırğını, Tiflis olayı məsələsində əlləri dirsəyinə kimi bu xalqın qanına bulaşan Qorbaçov da Nobel mükafatı laureatıdır. Dünyada elə bir mükafat yoxdur ki, o, təmannasız verilsin. Hətta ata, baba uşağına bir konfet də verirsə, orada nəsə təmənna var. Sadəcə bu təmənnaların da özünün sortu var.
Azərbaycan ədəbiyyatında Dədə Qorquddan üzü bəri gələndə Nobel mükafatına layiq yazıçılarımız yetərincədir. Onu elə ölkələrin nümayəndələrinə verirlər ki, onlar artıq dünyada yetərincə tanınsın və söz sahibi olsun. Müstəqil respublikamız da hələ gəncdir. O yerə gəlib çıxmayıb. Nobel mükafatını 50 faiz yazıçıya verirlərsə, 50 faiz də onun ölkəsinə verirlər. Bu mənada götürəndə Nobel mükafatı bizlik deyil. Mükafatı ala bilməməyimizdə qəbahət görmürəm. Mən bütün nobelçiləri oxumuşam. Onların içində alman faşizmini dəstəkləyən yazıçı da var. Səmimiyyətimə inanın, mən bu mükafata həmişə bir cür baxmışam. Bunun iki səbəbi var. Biri odur ki, bilirsən ki, sənə heç bir vaxt o mükafatı verməyəcəklər. Və əlini bütün mükafatlardan üzürsən. İkincisi isə heç bir mükafat gözləmədən başını aşağı salıb yazırsan. Nobel dünən təsis olunub. Buradan belə bir məntiq yaranır: Nobel mükafatı təsis olunana kimi dünyada ədəbiyyat yox idi? Heç bir mükafat ədəbiyyat yaratmır. Bəlkə də əksinə, ədəbiyyat Nobeli yaradır. Ədəbiyyat ona verilən mükafatların hamısından yüksəkdir. Buna görə Nobel üçün işləmək Azərbaycan ədəbiyyatının menyusunda olmamalıdır. Onun dərdini çəkməməliyik".
Milli.Az